Şrift:
Çörəyin qiyməti düşəcək?
03.06.2013 [11:13] - Sosial
Abbas Əliyev: «Bu, bilavasitə sahibkarın öz səlahiyyətindədir»

Vahid Məhərrəmov: «Çörəyin qiymətinin düşməsi və ya qalxması tələblə təklifdən asılıdır»

Əli Əlirzayev: «Zavodların sayının çox olması və ya yenilərinin tikilməsinin qiymət prosesinə hər hansı bir təsiri yoxdur»

İqtisadi İnkişaf Nazirliyinin verdiyi məlumata görə, bu qurumun xəttilə kreditlə ölkədə 30-a yaxın çörək zavodları tikiləcək. Qeyd edək ki, Azərbaycan əhalisinin istehlakında çörək və çörək məhsulları geniş yer tutur. Ona görə də ölkəmizdə çörək strateji məhsul sayılır. Hazırda ölkədə çörək istehsalı ilə özəl şirkətlər məşğuldur. Bu istiqamətdə yaranan çörək sexləri əsasən kiçik olmaları ilə seçilirlər. Digər tərəfdən, çörək sexlərinin əksəriyyəti heç də sanitar- gigiyenik qaydalara riayət etmirlər. Belə halda istehsal olunan çörəyin keyfiyyət göstəricilərilə bağlı da istər-istəməz müəyyən şübhələr yaranır. Böyük ehtimalla yeni yaranan çörək zavodları çörəyin keyfiyyəti məsələsində müəyyən müsbət dəyişikliklərin baş verməsinə təkan verəcək. Ümumiyyətlə, görəsən, yeni zavodların tikintisi çörəyin qiymətinin aşağı düşməsinə təsir edəcəkmi?
Hazırkı situasiyada bilirik ki, bir sıra hallarda çörək sexləri qiyməti qaldırırlar. Bu alınmadıqda isə onlar çəkini azaltmaq yolunu tuturlar. Digər tərəfdən, yeni zavodların fəaliyyətə başlaması kiçik çörək sexlərinin gələcək taleyinə necə təsir göstərəcək?
İqtisadi İnkişaf Hazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, yeni çörək zavodlarının yaradılmasında məqsəd əhalinin daha keyfiyyətli və çox çeşidli çörək və çörək məhsulları ilə təmin edilməsidir: «Bundan başqa bu zavodlarda həm də ən müasir texnologiya tətbiq olunacaq. Bu isə çörəyin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır. Eyni zamanda, yeni texnologiyaların tətbiqi müəssisədə enerji sərfiyyatının azalmasına da rəvac verəcək. Bildiyiniz kimi, çörək və çörək məhsulları tamamilə özəl sektor vasitəsilə istehsal olunur və onun qiyməti tələblə təklif əsasında formalaşır. Çörəyin strateji ərzaq məhsulu olmasını nəzərə alaraq, bu sahəyə daim böyük diqqət göstərilir. Həm qiymət monitorinqi aparılır, həm də keyfiyyətinə ciddi nəzarət olunur. Yeni texnologiyaya əsaslanan zavodların fəaliyyətə başlamasının çörəyin qiymətinə təsiri məsələsinə gəldikdə, deməliyəm ki, çörək istehsalı sahəsi kifayət qədər rəqabət mühitinin formalaşdığı sahədir. Burada bazar tam liberaldır. Bu baxımdan daha az maya dəyərinə başa gələn məhsulu sahibkar da daha ucuz satmaq və belədə istehsalı genişləndirməkdə maraqlıdır. Ona görə də yeni çörək zavodu müəssisələrinin fəaliyyətə başlaması bir sıra məsrəflərin azaldılmasına imkan yaradır. Belədə sahibkar da daha çox məhsul satmaq üçün daha keyfiyyətli və daha ucuz malla bazara çıxmağa çalışır. Ancaq qiymətlərin ucuzlaşdırılması bilavasitə sahibkarın öz səlahiyyətindədir. Amma ümumilikdə çörək strateji məhsul olduğundan hər hansı süni qiymət artımlarına yol verilməməsi üçün monitorinqlər də keçirilir. Hazırda ölkədə nə qədər çörək zavodu olduğunun statistikasını biz aparmırıq. İqtisadi İnkişaf Nazirliyi çörəyin keyfiyyət və təhlükəsizlik göstəricilərinin təmin olunmasına nəzarət edir, həm də Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahənin güzəştli qaydada maliyyələşdirilməsini həyata keçirir. Artıq xeyli sayda yeni çörək zavodu istifadəyə verilib və ya tikintisi davam etdirilir. Özü də həmin müəssisələr təkcə Bakıda deyil, regionlarda da yaradılır».
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov yeni zavodların tikilməsilə çörəyin qiymətində hər hansı bir dəyişikliyin olacağına inanmır: «Çörəyin qiymətinin düşməsinə müsbət təsir göstərən amil buğdanın keyfiyyətilə bağlıdır. Ölkə keyfiyyətli buğda istehsal etsə, ondan alınan un və istehsal edilən çörək də keyfiyyətli olacaq. Çörəyin qiymətinin düşməsi və ya qalxması isə tələblə təklifdən asılıdır. Ölkədə onsuz da çörək istehsal olunur, amma keyfiyyəti standarta uyğun deyil. Heç şübhəsiz keyfiyyətli buğdanın qiyməti digər buğdanın qiyətindən fərqlidir, bu fərq hardasa 20 faizə qədərdir. Yeni zavodlarda istehsal prosesi xüsusi yanaşma tələb edəcək və bu halda keyfiyyətli çörəyin qiyməti də yüksək olacaq. Amma bu gün bazarda çörəyin qiymətinin qalxması dünyada taxılın qiymətinin sürətlə bahalaşması fonunda baş verə bilər. Digər hallarda isə inanmıram ki, yeni zavodların tikilməsilə çörəyin hazırkı qimyətlərində hər hansı bir dəyişiklik olsun».
Həmsöhbətimiz onu da qeyd etdik ki, yeni zavodların fəaliyyətə başlaması ilə kiçik çörək sexləri birmənalı olaraq sıradan çıxacaq: «Çünki bazarın mövcud tutumundan artıq çörək istehsal etmək mümkün deyil. Yeni zavodlara yeni texnologiya tətbiq olunacaq, burada ola bilsin daha keyfiyyətli məhsul istehsal edilsin. Belə ola halda proses istər-istəməz kiçik çörək sexlərinin sıradan çıxmasına təsir edəcək».
İqtisadçı alim Əli Əlirzayev isə vurğuladı ki, yeni çörək zavodları keyfiyyət göstəricilərinin yaxşılaşmasına stimul verəcək: «Çörəyin qiymətini əslində bazar müəyyən edir. Ona görə də zavodların sayının çox olması və ya yenilərinin tikilməsinin qiymət prosesinə hər hansı bir təsiri yoxdur. Bu hal tələblə təklifdən asılıdır. Hazırda ölkədə lazımi qədər çörək istehsal olunduğu üçün də yeni zavod tikintisinin qiymətlərə təsiri olmayacaq. Proses sadəcə olaraq çörəyin keyfiyyətinin yaxşılığa doğru dəyişməsinə, antisanitariya hallarının aradan götürülməsinə rəvac verə bilər. Amma yeni zavodların tikintisilə xırda zavodların bağlanması ehtimalı böyükdür».

Rüfət Sultan
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed