Şrift:
İranda yaşayan digər türklərin vəziyyəti bizimkindən daha acınacaqlıdır
15.11.2011 [01:11] - Güney Azərbaycan-Təbriz
Faxtə Zəmani: "İranda azərbaycanlıların durumu qənaətbəxş deyil"


Belə təşkilatlardan biri də Kanadada fəaliyyət göstərən İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasıdır (ADAPP). Assosiasiyanın rəhbəri Faxtə Zəmani müsahibəsində sədri olduğu qurumun İrandakı azərbaycanlıların durumu, onların hüquqlarının qorunması sahəsində gördüyü işlərdən danışıb.

- İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosi-asiyasının yaradılmasında məqsəd nədi?
- İllərlə İranda yaşayan və İranın inkişafında təmənnasız rol oynayıb böyük töhfələr verən bizlər - Azərbaycan türkləri bu gün doğma dilimizdə təhsil, mədəniyyət ocaqları açmaq, dərgilər və qəzetlər buraxmaq və. s kimi bir çox hüquqlardan məhrum edilmişik. Cəmiyyətin istənilən sahəsinə inteqrasiya edən və cəmiyyətin onurğa sütununu təşkil edən bir millətə qarşı, əfsuslar olsun ki, hazırkı İran hakimiyyəti diskriminasiya siyasəti yürüdür. 2006-cı ildə dövlət qəzetində Azərbaycan türklərini bir millət olaraq təhqir edən karikaturaya qarşı bir çox şəhərlər-də yüzminlərin iştirak etdiyi etiraz aksiyaları keçirildi. Bu etiraz aksiyaları yalnız karikaturaya etiraz olmayıb, ümumilikdə İran iqtidarından haqlarımızı tələb etmək idi. Əfsuslar olsun ki, bu hadisələr zamanı İran daxilindəki insan haqları təşkilatları prosesləri dolğun əhatə etmədilər və biz BMT və "Amnesty İnternational"la olan əlaqələrimiz vasitəsiylə öyrəndik ki, bu təşkilatlar doğrudan-doğruya region haqda heç bir birliyə sahib deyillər. Bu səbəbdən də 2006-cı ilin may hərəkatından bir neçə ay sonra ADAPP-ı yaratdıq.

- İnsan haqları məsələsində ölkədaxili və xaricindəki hansı qruplar və ya şəxslərlə əməkdaşlıq edirsiniz?
- Bu məsələ dünyanı daha çox narahat etdiyindən, biz də sözümüzün daha keçərli olması üçün bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Təşkilatın yaranmasına gəlincə, burada "Amnesty İnternational"ın rolunu, eyni zamanda BMT-nin zəhmətini qeyd etmək lazımdır. Təşkilatımızın beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi qruplar bununla məhdudlaşmır, bizim o cümlədən Avropa İttifaqında, ABŞ-da və Kanadada işçi qruplarımız fəaliyyət göstərir. Bununla yanaşı bizim hətta İran daxilində fəaliyyət göstərən və baş verən xəbərləri bizimlə bölüşən şəbəkəmiz var. Bu şəbəkədən gələn informasiya bizim vasitəmizlə dünya mətbuatına, fərqli beynəlxalq qurumlara, insan haqları təşkilatlarına çatdırılır.

- ABŞ Konqresində dinləmələrdə iştirak edirsiniz. Onların İranda baş verənlərə münasibəti necədir?
- Sözsüz ki, dəfələrlə ABŞ Konqresində keçirilən dinləmələrə dəvət almışıq. Bu dinləmələrdə İran insan haqları məsələsinə yalnız bizim kontekstdən deyil, ümum İran kontekstindən yanaşıldığından problem özünü daha qabarıq göstərir. Belə ki, dinləmələr zamanı İranda yalnız Azərbaycan türklərinin deyil, digər azlıqların da hüquqlarının pozulması müzakirə olunur. Bu məsələ özlüyündə İranda mövcud siyasi hakimiyyətin etnik azlıqlara qarşı yürütdüyü qəbul-edilməz repressiv və diskriminativ siyasətini bir daha göstərir. Görüşlər nəticəsində anlaşılan budur ki, dünyanın harasında olursa-olsun, insan haqlarını pozmaq qəbuledilməzdir və gec-tez əzilən millətlər öz haqqını alacaq.

- İranda azərbaycanlılardan başqa digər türkdilli xalqların nümayəndələri də yaşayırlar. Onların vəziyyəti necədir?

- İranda yaşayan digər türklərin vəziyyəti bizimkindən daha acınacaqlıdır. Bizim bəxtimiz onda gətirib ki, biz Azərbaycan daxilində kompakt yaşamış, sürgünlərə, təzyiqlərə, iqtisadi imkanların məhdudluğuna baxmayaraq, öz yurdumuzdan ayrılmamışıq. Burada sayca çox olmağımızın da böyük önəmi olub. İranda yaşayan digər etnik türklərin vəziyyətini qaşqayların simasında ifadə edə bilərik. Bu gün Qaşqay türkləri də dövlətin yürütdüyü assimilyasiya siyasətinə qarşı haqlı səslərini qaldırmaqda, milli kimlikləri uğrunda mübarizə aparmaqdadırlar. Fəqət, bu mübarizə onlara digər xalqlardan daha baha başa gəlir. Qaşqay türkləri bu gün İranda işsizliyin geniş tüğyan etdiyi ərazidə yaşayırlar. Dövlətin yürütdüyü anlamsız iqtisadi siyasətin mənfi nəticələrini hər bir qaşqaylı türk hiss etməkdədir. Bir qarın çörək üçün İranın mərkəz vilayətlərinə gedən türklər orada böyük problemlərlə qarşılaşırlar və bu işsizlərin köçü bir müddət sonra öz ağır nəticələrini göstərəcək.
Haqqı çeynənən bir millət olaraq digər türklərin mübarizəsini yaxşı anlayır və onlara hər sahədə tam dəstək veririk. Bu gün İranda Azərbaycan türklərinin qarşılaşdığı problemlər digər türk toplumlarının üzləşdikləri çətinliklərlə mahiyyətcə eynilik təşkil edir.

- Ümumiyyətlə, hazırda İranda yaşayan azərbaycanlıların durumu necədir?
- Bu suala birtərəfli yanaşmaq doğru olmazdı, məsələnin kökündə əslində bir neçə mövzu var. Belə ki, İran daxilində yaşayan Azərbaycan türklərinin milli mədəniyyət, sosial, iqtisadi və. s. baxımlardan durumlarını qiymətləndirmək olar. Amma əfsuslar olsun ki, bu gün heç bir sahədə ürəkaçan fəaliyyət gözə dəymir. Milli müstəvidə bir millət olaraq Azərbaycan türkləri öz doğma dilində təhsildən məhrum edilib və dilinə qeyri-rəsmi yasaq qoyulub. İndi fikirləşin, İranda "ana" demək qanunsuz bir işdir. Böyük öndər Rəsulzadənin "Millətin diriliyi onun dilinin diriliyindən keçir" sözləri vəziyyətin hansı səviyyədə olmasına işarədir. Öz dilimizdə təhsil alma hüququmuzla yanaşı həm də doğma dilimizdə qəzet və dərgilər çap etmək, mədəniyyət evlərinə sahib olmaq, milli mədəniyyətimizi araşdırmaq və onu inkişaf etdirmək kimi sadə haqlardan məhrum edilmişik. Ən böyük problemlərimizdən biri isə iqtisadi məsələlərlə bağlıdır ki, dövlətin yürütdüyü yarıtmaz siyasət nəticəsində yurdumuzda məhsuldar qüvvələr dağılmış, əhali arasında işsizlik çox yüksəlmiş, gənclər işsizlik ucbatından İranın mərkəzi vilayətlərinə üz tuturlar. Bunun da nəticəsi olaraq əhalinin sosial tərkibində dəyişmələr baş verir ki, bu da öz təsirini bir müddət sonra daha aydın göstərəcək. Lakin bütün qeyd edilənlərə onu əlavə edim ki, Azərbaycan türkləri hər bir zaman öz haqlı səslərini ucaldıblar və bunun nəticəsidir ki, bu gün İran zindanları azərbaycanlı siyasi məhbuslarla doludur. Urmu gölünün qurudulması fonunda bu etirazlar başqa bir forma alaraq daha da genişlənmiş və yalnız Urmu gölünün qurudulmasına etiraz deyil, haqlarımız uğrunda mübarizəyə çevrilmişdir. Bu gün biz əminliklə söyləyə bilərik ki, yalnız bizim deyil, digər əzilən xalqların haqlı mübarizəsi nəticəsiz qalmayacaq və əlimizdən alınmış haqlarımız gec ya da tez yenidən bərpa ediləcək.

- Təşkilatınızın bu sahədə göstərdiyi fəaliyyətə hansısa problemlər varmı?
- Cəmi 5 ildi fəaliyyət göstərsək də, böyük uğurlara imza atmışıq. Hansı ki, bu uğurlar bizə o qədər də asan başa gəlməyib. Qarşımıza bir sıra problemlər çıxsa da, onlardan ən əsaslarını deməyi özümə borc sayıram. Bu gün üçün ən böyük sıxıntımız maliyyələşmə ilə bağlıdır. Belə ki, maliyyə sıxıntıları ucbatından bir sıra beynəlxalq tədbir, simpozium, konfranslarda iştirak edə bilmirik. Bu, özlüyündə bizə başucalığı gətirən fakt deyil və mahiyyət etibarilə biz maliyyə sıxıntılarına görə xalqımızın sözünü demək üçün önəmli tribunanı itiririk. Maliyyə sıxıntıları ilə bağlı digər problem isə ondan ibarətdir ki, biz tam gücümüzlə və daha aktiv fəaliyyət göstərmək üçün professional işçilər cəlb edə bilmirik. Fəaliyyətimizin mühüm hissəsini könüllülər həyata keçirir. Bu səbəbdən də bütün potensiallarını ADAPP-a qoya bilmirlər. Könüllü işçlərlə professional işçilərin fəaliyyət effektivliyi arasında böyük fərq var ki, bu da fəaliyyət zamanı öz təsirini göstərir.
Qarşılaşdığımız problemlər sırasına onu da əlavə edim ki, İran daxilində dövlət məlumatın ölkədən çıxmaması üçün hər bir tədbirlər görür və hər şeyə ciddi nəzarət var. Bu baxımdan İrandan doğru məlumatın çıxarılması çox çətindir. Çünki məsələ yalnız məlumatı almaq və onu fərqli media qurumlarına ötürmək deyil, bizim öhdəliyimiz həm də aldığımız məlumatın doğruluğunu bir neçə mənbədən yoxlamaqdır ki, bu da hər bir sahəyə total nəzarətin olduğu İran kimi ölkədə çox çətindir.

- Kanadadakı türk diaspor təşkilatları ilə münasibətləriniz necədir?
- Fəaliyyət səpkimizə uyğun olaraq, bir sıra beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edirik. Türk diaspor qurumları istisna olmasa da, təəssüflə qeyd edək ki, bu gün üçün onlarla əməkdaşlığımız yüksək səviyyədə deyil. Şübhəsiz ki, Türkiyə daxilində fəaliyyət göstərən milli-mədəni fəallarımız var, amma bunun özü belə yüksək səviyyəli əməkdaşlıq demək deyil. Türkiyə ilə bizi birləşdirən bir sıra etnik, mədəni, sosial bağlar var və türk diaspor qurumları ilə qarşılıqlı əməkdaşlıq bizim prioritetlərimizdən biridir. Ümidvaram ki, təşkilarımız böyüdükcə və fəaliyyətlərini genişləndirdikcə türk diaspor qurumları ilə daha sıx əməkdaşlıq edəcəyik.

- Başqa qeyd etmək istədikləriniz varmı?
- Son olaraq onu qeyd edim ki, qısa zaman kəsiyində aktiv fəaliyyət göstərməyimizin real nəticəsi olaraq, bu gün dünyaca tanınan və etimad olunan bir təşkilata çevrilmişik. Şübhəsiz ki, bütün bu uğurlarımızda bir sıra insanların, könüllü çalışıb işimizə can qoyan gənclərin, İranda qorxu və təzyiqlərə baxmayaraq, bizimlə əlaqə quran insanların, fərqli ölkələrdə bizi təmsil edən milli-mədəni fəalların rolu böyük olub. Bütün bu insanların birgə səyi nəticəsində elə bir vəziyyət yaranıb ki, dünyanın önəmli dərgiləri İranda baş verən hadisələri yalnız bizə istinadən verirlər, Dünyaca məşhur Quardian, New-York Times, BBC, Amnesty İnternational və. s kimi media qurumları, beynəlxalq təşkilatlar bizimlə əməkdaşlıq edirlər. Bu baxımdan Azərbaycan mətbu orqanlarının da Güney Azərbaycan haqda doğru, tərəfsiz xəbərlərin verilməsini istərdik. Belə ki, bu addım bizə böyük mənəvi dəstək olmaqla yanaşı, İranda ən bəsit insan haqları pozulan soydaşlarımıza da ruh yüksəkliyi verə bilər.

Müsahibəni götürdü: Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed