Şrift:
Kim sualının mədəniyyət çaları
15.11.2011 [00:39] - DAVAMın yazıları
Ey dili qafil fil faili məchul fani f...


Dilimizdə kim sözü sual məqamında işlənir. Bəzən kəs, adam anlamını da verir. Cümlə içərisində çalar qazanır. Əsasən sual olaraq var oğlu vardı.
Kim sözünün etimoloji açımına varmadan bir sözün də varlığını xatırladalım:
dilimizdə farslardan keçmə bildiyimiz bir ki bağlayıcısı işləmsəldir.


Ki farslara türklərdən keçib. Sadəcə farslara keçidi bizdən (türkcədən) silinmiş, bir zamanlar dilimizin sintaksis tərkibində nə şəkildə işlənməsi çox maraqlı olardı. Bu sualı cavablamaq olduqca zordur.
Ancaq farslara keçərək fars dilinin leksik, sintaksis tərkibində başqa, fərqli özəllik, status qazanmışdır.
Bizə-dilimizin cümlə quruluşuna da fars dilinin cümlə yapısının təsirində, etgisində keçid eləmişdi.
Demək istəyirəm, ki bağlayıcısı kim sözündə də gizlənmişdir. Gələk kim sözünə.
Kim sözü dilimizdə canlı-insana verilən, insana məxsusluğu daşıyan sualdır. Əgər dilimizin metafizik qatına toxunsaq, kosmoqonik missiyasını tökəsi olsaq, kim sözü, kəm sözüylə özbəöz ekizdir, eynidir. İnsana kəm demək niyə? Kəm sözü məna olaraq azlığı, çox olmayanı ehtiva edir. Bu söz əslində mənəvi qatda qul sözüylə, Allahın qulu ifadəsi dildə necə bir missiya yüklənirsə, elə bir anlam qazanmışdır.

Kim sözü birbaşa qul sözüdür. Tanrının özündən aşağı, mənəvi güc iqlimində, özündən sonra etibar elədiyi güc olaraq insanlıq anlayışı dilimizdə sirrini açır. Bu açılış Azərbaycan türkcəsinin dərinliklərində gizli-saxlı qalan neçə-neçə etablardan, mədəniyyət qatlarının yaşantısından rahatlıqla xəbər verir. Nəmərini almış, xəracını əldə eləmişcəsinə olan bir tavırla sözünü deyir. O baxımdan əslində farsa bizdən keçmiş ki bağlayıcı sözü ( mən ki-ni həm də söz kimi qəbul edirəm) də kim sözündəndir. Misala baxcaq: Əhməd mənə dedi ki, tez ol. Burdakı ki, əslində kim olaraq Əhməddən qopan son qəlpələrdir. Burdakı ki-nin gücü Əhməddən qopub ayrılan, ancaq Əhmədə məxsusluğunu əsla gizləməyən bir anlama sahibdir. Əhməddəki Ki anlayışı, Əhmədin kimliyinə dəlalət edərək, ondan bir şeylər sızdırır, onun KİM-lik gücünün bizə lazım olan dərəcəsindən təqdim edir.

Digər yöndən dilimizdə aktiv şəkildə şərə xidmət edən KİN adlı, kin-küdurər adlı sözü də unutmaq günahdır. Kin sözü elə kimdir. Sadəcə burdakı kin suallıqdan çıxıb dilin tərkibində xeyrə deyil, dilin energetik qatındakı şər xəttinə xidmət edir. Məsələn: sən birisinə desən, qardaş, kin-ini bir az azalt. Yəni qardaş, buyur kim-liyini, sənə verilən , daşırdığın qul-luğunu, qul olma tutumunu bir az aşağı tut. Yəni həddi aşırsan.

Bir sözlə kim sözü maraqlı bir tədqiqat vasitəsidir. Bu qısa yazıda olsun ki, kim sözünün kimliyini olduğu kimi aça bilmədik. Ən azından suya daş ata bildik.
Bütün bu deyilənlərdən yol alsaq, Azərbaycan xalqının, türk millətinin tarixi kimliyi, əslində onun Allaha tarixi qul olma, Yaradana tarixi qul olma daşqınlığının dil içərisində sərgüzəştidir. Bax, burda bir söz söz olmaqdan çıxıb dil olmaq özgüvəncini ortaya qoyaraq məlum mədəniyyətin sükuta verdiyi (yuxuya daldırdığı) qatlarındakı metafizik ehtirası, fizikötəsi milli ehtiyatı ehtiyacımıza təqdim edir. Bir sözün səsdən, səslənişdən sözə, sözdən dilə, dildən mədəniyyətə necə gedişat elədiyinin qısa da olsa seyrçisi oldunuz.
Bu xəbər oxucular tərəfindən 1385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed