Şrift:
Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
17.05.2013 [12:15] - Gündəm, Mədəniyyət
Bildiyimiz kimi, mayın 29-dan iyunun 1-dək Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
Forumda Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç və bu ölkənin Baş nazirinin müavini Milanka Opaçiç də iştirakçılar arasında olacaqlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında reallaşacaq Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.
Forumun proqramına “Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibritləşmə”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?”, “Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru”, “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək”, “Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər”, “Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması”, “XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması”, “Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi”, “Mədəniyyətlərarası dialoq: etiqad və elm”, “XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması”, “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu”, “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” sessiyaları daxildir.
Forum çərçivəsində Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir.
Konfrans çərçivəsində “Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?”, “Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm” sessiyaları olacaqdır.
Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilmişdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed