Şrift:
Azərbaycan legionerlərinin xatirəsi əbədiləşdirilməlidir
18.05.2013 [10:55] - Gündəm, Mədəniyyət
“II Dünya Müharibəsi illərində Azərbaycanın istiqlaliyyəti şüarı ilə silahlı mübarizəyə qalxmış azərbaycanlı legionerlərin xatirəsi əbədiləşdirilməlidir”. Bu təkliflə “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal çıxış edib.
A.Camal bildirib ki, bir sıra tarixi hadisələrə yeni baxışın tətbiq edildiyi çağdaş dövrümüzdə Azərbaycan legionuna da yeni münasibət ortaya qoyulmalıdır:

“Tarixdə baş vermiş və bu gün təzadlı şəkildə qəbul edilən hadisələrə, həmin dövrün və konkret şəraitin şərtlərindən yanaşmaq lazımdır. Bu mənada, Azərbaycan legionerlərinə sahib çıxılmalıdır. Azərbaycan legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginski 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayını çağırmışdı. «Azərbaycan Milli Birlik Məclisi»ni yaratmışdı. Və üçrəngli bayrağımızın fonunda çıxış edirdi. Ona görə də müstəqil Azərbaycanda, istiqlalliyyətin bərpası uğrunda mübarizə aparmış və keşməkeşli, faciəvi şəkildə həyatdan getmiş legioner soydaşlarımız da bir şəkildə anılmalıdır. Onların da xatirəsi əbədiləşdirilməlidir”.

A.Camalın sözlərinə görə buna bənzər nümunələr ölkəmizdə və dünyada mövcuddur: “Məsələn, Bakıda, eyni məkanda həm Qafqaz İslam Ordusununun, həm də 1918-ci ildə Azərbaycana işğalçı kimi gəlmiş ingilis ordusunun anısına abidələr var. Yaxud, Türkiyədə Çanakkala savaşında işğalçı kimi oraya gəlmiş Anzak əsgərlərinin xatirəsinə abidə və heykəllər var . Ona görə də, Azərbaycan legionerlərinin xatirəsinin əbədiləşdirilməsi normal qarşılanmalıdır və onlar da 9 May günü yad edilməlidir müharibə qurbanları olaraq”.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed