Şrift:
Avstraliyada qondarma erməni soyqırımının tanınmasına qarşı aksiya keçirilib
19.06.2013 [10:36] - Gündəm, Diaspor
Sidney şəhərində Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının parlament binası qarşısında bu qurumun bu il mayın 8-də yunanlara, assuriyalılara və ermənilərə qarşı 1914-1923-cü illərdə Osmanlı imperiyası tərəfindən guya "soyqırım" törədilməsi iddialarının tanınması barədə qərar qəbul etməsinə qarşı etiraz aksiyası keçirilib.
Mitinqdə Azərbaycan, Türkiyə, Şimali Kipr və digər türkdilli ölkələrdən olan iki mindən artıq insan iştirak edib. Sidney şəhərinin mərkəzində ANZAC abidəsinin ziyarəti ilə başlayan aksiyada parlamentin tarixi məsələlərə qərəzli yanaşması pislənilib. Etiraz mitinqində "Tarixi tarixçilər araşdırsın!", "Parlament məhkəmə deyil!", "Yalan və nifrəti yaymağa son qoy!", "Avstraliya çoxmədəniyyətliliyini qorumalıdır!", "8 may tarixini unutmayacağıq" kimi şüarlar səsləndirilib.
Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin prezidenti İmamətdin Qasımovun sozlərinə görə, etirazın əsas məqsədi ictimaiyyəti məlumatlandırmaq və parlamenti gələcəkdə belə addımlar atmaqdan çəkindirməkdir: "Biz Avstraliyada bütün icma nümayəndələrinin dostluq və sülh şəraitində yaşamasını istəyirik. Uydurma iddialar əsasında parlament tərəfindən hər hansı qərarın qəbul edilməsi və bunun gələcək nəsillər tərəfindən tarixi fakt kimi öyrənilməsi millətlər arasında nifrət hissinin yaranmasına səbəb olur. Biz hesab edirik ki, tarixi hadisələri tarixçilər araşdırmalı və ona düzgün qiymət verməlidilər. Parlamentin işi də millətlərarası nifrət hissini deyil, dostluğu və sülhü təbliğ etmək olmalıdır".
Etiraz aksiyası Avstraliya-Türk Alyansının təşəbbüsü ilə digər türkdilli xalqların yerli diaspor təşkilatları, o cümlədən Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin iştirakı ilə baş tutub.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed