Şrift:
İranda seçki: üçündən biri, dini liderin dediyi
06.06.2013 [10:32] - Güney Azərbaycan xəbərləri, Siyasət
İyunun 14-ü İranda prezident seçkisi keçiriləcək. Qeydə alınan 8 namizəddən 3-nün prezidentliyə real şansı olduğunu söyləmək mümkündür. Bunlar dini liderin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti, Qərblə nüvə danışıqlarında İranı təmsil edən Səid Cəlili və Tehranın meri Məhəmmədbağır Qalibafdır.

Hər üç namizəd mühafizəkar kimi tanınır. Yəni İranda seçki yarışı mühafizəkarlarla islahatçılar arasında deyil, mühafizəkarların öz arasında gedir. Dini liderə bağlı olan Konstitusiyaya Nəzarət Şurası ona görə yalnız mühafizəkarların namizədliklərini qeydə alıb ki, prezident seçkisindən sonra ölkədə qarşıdurma yaranmasından qorxur. Dini lider və mühafizəkar dairə 2009-cu il seçkisi zamanı yaşanan qarşıdurmanın təkrarından ehtiyat edir. Onsuz da bölgədə vəziyyət gərgindir, qonşu Suriyada vətəndaş müharibəsi gedir, ərəb baharı İranın sərhədinə dirənib, sanksiyalar iqtisadiyyata mənfi təsir edir. Seçkidə gərginlik müşahidə olunarsa, mühafizəkar dairə ölkə üzərindəki nəzarəti itirə biləcəyindən ehtiyat edir. Buna görə də Konstitusiyaya Nəzarət Şurası islahatçıların tanınmış nümayəndəsi, keçmiş prezident Rəfsəncanini qeydiyyata almadı.

Namizədlikləri qeydə alınanların hamısı məmurdur və heç biri fəaliyyəti dövründə dəyişikliyə aparacaq təşəbbüslə çıxış etməyib. Vilayəti 1981-ci ildən 1997-ci ilə qədər İranın xarici işlər naziri olub və rejimi islah edəcək təşəbbüsü olmayıb. Cəlili uzun müddət XİN-də müxtəlif vəzifələrdə çalışıb, nüvə danışıqlarında güzəştsiz mövqeyi ilə yadda qalıb. Qalibaf isə İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanlarındandır.

Seçkidən kənarda qalan islahatçı qrupun iki yolu var: ya tərəfdarlarını seçkini boykota çağırmaq, ya da namizədlərdən birinə dəstəyini ifadə etmək. Vilayəti dini liderin müşaviri olmasına baxmayaraq seçkidən kənarda qalan qrupların dəstəyinə ümid edə bilər. O, seçkiöncəsi çıxışlarında hazırkı prezidentin xarici siyasətini tənqid edərək prezident seçiləcəyi təqdirdə İranı beynəlxalq izolyasiyadan qurtaracağını vəd edir.

Keçmiş diplomatik fəaliyyətinə görə beynəlxalq aləmdə tanınması və keçmiş təmasları da Vilayətinin işinə yaraya bilər. Bu gün Vilayətinin dini liderə bağlılığı onun prezident postunda da avtomatik olaraq eyni siyasətdən çıxış edəcəyi anlamına gəlmir. Vaxtilə Mahmud Əhmədinejad da dini liderin tərəfdarı kimi irəli sürülərək prezident postuna yiyələnmişdi. Ancaq zaman keçdikcə prezidentlə dini liderin münasibətlərində uçurum yarandı və bu gün Əhmədinejadın namizədliyini qeydiyyata almağa çalışdığı qudası İsfəndiyar Rəhim Məşayi (Prezident Administrasiyasının rəhbəri) faktiki islahatçıların təmsilçisi kimi təcəssüm etdirilirdi. Yəni İranda mühafizəkarlıqla islahatçılıq arasında sərhəd şəffaf olduğundan prezidentliyə namizədlərin gələcəkdə düşərgələrini dəyişməsi ehtimalı az deyil.

Məsələnin bir başqa tərəfi də var. İranda son söz dini liderə məxsus olduğundan prezident qarşısında yaxın 4 il üçün tapşırıqlar da buna uyğun veriləcək. Yəni dini lider və ətrafı İranın beynəlxalq izolyasiyasının azaldılmasını və Qərblə münasibətlərin normallaşdırılmasını qarşılarına məqsəd qoyacaqlarsa, onda Vilayətiyə üstünlük verilə bilər, yox, indiki qarşıdurmanın davamını istəyirlərsə, Cəlili ilə yola davam edəcəklər. Dini lider ağır iqtisadi-sosial durumdan qurtulmağı qarşısına məqsəd qoyubsa, iqtisadi blokun təmsilçisi kimi tanınan Qalibafa da şans verə bilər. Yəni kimin prezident seçilməsi dini liderin İran qarşısında qoyduğu növbəti hədəfdən asılı olacaq.



“Atlas” Araşdırmalar Mərkəzi
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed