Şrift:
Respublika günü Los Ancelesdə qeyd olunub
27.05.2013 [12:36] - Xəbərlər, Gündəm, Diaspor
Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 95-ci ildönümü və Heydər Əliyevin 90 illiyi münasibətilə Azərbaycanın Los Ancelesdəki baş konsulluğunda ziyafət verilib. Tədbirdə Kaliforniya, Nevada, Nyu Meksiko, Oreqon, Vaşinqton və ABŞ-ın bir sıra digər qərb ştatlarının təmsilçiləri, Los Anceles dairəsinin və meriyasının məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin nümayəndələri, xarici dövlətlərin Los Ancelesdəki baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi və İran icmalarının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 95 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib. Diplomat həmçinin ADR-in əldə etdiyi nailiyyətlərdən, həyata keçirdiyi mütərəqqi islahatlardan, Ə.Topşubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Parisdə ABŞ prezidenti V.Vilson ilə keçirdiyi görüşdən bəhs edib. 1920-ci ildə xarici işğal nəticəsində AXC-nin mövcudluğuna son qoyulmasından sonra növbəti 71 il ərzində Azərbaycan xalqının öz müstəqil dövlətçiliyinin bərpasına inamını əsla itirmədiyini qeyd edən N.Ağayev bu arzuların nəhayət 1991-ci ildə gerçəkləşdiyini söyləyib.

Baş konsul müstəqilliyinin ilk illərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, hətta müstəqilliyinin itirilməsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığını diqqətə çatdırıb. Diplomat belə çətin bir zamanda görkəmli dövlət xadimi və müdrik rəhbər olan Heydər Əliyevin hakimiyyətə gələrək, Azərbaycanı böyük təhlükələrdən xilas etdiyini bildirib. N.Ağayev Heydər Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü islahatlardan, uğurlu daxili və xarici siyasətdən bəhs edərək, məhz bu müdrik siyasətin nəticəsi olaraq Azərbaycanın qısa zamanda regionda öz mövqelərini gücləndirdiyini və sürətli inkişafının əsasının qoyulduğunu qeyd edib.

Kaliforniya qubernatoru, Los Anceles vilayəti, Orinc vilayəti, San Dieqo və Monterey şəhərləri adından təbrik mesajları oxunub və müvafiq şəhadətnamələr təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed