Şrift:
Ərdoğanın Atatürk ideyalarına savaşı
19.06.2013 [12:59] - Türk dünyası-Turan, Müsahibə
Razi Nurullayev: «Taksimdə baş verənlər bir bəhanə idi, insanlar ciddi islahatlar istəyirlər»

Elşən Həsənov: «Meydanlara axışan insanlara kinli münasibətdən yalnız Türkiyənin düşmənləri yararlana bilərlər»


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir qrup sənətçi və etirazçılarla görüşü heç bir nəticə vermədi. Gəzinti Parkında toplaşanlar aksiyalarını davam etdirəcəklərini bəyan etdilər. Bunun müqabilində baş nazir nümayişçilərə sonuncu xəbərdarlığını edib.
Ərdoğan hökumətin qərarından vaz keçməyəcəyini bildirib: «Sizlər səmimi olaraq tələblərinizi irəli sürdüz. Amma sizin bu səmimiyyətinzdən istifadə edənlər var. Baş verənlərdə müəyyən qrupların maraqları var. Onların oyunlarına alət olmayın. Siz oradan çəkilin, bizi həmin qruplaşmalarla qarşı-qarşıya qoyun. Onların öhdəsindən biz gələrik. Çünki bu park istanbullularındır, turistlərindir. Bir yerə qədər səbr etdik. Artıq səbrimiz tükənmək üzrədir. Bir daha xəbərdarlıq edirəm. Analar və atalar, lütfən övladlarınıza sahib çıxın. Oradan çəkilsinlər. İstanbul xalqı nə qərar versə, ona tabe olacağıq».
Baş nazir televiziya ilə çıxışında artıq polisin Taksim meydanı və Gəzinti parkında düşərgə salınmasına imkan verməyəcəyini bəyan edib. Aksiyaçılar isə parkı tərk etmək fikrində deyillər və referendum təklifinin normal qərar olmadığını deyirlər.
Fransanın «Atlantiso» nəşri Türkiyənin «ərəb baharı»ndan yararlanmaq imkanlarından bəhs edən məqalə ilə çıxış edib. Nəşrin yazdığına görə, Türkiyə «ərəb baharı»nın baş verdiyi, yaxud inqilabın yetişdiyi ölkələrə iqtisadi və ideoloji hücuma keçməyə hazırlaşır. Ümumiyyətlə, ərəb baharından sonra Türkiyə yeni Osmanlı imperiyasını yarada bilərmi?
Politoloq Natiq Miri qeyd edib ki, «Osmanlıya qayıdış» fikri Türkiyənin böyüməsini, inkişafını, regional və qlobal güc olmaq istəyini həzm edə bilməyən ölkələrin ortalığa atdığı absurd bir fərziyyədir: «Söhbət yeni bir Osmanlı imperiyasının qurulmasından getmir. Bu gün müasir Türkiyənin xarici siyasətində prioritet qonşularla sıfır problem üzərində qurulub. Niyə? Çünki qonşularla münasibətlər yüksək səviyyədə olmadan, eyni zamanda daxildəki bütün problemləri həll etmədən Türkiyənin regional və böyük güc olması böyük bir problem olaraq qalmaqda davam edəcək. Bu gün Ankara müstəqil xarici siyasət yürütdükcə, eyni zamanda regionda, xüsusilə də Orta Şərqdə bir həlledici söz sahibinə çevrildikcə, hiss olunur ki, Türkiyəni həzm etməyən, onun böyüməsini və Avropa Birliyinə üzv olmasını istəməyən bir çox ölkələr rəsmi Ankaraya qarşı ciddi mənada düşmən bir pozisiya tutublar. Bütün dünya mətbuatında bu mövqe hiss olunur. Hesab edirəm ki, Türkiyə böyüdükcə, bu hiss olunmaqda davam edəcək».
Natiq Mirinin sözlərinə görə, bu gün Türkiyə Avroatlantik məkana rəqib mövqe sərgiləyən Rusiya ilə isti münasibətlərdədir və birgə layihələr həyata keçirməkdə davam edirlər: «Bu da təbii ki, dünyanın bəzi güclərini qane etmir. Ona görə də bu cür təbliğat nöqteyi-nəzərli ortalığa atılmış fərziyyələr yalnız və yalnız Ankaranı gözdən salmaq, beynəlxalq ictimai rəydə Türkiyəni bir növ geri qalmış, neoosmançılıq siyasəti yürüdən ölkə kimi qabartmaq istəyirlər».
Politoloq Razi Nurullayevin fikrincə isə bütün fəaliyyətlərdə olduğu kimi Türkiyədə baş verənlərin arxasında müəyyən məqsədlər, hədəflər, hətta blkə insanlarının özlərinin bəlli istəkləri dayanır: «Taksimdə baş verənlər həm də bir bəhanə oldu. İnsanlar daha ciddi islahatların həyata keçirilməsini istəyirlər. Son zamanlar Ərdoğan hakimiyyətinin özünün bütünlüklə cəmiyyətə müxalifətdə olması nəzərə çarpırdı ki, bu da nəticədə narazı kəsimin etirazlarına səbəb oldu. Məsələn, Türkiyənin qonşularla «sıfır problem» siyasətinin, yeni Osmançılıq ideologiyasının özünü doğrultmaması cəmiyyətdə bir etiraz yaratdı. Hesab edirəm ki, son hadisələr növbəti seçkilərdə Ərdoğan üçün əlavə çətinliklər yaradacaq».
Ekspert Anar Qaraxancalli isə qeyd edib ki, Taksim meydanında baş verən hadisələri BBC, «Euronews», CNN, «Röyter», «AP», «Əl-Cəzirə» kimi ən böyük media qurumları canfəşanlıqla meydandan canlı yayımlayırlar: «Niyə bu qədər maraq göstərirlər hadisələrə? Niyə İraqda, Suriyada, Myanmarda hər gün öldürülən insanlar, partlayan bombalar o qədər diqqətlərini çəkmir? Niyələri çoxaltmaq olar. Amma cavab təkdir. Bəzi qüvvələr üçün əsas məsələ «xəbər» deyil, əsas məqsəd qarşı cəbhədə yüksələn tək-tük səsləri də boğmaqdır. Onların göstərdiyi istiqamətdə hərəkət etməmək «bağışlanılmaz» səhvdir. Ona görə də, Türkiyənin qarışması bəziləri üçün həyati önəm daşıyır. O qüvvələr Şərqin və Qərbin qovşağında yerləşən bu müsəlman ölkəsinin dirçəlməməsi üçün əllərindən gələni edəcəklər. Təəssüflər olsun ki, Türkiyə hökuməti problemin ilk günlərində yanlış siyasət yürütdü. Nəticədə, hadisələr bütün ölkəyə yayıldı».
Ekspert Elman Cəlilov isə Türkiyədə baş verənlərdə birbaşa AKP hakimiyyətini günahlandırdı: «Türkiyədə baş verən son hadisələr düzgün qiymətləndirilmir. Bəziləri bunu islami qüvvələrlə sekluyarizm tərəfdarlarının qarşıdurması kimi qələmə versələr də əslində məlum hadisələr imperializmə qarşı türk millətinin Qurtuluş savaşıdır. Hətta indiki vəziyyət Qurtuluş savaşı dövründə olduğundan da mürəkkəbdir. AKP hökuməti din pərdəsi altında dövlətin bütün strukturlarını ələ keçirib. Ərdoğan hökumətinin siyasəti bütünlüklə Türkiyə dövlətinin beynəlxalq nüfuzunun aşağı salınmasına yönəlib».
Politoloq Elşən Həsənov isə bildirib ki, AKP-nin bütün siyasəti Atatürk ideyalarına qarşı yönəlib: «Bu Atatürk ideyalarına qarşı bir savaşdır. Yeni Osmançılıq ideyasının iflasa uğraması deməkdir. Taksimdə baş verən olaylardan bu günədək baş nazirin verdiyi bütün açıqlamalar vəziyyəti daha da gərginləşdirib. Onun ifadələrində xalqı sakitləşdirən heç bir məqam yoxdur. Yalnız hədə-qorxudur. Bu isə Türkiyənin regionda nüfuzuna xələl gətirir. Təbii ki, belə yanaşmalardan, meydanlara axışan insanlara kinli münasibətdən yalnız Türkiyənin düşmənləri yararlana bilərlər. Ərdoğan etirazları zor gücünə, qanla yatırmağa çalışır. Bu gün Avropa ölkələrində də etiraz aksiyaları keçirilir. Amma o aksiyalara o qədər də əhəmiyyət, diqqət ayrılmır. Çünki Avropada xristian birliyi mövcuddur. Amma Türkiyədə durum fərqlidir, hadisələr öz məcrasından çıxmaqda davam edərsə, Ərdoğan siyasətində korrektələr etməzsə onda kənar qüvvələr, xüsusilə Avropa bu hadisələri daha xaotik istiqamətə yönəltməyə çalışacaq».
Cavid
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed