Şrift:
“Günəşə sarı gəlin”!
15.11.2011 [02:21] - Köşə yazarları, Fərəc Quliyev
Fərəc Quliyev: “Bitkilər Günəşə boylanan kimi millətlər də azadlıqlarına boylanır”


Həftəmiz Dirçəliş Günü ilə xarakterizə olunur. Millət qan tökərək, mücadilə edərək azadlığını qazandı. Meydanlara axışan milyonlarla insanın mücadiləsi nəticəsiz qalmadı. 17 noyabr xalqımizin şərəf tarixinə əbədi həkk olundu. Bu münasibətlə hər kəsi təbrik edir, müsahibimiz, adını məhz bu gündən götürmüş Milli Dirçəliş Hərəkatı Patiyasının sədri olan, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyevlə söhbətimizi diqqətinizə çatdırırıq:


-Fərəc bəy, meydan hərəkatında xalqda o ruh hardan idi? Yetmiş illik əsarət əslində belə bir milli-inqlabi şüura imkan verməməliydi axı...
-Hər millətin milli dirçəlişi sönməyən və heç vaxt bitməyən bir prosesdir ki, bu milli dirçəliş daima millətin layiq olduğu yerə yüksəliş cəhdi, boylanmasıdır. Bütün millətlər bir-biri ilə görünməyən mücadilədədirlər, hər kəs öndə olmaq istəyir. Sanki bir təbiət prinsipi var burda. Bitkilər Günəşə boylanan kimi millətlər də azadlığa boylanır və istəyirlər ki, azadlıqları olsun. Öz əhalisi sağlam olsun, bitib-tükənməsin. Kim nə deyir-desin nə cəmiyyətdə, nə də təbiətdə bərabərlik yoxdur. Hər millətin var olması öz mücadiləsinə bağlıdır. Milli dirçəliş də budur. Müharibə zamanı bu hərbi dirçəliş səviyyəsində ola bilər, dinc dövrdə iqtisadi dirçəliş səviyyəsində, hər şeyin qaydasında olduğu bir dövrdə kamilləşmə mənasında ola bilər. Ritualla müqayisə eləsək mübarizə bir növ namazdakı ibadət kimidir. İnsan kamilləşmək üçün namaz qılır, birbaşa Allahla ünsiyyətdə olur və daima ona yüksəlməyə, ona çatmağa çalışır. Millət də eləcə. Ən kamil formada bir yerlərə çatmaq istəyir.
Türk milləti tarixin müəyyən dönəmlərində bu mərhələni çox ləyaqətlə keçib, imperiyalar qurmağa qədər gəlib çatıb. Bizim qurduğumuz imperiyalar barbar imperiyaları olmayıb, heç bir millət assimilyasiya olunmayıb, yer üzündən silinməyib, heç bir millətin mədəniyyətinə basqı olmayıb, mədəniyyət abidələri dağıdılmayıb. Yəni dünyanın, bəşəriyyətin vahid ailə kimi yaşamasını təmin edən ədalətli bir sistem qurub həmişə. Azərbaycan ərazisində daima dövlətlər olub. Bizim dövlətçilik ənənəmiz var. Azərbaycanda marağı olan qüvvələrin Azərbaycanı işğal altında saxlama, yer üzündən silmə cəhdləri olmasına baxmayaraq zaman-zaman dövlətçiliyimizi itirsək də, geri qazanmağı da bacarmışıq. Son əsrdə bir neçə dəfə Güney Azərbaycanda, iki dəfə Şimali Azərbaycanda dövlət qurmağımız bunu sübut edir.
Bu, xalqın dövlətçilik ənənələri, millətin özünə qayıdışı, özünə boylanması, özünü tapması və tarixi-coğrafi ərazisində xalqlaşmadan millətləşməyə keçmək, təbii ki, dövlət qurmadan millətləşmə olmaz, kimi mücadiləsi də bir enən-qalxan dalğavari proses idi. 1988-ci ildə başlayıb 1991-ci ildə sonuclanmış proses də həmin dalğalardan birinin son dalğası idi ki, yekun nəticəsini verdi. Bu, eyni zamanda millətin psixoloji cəhətdən bu məsələyə hazır olması, daima mücadilə verməsi və onun layiq olduğu bir sonucu alması idi. Millətə azadlığı vermirlər. Yəni millətin uzun illər apardığı mücadiləni-dinc dövrdə inkişaf mərhələsini, hərbi dövrdə döyüş meydanında dirçəlməsi, işğalda olanda azadlıq uğrunda dirçəlməsini kompleks halında götürəndə sonuc olaraq müstəqilliyini təsbit eləyən və dövlətləşməyə gedib çatdığı bir dövrdür.
Azərbaycan üçün milli dirçəliş, milli azadlıq hərəkatı yenə də davam edir, çünki Azərbaycan özünün 483 min kv.km ərazisinin kiçik bir hissəsində dövlət qurub və haqqıdır ki, özünün tam ərazisində dövlətini qursun. Bir millətin yarımçıq mücadiləsi olmaz. Amma mən əminəm ki, Quzey Azərbaycanda 17 noyabrda bizim simvolik olaraq Dirçəliş Günü kimi qeyd elədiyimiz proses Bütöv Azərbaycanın müstəqilliyinin və tamlaşmasının təsbitilə sonuclanacaq. Mən qəzetinizin vasitəsilə kollektivinizi və xalqımızı təbrik edirəm.

-Sizcə “17 Noyabr”, “20 Yanvar”, “18 Oktyabr” tarixlərinin hansı daha zirvədədir?
-Bilirsiniz, bu tarixlər bir zəncirin həlqələridir və heç birini bir-birindən ayırmaq olmaz. Deyək ki, “20 Yanvar”-ı ona görə törətdilər ki, müstəqilliyə gedən yol var idi və bu yolun qarşısı kəsilirdi. O vaxt Sovet İmperiyasının Silahlı Qüvvələrinin başçısı marşal Yazov açıq şəkildə deyirdi ki, “mən Azərbaycana Azərbaycan Xalq Hərəkatının başında duran Xalq Cəbhəsini əzməyə gəldim!” yəni məqsəd Azərbaycan xalqının müstəqilliyə çatmasının qarşısını almaq idi. Xalq əzilsə də, qan tökülsə də, şəhidlər versə də bu davanın sonucu olaraq müstəqillik əldə olundu. Xalq bilirdi ki, onun üzərində dayananlar böyük qardaş deyillər, böyük düşmənlərdir və illərdir imperiyanın xəzinəsinə verdiyi pullar onu qorumağa yox, onu əzmək üçün silah-sursat almağa yönəlib. Ən azı xalq bildi ki, torpaqları ermənilərə verən də kimlərdilər, bu gün Bakıya gələndə gül dəstəsilə onları qarşılamağa çıxanları 20 yanvarda tank altına salanlar da kimlərdilər. Bunlar aydın olandan sonra millət öz dövlətimiz və öz ordumuz olmalıdır prinsipinə sonuc verərək müstəqillik qazandı. Yəni “17 Noyabr”, “20 Yanvar” və “18 Oktyabr” hadisələri bir zəncirin həlqələridir və bunları ayrı-ayrılıqda təsəvvür eləmək olmaz. Bunlar bir prosesdən doğan, bir prosesi sona çatdıran mərhələlərdir. Mən bunların heç birini ayrıca qeyd etmək istəmirəm.

-Milli Dirçəliş Hərəkatı Partiyası bu günü necə qeyd etməyə hazırlaşır? Axı, partiya adını məhz bu gündən götürüb...
-Biz, Milli Dirçəliş Hərəkatı Partiyası olaraq müstəqilliyimizin 20 illiyi və “17 - noyabr Milli Dirçəliş Günü” ilə bağlı bu ilin 7 may tarixindən başlayaraq “Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda ən yaxşı yazı müsabiqəsi elan eləmişdik, artıq o yekunlaşıb, ayın 16-da qalibləri mükafatlandırma mərasimini keçirəcəyik. Tədbir çox maraqlı olacaq, cünki həm Azərbaycanda təhsil alan azərbaycanlı və türkiyəli tələbələr, eyni zamanda Türkiyədə təhsil alan azərbaycanlı və türkiyəli tələbələrin müsabiqədə iştirakını təmin eləmişdik. Mükafat yerlərindən birini də Türkiyədə təhsil alan türkiyəli tələbələrdən biri qazanıb. Biz fərq qoymadan Türk dünyasının dirçəlişinə yönəlirik. Müsabiqəni xüsusi olaraq 7 Maydan başlamışdıq. Məlum olduğu kimi partiyamızın təsis qurultayı da 7 May 2005-ci ildə keçirilib. Simvolik olaraq bu rəqəmlər bir-birini qapadan rəqəmlərdir. Mənim 7 rəqəmindən çox xoşum gəlir, türkədüşər bir rəqəmdir. Düşünürəm ki, bu da simvolik xarakter daşıyır həm də 17-si ilə bağlı olaraq. Bundan başqa zal tədbirləri nəzərdə tutulub, gənclərimizin müəyyən tədbirləri var. Başqalarının tədbirlərində iştirak edəcəyik. Rayon şöbələri bir sıra tədbirlər keçirəcək. Mən bizim təşkilatın adının Milli Dirçəliş Hərəkatı olduğuna görə yox, ümumiyyətlə xalqımızın dirçəlişi adına simvolik bir gün olduğu üçün, ciddi şəkildə, dövlət səviyyəsində keçirilməsinin tərəfdarıyam. Arzum budur ki, hər kəs bu məsələyə əl qoysun.

-Yeri gəlmişkən, bu günün qeyri-iş günü kimi qeyd olunmamasına münasibətiniz necədir?
-Mən bu günü çox ciddi, əhəmiyyətli bir gün hesab edirəm. Dirçəliş günü az qala Ergenekondan Türkün çıxışı kimi bir şeydir. Bilirsiz, götürək “Sarı gəlin”i. Bəzən mahnı kimi qəbul edilir amma unuduruq ki, “Sarı gəlin”in fərqli bir fəlsəfəsi var. Sarı günəş rəmzi, gəlin isə çağırışdır. Yəni “Günəşə sarı gəlin”!
“Sarı gəlin”qaranlıqdan Günəşə çağırış, türkün özünə çağırışıdır. Ergenokandan çıxış simvolu olaraq da biz milli dirçəlişi yenidən millətin Ergenekondan çıxışı kimi qəbul edirik. Qaranlıq mağara-imperiyadan millət azadlığa-Günəşə çıxır. Bu mənada “17 Noyabrın” bizim millət üçün milli gün kimi çox ciddi əhəmiyyəti olduğunu hesab edirəm.

Müsahibəni götürdü: Nigar İSFƏNDİYARQIZI
Bu xəbər oxucular tərəfindən 1465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed