Şrift:
Azərbaycan dilində şifahi nitqi mətnə çevirən Dilmanc sistemi istifadəyə verilib
05.06.2013 [12:33] - Xəbərlər, Gündəm
Artıq “Dilmanc” sistemin köməyi ilə kompüterə mətn daxil edərkən klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir.

“Dilmanc” nitqin tanınması sistemi avtomatik olaraq şifahi nitqi mətnə çevirir. Bu proqram istifadəçilərə daha təbii yol təklif etməklə yanaşı, klaviaturada yığmağa nisbətən bir neçə dəfə daha sürətli mətn daxil etməyə imkan verir.

Qeyd edək ki, Azərbaycan dilində nitqin tanınması sisteminin yaradılmasına 2007-ci ildən Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi ilə “Dilmanc” layihəsi çərçivəsində başlanılmışdır. Bu müddətdə Azərbaycan dilinin fonem tərkibi bir daha tədqiq edilmiş, sözlərin tələffüz qaydaları araşdırılaraq tələffüz bazası yaradılıb. Nitq bazasının yaradılması üçün 2500 nəfərdən çox müxtəlif yaş kateqoriyasından insanların səsləri yazılıb. Bu informasiyalardan istifadə etməklə Azərbaycan dilində nitqin tanınması alqoritmləri işlənib hazırlanıb. “Dilmanc” nitqin tanınması sistemini pulsuz onlayn servis kimi http://dilmanc.az/asr ünvanında istifadə etmək mümkündür. Proqramı işlədərkən keyfiyyətli mikrofondan istifadə etmək məsləhət görülür. Bundan başqa, sistem hələlik mətbuat yönümlü mətnləri daha yaxşı tanıyır. Sistemin əsas xüsusiyyətlərindən biri də istifadə edildikcə keyfiyyətinin yaxşılaşmasıdır. Sistemdən istifadə edənlərin səsi avtomatik olaraq nitq bazasına əlavə edilir, nitq bazasının həcmi artdıqca isə sistemin dəqiqliyi də yüksəlir.
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed