Şrift:
Borçalı mədəniyyəti
10.06.2013 [17:15] - Borçalı, DAVAMın yazıları
Qədim Borçalı torpağı zamanın amansız sınaqlarına məruz qalsa da, bütün çətinliklərə sinə gərərək bu gün də öz adət-ənənəsi, sazı, zəngin milli koloriti, təkrarolunmaz folkloru ilə yaşayır. Ağsaqqal, ağbirçək öyüdünə Tanrı kəlamı kimi tapınan borçalılar əsrlərdən bəri cilalana-cilalana gələn el sənətini, zəngin folklor nümunələrini sevə-sevə yaşadır və daha da zənginləşdirir. Dil içində dil, din içində din bəsləyən soydaşlarımız neçə əsrlərdir ki, öz mənliyini, ismət və ləyaqətini közləmək, bu bəşəri keyfiyyətləri qorumaq üçün şivəsini, ləhcəsini, laylasını, bayatısını, nağıl və dastanını köz bəbəyi kimi əzizləyir, öz etnopsixologiyasına yad ünsürlərin daxil olmasına imkan vermirlər. Qarakəllələrin, qarapapaqların, qınıqların,qaraqalpaqların bugünkü nəvə-nəticələrini ulu babaların həyat tərzini, adət-ənənəsini, dünyabaxışını və məişətini layiqincə davam etdirərək ona ölməzlik, əbədilik vəsiqəsi qazandıraraq sənələr boyu bu sərvəti estafet kimi nəsildən-nəslə ötürmüşlər. Borçalı ellərində qara zurna harayı, telli sazımızın qəlbi riqqətə gətirən təranələri, ustad aşıqların mudrik kəlamı, toylarda cavanların cıdıra çıxması, "Guləşənki" üstündə Koroğlu nərəsi çəkməyi bu gün də dunənki kimi yolçunu yolundan saxlayıp.



Borçalı aşıqlarının və el şairlərinin konfransı, (iştirakçılardan bir qrup) Lüksemburq (indiki Bolnisi), mart, 1927-ci il.
Ön cərgədə soldan: aşıq Məhəmməd Sultanov, şair Nəbi, aşıq Şamil.
Orta cərgədə soldan: şair Ataman, aşıq Sadıq Sultanov, aşıq Söyün (Çoruq Qəmərli), aşıq Alı (Dərəçiçək), şair Söyün (Faxralı).
Arxa cərgədə soldan: Mirzə Həsən Məcruh, aşıq İrvaham (Quşçu), şair Məhəmməd Muhəqqər (Kolayır), şair Əmiraslan (Kolayır).


Ayağı Sınıq körpü, başı Başkeçid, Cəlaloğlu, bir yanı Qarayazı, bir yanı Loru (indiki Ermənistan ərazisi), bir guşəsi Qaraçöp (24 para kənd), bir səmti Msxet-Cavaxet, bir ucu Ağbulaq (indiki Tetrisxaro rayony) kimi axarlı-baxarlı ərazini əhatə edən və şərti olaraq üç hissəyə bölünən-aran Borçalı, bağ Borçalı və dağ Borçalıya yamayan soydaşlarımızın mənəvi sərvətini yığıb-toplamaq həm böyük hünər, həm də məsuliyyət tələb edir. Əsrimizin əvvəllərindən bu bölgədə ara-sıra, özü də pərakəndə şəkildə aparılan folklor bağlanması əsrimizin 80-ci illərindən geniş biliyə malik, istedadlı mütəxəssis Elxan Məmmədlinin təşəbbüsü ilə yeni səviyyəyə qaldırılmış, folklor ekspedisiyaları təşkil edilərək bu mahaldan toplanmış folklor nümunələri xalqımıza çatdırılmışdır. Borçalı türklərinin ulu folklor nümunələrinin yaddan çıxmasının qarşısı alınmış, onların araşdırılmasına daha yeni təkan verilmiş və vaxtilə Borçalı folkloruna göstərilən biganəliyin qarşısı birdəfəlik alınmışdır.

Alim E.Məmmədlinin fikrincə, folklor nümunələrinin toplanmasında yəqin ki, bölgələr uzrə folklor antologiyalarının hazırlanması ilə baqlı belə bir sual hamını maraqlandıra bilər: antologiyalar tərtib ediləndə biz necə muəyyənləşdiririk ki, məsələn bu, Naxçıvan, bu, Qarabağ və ya Borçalı folkloru nümunəsidir? Yəni vahid bir xalqın folkloru da zonalara bölünərmi? E.Məmmədli göstərir ki, sual doğura biləcək məsələyə biz mövqedən bucaqdan yanaşırıq. Çoxcildlik folklor antologiyalarını planlaşdıranda toplanmış nümunələrin məhz bu və ya digər ərazimizlə bağlılığını, burada fərdiliyi, yerli söyləyiciləri və ya aşıqların fərdi repertuarlarını və s. nəzərə alırıq. Beləcə zonalar uzrə hazırlanan kitabların tərtibində bir sıra ədəbi-elmi prinsipləri əsas götürürük. Nümunələri toplayarkən həmin ərazinin toponim və hidronimlərinin yaranması, o ərazidə yaşamış tarixi şəxsiyyətlər, el qəhrəmanları haqqında rəvayət və dastanlar, bölgədə yaşamış el şairləri, lətifə ustaları və onların yaradıcılığı, folklor nümunəsinin hər hansı bir tayfa ilə, soyla bağlılığı və s. cəhətlər nümunələrin bu və ya digər bir bölgəyə aid olmasını şərtləndirən əlamətlərdir. Toplama zamanı başqa bir prinsipə də əməl edirik ki, bu da toplama işində çox vacibdir. Məsələn, antologiyalarda ümumazərbaycan folkloru uçun məlum olan bu və ya digər nümunənin - bayatı, lətifə, aşıq şeri, nağıl, əfsanə, dastan və s. yeni yazıya alınmış daha mükəmməl variantları da nəzərə alınır.

Əgər həqiqətən də bizim Borçalıdan yazıya aldığımız "Aşıq Qərib", "Qurbani", "Abbas və Gulgəz" dastanları istər həcminə, istər məna və mündəricəsinə, istərsə də estetik məziyyətlərinə görə eyni adlı dastanların çap olunmuş variantlarından əsaslı şəkildə fərqlənirsə, onda hökmən bu nümunələr topluda öz yerini tapmalıdır.

Məlumdur ki, dünyada mövcud olan 11 coqrafi iqlimdən 9-u Borçalımızın payına düşür. Bu təbii üstünlük təkcə xalqımızın maddi güzaranına deyil, həm də mənəvi dünyasının zənginliyinə şərait yaradır. Hər iqlim şəraiti ilə də özunə uyğun sənət, peşə, məşğuliyyət sahələri biçimlənir. İnsanlar da öz məşğuliyyətləri ilə bağlı folklorunu yaradır. Təsadüfi deyil ki, müqayisə üçün Naxçıvanda sehrli nağıllar, əsatirlər, qədim yallılar, Lerik, Lənkəran, Astara ellərində toy mahnıları, halaylar, şaqraq melodiyalar, Qarabağda muğam, Şəkidə duzlu, məzəli əhvalatlar, rəvayət və lətifələr və s. geniş yayılıb. Borçalıdakı soydaşlarımızın yaşadıqları ərazinin genişliyi və əhalinin təbii iqlimə uyğun şəraitinin rəngarəngliyi, burada yaranmış folklorun çeşid zənginliyini də muəyyənləşdirir. Bu torpaqlarda babalarımız heyvandarlıq, qoyunçuluq, atçılıq-ilxıçılıq, dağ və aran köçu, bağçılıq, bostançılıq, xalçaçılıq və s. bağlı olaraq öz folklorunu yaratmışdır. Xalça nəqmələri, holavarlar, sayaçı sözləri, beşik nəğmələri bu qəbildəndir. Burada da yadellilərə qarşı mərdlik göstərən igidlərə dastan qoşulub (məsələn, Aşıq Şenliyin "Səməd ağa" dastanı kimi). Beləcə xalqımızın ulu tarixinin bir neçə səhifəsi folklorlaşıb. Bizim fikrimizcə, bu regionda aşıq-dastan yaradıcılığının vüsətlə inkişaf etməsinin bir səbəbi də burada aşıqların bütün məçlislərdə aparıcı sima olmaları ilə bağlıdır. Bu bölgədə aşıq sənətinə, ustad aşıqlara böyük hörmət və qayğı öz növbəsində aşıqların da məsuliyyətini artırır. Onlar bu gün də ölməz ustadların yolu ilə gedərək dastan ifaçılığına xüsusi diqqət yetirirlər.

Sevindirici haldır ki, folklorşünas E.Məmmədlinin rəhbərliyi ilə Borçalıda bir sıra dastanların mükəmməl variantlarını yazıya almışlar. Xüsusilə Aşıq Aslan Kosalıdan (Mirzəyev) yazıya alınan "Aşıq Qərib" və "Abbas və Gülgəz" dastanları həqiqətən də istər sənətkarlıq, istərsə də aşağı fərdi təhkiyə usulu baxımından yüksək sənət nümunəsi sayıla bilər. Hər iki dastanda ifa olunan qoşma və gəraylıların sayı və poetik tutumu da əvvəlkilərdən əsaslı surətdə seçilir.

Borçalıdan toplanan "Cahangir-Mələksuma" (söyləyəni Aşıq Məmməd Sadaxlı), "Mehdi bəy" (söyləyəni Aşıq Əhməd Sadaxlı), "Koroğlu" dastanından "Pərzad xanımın Çənlibelə gəlməyi" və ya "Ağca quzu" (söyləyəni Aslan Kosalı) kimi dastanlar musiqişünas-bəstəkar Azad Ozan Kərimlinin not yazısı ilə çapa hazırlanmışdır.

Qeyd etdiyimiz naməlum dastanlarla yanaşı, "Xəstə Qasım", "İsmayıl-Qızyetər", "Yetim Hüceyn", "Şair Ağacanın Turkiyə səfəri", "Şah İcmayılın ata mülkü" kimi orijinal dastanlar da ilk dəfə Borçalıdan yazıya alınıb.

Borçalı folklorunun aparıcı qollarından biri də bayatı janrıdır. Demək olar ki, bayatı borçalıların, xüsusilə də yaşlı nəslin gündəlik qayğılarını, sevinc və kədərini addımbaşı əks etdirən ömür-gün sirdaşıdır. Bu bölgədə bəlkə saatlarla bayatı söyləyən, gileyini də, dərdini də, umu-küsünü də, sevincini də bayatı ilə ifadə edən ağbirçəklər, üzü nurlu ağsaqqallar saysız-hesabsızdır. İlk baxışdan adama elə gəlir ki, bu mahala bayatı səpilib. Əgər marağın varsa, nənə-babalar dilləri ilə biçib-tökəcək, sənə sovqat verəcək bu nemətdən. Əgər necə illərdən bəri eldən-obadan ayrılmısansa, nənə-babana baş çəkməyi unutmusansa, uzaq şəhərlərdə görüşünə gedəndə nənən də, baban da səni gileyli bayatı ilə qarşılayıb bağrına basacaq:

Yalqız ağac yoldadı,
Dağlar ona daldadı.
Demirsənmi, ay zalım,
Gözlərimiz yoldadı.

...Mərəndə gəl
Xas gülün dərəndə gəl.
Bir gəldin xəstə gördün,
Bir də can verəndə gəl.

Bu bayatılarda elinə, obasına, soyuna-kökünə dönük çıxanların da payı var, nənə-babaların son sözüdür bunlar:

Mən aşiq Mərəndə gəl,
Gulləri dərəndə gəl,
Sağlığımda gəlmədin,
Barı can verəndə gəl.

Yazıya alınan Borçalı bayatılarında başqa bölgələrdə az təsadüf edilən bir əsas cəhəti xatırlamaq yerinə düşərdi. Bu bölgədə ağsaqqallardan və aşıqlardan toplanan bayatıların ilk sətirlərinin kəsik olmasıdır. Bu bayatıların ilk sətirləri də Kərkük xoyratlarında olduğu kimi yarımçıqdır. Bu əlamət indiyədək bəzi mütəxəssislərin söylədikləri "kəsik bayatılar ancaq Kərkuk turklərinə məxsusdur" hökmünü alt-ust etməklə yanaşı, eyni zamanda Kərkukdəki soydaşlarımızın Oğuz boyundan olmasını və vaxtilə onların bu ərazilərdən keçib getmələrindən xəbər verir. Onu da deyək ki, bəhs etdiyimiz bayatıların əksəriyyəti Kərkuk xoyratlarında olduğu kimi cinas qafiyələr üzərində qurulur və sənətkarlıq baxımından olduqca kamil nümunələrdir. Fikrimizi əyaniləşdirmək üçün həmin bayatılardan bir neçəsinə diqqət yetirək:

...Dərd ağıl,
Başda qoymaz dərd ağıl,
Səni ki, mehman etməz,
Xanə, yurd ol, dər dağıl.

...Qars ayaz,

Bura qışdı, raps ayaz.
Qələm, qurbanın olum, Qismətimi Qarsa yaz.

...Dağıdannar,
Yıxannar, dağıdannar,
Ovçu maral vurmasa,
Qayıdar dağı-dannar.

... Yasa bax,
Qara geymiş yasa bax,
Əzrayıla borclu can,
Ya bu gündü, ya sabah.

... Belə meylər,
İçilməz belə meylər,
Sevən yar sevdiyinin
Axrını beləmi eylər .

Borçalı folklor antologiyasında aşıq və el şairlərinin tərcümeyi-halı və fərdi yaradıcılığı da öz əksini tapır. Bu bölgədə Xəstə Qasımla bir dövrdə yaşamış Xəstə Həsən, Qarani, son dövrlərdə Qul Allahqulu, Dost Pirməmməd, Şenlik, Güllər Pəri, İsmayıl Güllər, Faxralı şair Nəbi, Aşıq Oruc, Aşıq həsən, Quşçu İbrahim, şair Ağacan, Aşıq Sadıq və Məmməd Sultanov qardaşları, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı kimi dünyadan köçmüş ustadlar olmuşdur ki, bunların bir neçəsinin yaradıcılığı ilə oxucu kütləsini tanış etmək yerinə düşərdi.

Azərbaycanla gürcu xalqı arasında ədəbi və mədəni əlaqələrin inkişafında və yayılmasında Borçalı aşıq sənətinin çox böyük rolu olmuşdur. Şifahi xalq ədəbiyyatının, o cümlədən Azərbaycan folklorunun təbliğində Borçalı aşıqları mühüm rol oynamış və hazırda da oynamaqda davam edir.

Aşıq ədəbiyyatı tarixində Səfil təxəllusu ilə şerlər yazan (XVIII əsr) bir sıra aşıqlar olmuşdur ki, onlardan biri də Şenlikdir (Çıldırlı). O aşıq Şenlik ki, əvəz-olunmaz ustaddır.

Borçalıda yaşayıb-yaratmış, 1987-ci ildə dünyasını dəyişmiş qocaman aşıq Hüseyn Saraclı Səfilin Aşıq Şenliyin doğrudan da təxəllusu olduğunu təsdiq edib göstərir ki, Şenlik öz şerlərində Borçalı mahalının muxtəlif xalqlarının bir ərazidə mehriban, heç bir ayrı-seçkilik olmadan yaşamalarından danışır. Bu xalqların el, aşıq və ədəbi muhiti və onun təsiri o dövrdə nəinki Tiflis quberniyasında və Azərbaycanda, hətta Turkiyə, İran və s. Şərq dövlətlərində məşhur idi.

Şair Hüseyn istedadlı Borçalı şairlərindən olub. O, 1913-cü ildə Bolnisi rayonunun Saraclı kəndində anadan olub. Şair təbli Aşıq Hüseyn keşməkeşli yaradıcılıq illərində şair Nəbi, Ağacan, Aşıq Şenlik kimi ölməz sənətkarlarla tanış olmuş, yeri gəldikcə sinədəftər şerlər demişdir. Aşıq Hüseyn Saraçlı ilk dəfə saz tutub, Borçalı qəzasının qocaman Sarvan məclislərində şair Ağacanla deyişib, onun bağlaması da diqqət mərkəzindədir.

Bunlarla yanaşı, bu dünyalarını dəyişmiş ustad sənətkarlarla birlikdə onların yaradıcılığından bəhrələnmiş hazırda fəaliyyət göstərən ustadlardan Alxan Qarayazlını, Kamandar Əfəndiyevi, Aslan Kosalını, Əhməd Sadaxlını, Məmməd Sadaxlını, Nurəddin Qasımlını, Faxralı Nurəddini bu gün də sinəsində saz məclisləri dolaşan, sez düzüb-qoşan mahir aşıq və şairləri göstərmək olar.

Borçalının məşhur müğənnisi isə Aşıq Nuru olmuşdur. Aşıq Şenliyin söylədiyinə görə, o, tez-tez Borçalı mahalında-əsasən Sarvan, Qasımlı, Sadaxlı, Hallavar, Meçidli, Korarxı, Arıxlı, İmirhəsən, Faxralı, Saraclı, Qızıl kilsə, Hamamlı, Kəmərli (Qəmərli), Gümrü, Ahılkələk, Sağamoy, Ahıska, Oqam, Xırtız, Xospiyə, Azğur, Qarayazı, Soğanlıq və s. məntəqələrdə olub, toy məclisləri aparmışdır.

Borçalıda aşıqlara həm də "el anası" deyirlər. Bu elin aşıqlara verdiyi ən böyük qiymətdir. Biz də Borçalı folklor antologiyasında ağız ədəbiyyatının və "el anaları"nın

özünə görə mənzərəsini canlandırıb oxuculara çatdırmaq niyyətindəyik. Faxralı şairi Nəbi öz divanilərinin birində "el anası" adına layiq olduğunu necə də gözəl deyib:

Adımdı şair Nəbi, sənətin binasıyam,
Sərraf olsa bu məkanda aşıqların xasıyam,
Aşıq olub el gəzmişəm, mən elin anasıyam,
Tutmuşam meydanını, dönməz pəhləvan olmuşam.

Bəli, Borçalı kimi qədim bir diyarın folklorunu toplayıb üzə çıxarmaq istəyiriksə, olub-keçənləri bilməliyik. Folklor da tarixdir. Xalqın mənəvi tarixidir. Hər bir folklor nümunəsində tariximizin bir anı yaşayır. Bu baxımdan Borçalıdakı tarixi adları, toponimləri öyrənmək faydalıdır. Son dövrlərdə bu sahədə də az-çox iş görülməkdədir. Borçalı-Azərbaycan türklərinin bu ulu məskəni arxeoloqların, etnoqrafların, tarixçilərin yolunu gözləyir. Bizim araşdırmalarımız gələcəkdə yuxarıda sadalanan, vaxtı gecikmiş problemlərin öyrənilməsində ixtisas sahiblərinin görəcəkləri işləri bir az sürətləndirər. Etiraf edək ki, bu məsələlərlə bağlı deyiləsi və görüləsi dərdlərimiz çoxdur.

Bu gün bizim nənələrimizin əl işləri başqalarının adına yazılır. Üstəlik tarımız, qara zurnamız, yastı balabanımız, sədəfli sazlarımız "gürcü və erməni musiqi alətləri" kimi Gürcüstan, Ermənistan muzeylərində nümayiş etdirilir. Buna görə də biz borçalılar şirin sözlərə qulaq asıb, namərdi irəli buraxmamalıyıq. Artıq dərk edib başa duşməliyik ki, tarixi incilərimiz get-gedə bizə qarşı yadlaşır. Bu yadlaşma prosesinin qarşısını tam və qəti olaraq almalıyıq?!
Bu xəbər oxucular tərəfindən 1725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed