Şrift:
Azərbaycanlılar Kanadada İran əleyhinə aksiya keçiriblər
22.05.2013 [11:16] - Güney Azərbaycan xəbərləri, Diaspor
Kanadanın Toronto şəhərində mayın 19-da Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran əleyhinə aksiya keçirilib.

Bu barədə GAİP-in Güney Azərbaycan İnsan Haqları Mərkəzinin sədri, GAİP Araşdırma Mərkəzinin rəhbəri, Torontoda yaşayan soydaşımız Oğuz Türk məlumat verib.

Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd 2006-cı il mayın 22-də Güney Azərbaycanda baş vermiş hadisələrin 7-ci ildönümünü qeyd etmək olub: “Yerli vaxtla saat 17:00-da əllərimizdə bayraqlar və plakatlarla Toronto şəhərinin mərkəzinə toplaşdıq. Aksiyaya əl-Əhvaz ərəbləri də dəstək verdilər. İki saat davam edən piketdə İran əleyhinə Azərbaycan və ingilis dillərində müxtəlif şüarlar səsləndirdik. Xüsusilə “Yaşasın Azərbayan!”, “Yaşasın əl-Əhvaz!”, “Siyasi məhbusları azadlığa buraxın!”, “Ana dilində təhsil haqqımız tanınsın!”, “İran işğalçı rejimi Güney Azərbaycandan çıxsın!”, “Güney Azərbaycana azadlıq!”, “əl-Əhvaza azadlıq!” kimi şüarlar verdik. Mən çıxış edərək bildirdim ki, 2006-cı ilin mayında “İran” adlanan rəsmi qəzetdə azərbaycanlıların hamam böcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. Ancaq İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və digər şəhərlərində aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməkdən belə çəkinmədi. Nəticədə onlarla nümayişçi həlak oldu, minlərlə insan həbs edildi. Bu faktın özü İranın dünyada nə qədər terrorçu dövlət olmasının bir daha sübutudur”.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed