Şrift:
Ortaq Türkcə niyə lazımdır?!
15.11.2011 [01:29] - DAVAMın yazıları
Geridə qoyduğumuz həftə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Türk dünyasının mədəni inteqrasiyası: Ortaq Türk əlifbası və ortaq türk ədəbi dili” mövzusunda konfrans keçirildi


Statistikaya görə dünyada hər il təxminən 300-350 dil sıradan çıxır. Tək Şimali Qafqazda orta hesabla ilə 10-15 dilin itməsi müşahidə olunur. Bu kiçik toplumların, etniklərin və tayfaların özlərinə məxsus ünsiyyət dillərinin hegemon və qonşu dillər eləcə də uyğun dil qrupları arasında əriməsinin göstəricisidir.

Dünyada dillərin belə sürətlə assimilyasiyaya uğradığı bir vaxtda öz dilini qorumaq ciddi bir mübarizədən keçir. Bunun üçün isə Ana dilini bacardığımız qədər təmiz və güclü saxlamağımız lazımdır.
Heç kimə sirr deyil ki, dünyada Türk millətinin məhvi üçün böyük strategiyalar hazırlanıb və onun icrası üçün kifayət qədər işlər görülüb. Türk dilinin haçalanması da bu strategiyanın tərkib hissəsidir. Türk dilini parçalayaraq kiçik toplum və xalqların ayrı-ayrı dillərinə (Azərbaycan dili, özbək dili, qazax və s.) bölərək dilin tutumunu, zənginliyini və coğrafiyasını parçalamaqla gücünü azaltmaq, bununla da türk dilini sıradan çıxarmağı asanlaşdırmaq məqsədi güdülür.

Çünki bir millətin məhvi ən əvvəl onun dilinin sıradan çıxarılması ilə başlayır. 300 milyonluq və Turan adlanan böyük bir coğrafiyanın vahid dilini sıradan çıxarmaq isə mümkün deyil.
Məhz bu səbəbdən dilimizi məhv olmaqdan qorumaq üçün ortaq dilə qayıtmaqdan (Türk dilinin haçalnması XV-XVI əsrlərə təsadüf edir), ortaq türkçəni formalaşdırmaqdan başqa yolumuz yoxdur.
Hələ Avropa Birliyi yaranmamışdan əvvəl belə bir ideyanın reallaşması üçün vahid dilin yaradılması istiqamətində qlobal siyasətə start verildi. Birliyi əhatə edən ölkələrdə ingilis dili kifayət qədər təbliğ olundu və sonda AB-nin rəsmi dilinə çevrildi.

Türk Birliyi ideyasında isə bu problem yoxdur. Eyni dildə danışan bir millətin birliyindən söhbət getdiyi üçün dil məsələsində yalnız rəsmi uyğunlaşdırma istiqamətində işlər görülür ki, bu da elə bir çətin və zaman alan proses deyil. Sadəcə dünyaya çıxa bilən bir şivə üzərində durmaq kifayətdir. İyirmi ilə yaxındır ki, bu istiqamətdə kifayət qədər işlər görülüb və bunun üçün lazım olan vəsait xərclənib. Türk dövlətlərinin qarşılıqlı şəkildə ictimai, mədəni, ədəbi və media əlaqələri, eləcə bir-birlərinin ərazisində fəaliyyət göstərən mətbuat və radio-televiziya kanallarının sayəsində artıq demək olar ki, Türk xalqları biri-birlərini tam anlaya bilirlər.

Amma bu Türkiyə türkcəsini tam anlamında ortaq dil kimi qəbul etmək demək deyil.
1. Hər bir ölkənin dilində ona yad dildən keçmə sözlər var ki, ortaq türk dili sözügedən dilin bundan arınmasına yardımçı olacaq.
2. Əski, unudulmuş, dildən çıxarılıb arxaikləşmiş amma az qala bütün türk dövlətlərinin dillərinin kökündə eyni anlamı ifadə edən sözlərin yenidən dilə qaytarılmasına səbəb olacaq ki, bu mənada o sözlərin unudulmasının qarşısı alınacaq.

Necə olur ki, hər hansı bir xalqın dili dünya dilinə çevrilir?

Alimlər təsadüfən demirlər ki, insan hansı dildə danışırsa o dildə də düşünür. Misal üçün, zay məhsul iqtisadi termini yapon dilinə tərcümə olunmur. Ona görə ki, yaponlarda istehsal prosesində bu, olmur. Namus sözü isə rus dilinə tərcümə olunmur. Çünki, rus millətində də bu, olmur. Rus dilində tərbiyə alan türk artıq bu düşüncədə olur. Bu məqamın bizi haraya apardığını təsəvvür etmək isə dəhşətdir. Dil, xalqın psixologiyasının ifadəsidir. Ortaq dilin ən mühüm cəhətlərindən biri də odur ki, üç yüz milyonluq bir toplumun dili öz-özlüyündə dünya dillərindən birinə çevrilir. Bunun niyəsini açıqlayaq. Bilirik ki, Quranın oxunmasına görə dünyada olan müsəlmanların əksəriyyəti ərəb dilini bilir. Böyük bir toplumun məhz bu dildən istifadə elədiyinə görə ərəb dili dünya xalqlarından birinə çevrilib, rus dili isə öz dilini zorla işğal elədiyi xalqlara öyrədən Rus imperiyasına görə. Bu, böyük bir coğrafiyanı əhatə elədiyindən rus dili dünya dillərindən birinə çevrildi. Avropa Birliyinin vahid dili ingilis dili olduğuna görə ingilis dili dünya dillərindən birinə çevrildi. Yəni dünyada nə qədər çox insan eyni dili anlayırsa o dil öz-özlüyündə dünya dillərindən birinə çevriləcək. Aydın məsələdir ki, vahid dil olanda yüksək elmi əsərlər məhz o dildə yazılır. Sovet dövründə elmi ədəbiyyatın rusca, Avropadakı elmi ədəbiyyatın ingiliscə yazlması kimi. Elmi qaynaq kimi bir dil istifadə olunursa bu həmin dilin dünya dillərindən birinə çevrilməsinin şərtlərindən biridir. Yaxud başqa bir misal: bir dil nə qədər böyük bir coğrafiyanı əhatə edirsə informasiya qaynağı kimi o dilə mürasiət olunur. Bu da həmin dilin dünya dilinə çevrilməsinin şərtlərindən biridir. Ən əsaslı məqam isə dünya iqtisadiyyatı ilə bağlıdır. Bir dilin demoqrafik əhatə dairəsi nə qədər genişdisə bu məkanın bazarını ələ almaq üçün aparılan rəqabət də həmin dili əsas faktorlardan birinə çevrilir. Yəni misal olaraq göstərmək olar ki, həm Avropada, həm Amerikada, həm də Asiyada istehsal olunmuş məhsulu türk xalqlarına satmaq üçün onun haqqında məlumatlar məhsulun üzərinə və onun haqqında olan bilgi listinə həmin dildə yazılır ki, bu da həmin dilin qeyd-şərtsiz dünya dilinə çevrilməsi deməkdir. Yaxud götürək reklam bazarını, bir sözlə, iqtisadi maraqlar özü-özlüyündə geniş dili dünya dilinə çevirir. Əgər bizim ortaq dilimiz olsa Sibiryadan Qərbi Avropaya qədər Turan adlı böyük bir coğrafiyada yaşayan, ortaq türk dilində danışan 300 milyonluq bir bazarı heç bir sahibkar itirmək istəməz.

Hələ üç il bundan əvvəl Azərbaycan Respublikasının prezidenti ilə Türkiyə Cümhuriyyətinin baş naziri arasında ortaq türkcənin formalaşması istiqamətində imzalanan sazişdən irəli gələn məsələlər çox təəssüflər olsun ki, aidiyyatı institutlar tərəfindən işlənmir.
Bu xəbər oxucular tərəfindən 1735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed