Şrift:
İran XİN: İranın nüvə proqramı ilə bağlı mövqeyi seçkilərdən sonra da dəyişməyəcək
21.05.2013 [13:20] - Güney Azərbaycan xəbərləri, Siyasət
“Əgər “altılıq” ölkələri İranla nüvə müzakirələrini ölkəmizdə iyunun 14-də keçiriləcək prezident seçkilərindən sonra təxirə salmaq istəyirsə, bu düşüncə tərzi onların problemidir. Çünki İranın mövqeyi seçkilərdən əvvəl və sonra da dəyişməyəcək”.“Mehr” xəbər agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı Tehranda yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında bildirib.



Onun sözlərinə görə, mayın 15-də Türkiyənin İstanbul şəhərində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçirilib: “Qazaxıstanın Almatı şəhərində keçirilmiş nüvə müzakirələrində İranın “altılıq” ölkələrinə təqdim etdiyi təklifə cavab 40 gün gecikib. Ancaq buna baxmayaraq, İstanbul görüşündən hər iki tərəf də məmnun qalıb. İranla “altılıq” ölkələri arasında müzakirələr davam etdiriləcək”.



Nazir müavini həmçinin mayın 15-də Avstriyanın paytaxtı Vyana şəhərində İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında keçirilmiş onuncu nüvə müzakirələrinə də toxunub: “Bu müzakirələr Nüvə silahlarının istehsal edilməsi və yayılmasının qarşısının alınmasına dair Müqavilənin (NPT) müddəalarına uyğun olaraq gerçəkləşib. İranla AEBA arasındakı müzakirələrdə hələ bir nəticəyə əldə olunmayıb. Ancaq rəsmi Tehran tərəflər arasındakı müzakirələrin hələ iflasa uğramadığını düşünür”.



Eyni zamanda A.Əraqçı mayın 29-da Tehran şəhərində Suriyadakı böhranın aradan qaldırılması məqsədilə beynəlxalq konfrans keçiriləcəyini deyib: “Bu konfrans “Bölgənin sabitliyi üçün siyasi həll” şüarı altında təşkil ediləcək”.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed