Şrift:
Bu gün Ümumdünya Qaçqınlar Günüdür
20.06.2013 [12:26] - Xəbərlər, Gündəm
Bu gün dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur.
BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.

XXI əsrin olmasına baxmayaraq, çox təəssüf ki, dünya bu bəladan qurtula bilməyib. Bu gün dünyada milyonlarla insan zora, təcavüzə, işgəncələrə məruz qalaraq öz doğma yurd-yuvalarından didərgin düşüblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) 2012-ci il üzrə hesabatına görə, Suriya böhranı dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərir. Bu böhran nəticəsində qaçqın və ya məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddə çatıb.

Hesabata görə, 2012-ci ilin sonlarında, 45.2 milyondan artıq insan didərginlik vəziyyətində olub (2011-ci ilin sonunda bu rəqəm 42.5 milyon olub). 45.2 milyon didərgin insandan 15.4 milyonu qaçqın, 937 mini sığınacaq axtaran şəxs və 28.8 milyonu isə öz ölkəsi daxilində köçməyə məcbur edilmiş şəxslərdir.

Sənəddə bildirilir ki, müharibə dominant səbəb olaraq qalır. Hesabatda göstərilən bütün qaçqınların 55 faizi müharibəyə məruz qalmış beş əsas ölkədən - Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır. Hesabat, həmçinin, Malidən Konqo Demokratik Respublikasına və Sudandan Cənubi Sudana və Efiopiyaya yeni əsas didərgin axınının olduğunu əks etdirir.

Hesabat bəzi ərazilərdə narahatedici meylləri qabarıq göstərir. Bunlardan biri bu gün insanların zorla didərginlik vəziyyətinə salınması dərəcəsinin yüksək olmasıdır. Belə ki, 2012-ci ildə 7,6 milyon insan didərgin salınıb. Onların 1,1 milyonu qaçqınlar, 6,5 milyonu isə məcburi köçkünlər olub. Bu o deməkdir ki, hər 4,1 saniyədə bir insan qaçqına və ya məcburi köçkünə çevrilir.

Hesabatda bədbin faktlarla yanaşı sevindirici məqamlar da öz əksini tapıb. Belə ki, 2012-ci ildə 2,7 milyon insanın, o cümlədən 526 min qaçqının və 2,1 milyon məcburi köçkünün didərginliyi başa çatıb. Həll yolu müəyyən edilmiş qaçqınlardan 74800 nəfəri BMT QAK tərəfindən barələrində üçüncü ölkələrdə yerləşdirilmə üçün müraciətlər edilmiş şəxslərdir.

Məlumata görə, ötən il qaçqınların əsas hissəsinin yerləşməsi üzrə ölkələrin sıralanmasında 2011-ci ildən cüzi fərq olub. Pakistan ən çox qaçqını (1,6 milyon nəfər) olan ölkədir. Bu sıralamada növbəti yerləri İran (868 200) və Almaniya (589 700) tutur.

Əfqanıstan dünyanın ən böyük qaçqın istehsalçısı olaraq qalır və bu yeri artıq 32 ildir saxlayır. Orta hesabla, dünyada olan hər dörd qaçqından biri əfqandır ki, onların da 95 faizi Pakistan və İranda məskunlaşıb. Digər uzanan münaqişə ölkəsi Somali 2012-ci ildə dünyanın ikinci ən böyük qaçqın istehsal edən ölkəsi olub. Lakin orada qaçqın axını dərəcəsi aşağı düşüb. İraqlılar üçüncü ən böyük qaçqın qrupunu təşkil ediblər (746 700 nəfər), onun ardınca isə suriyalılar (471 400) gəlir.

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib.

Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.

Bundan başqa, Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn təxminən 50 min nəfər Ahıska türkü, həmçinin, 11 minə yaxın sığınacaq axtaranlar da qaçqın kimi ölkəmizdə qeydiyyatdadır.

Azərbaycan dövləti həmişə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, onların sosial qayğılarının aradan qaldırılmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Bu siyasi kursun əsası isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.

1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Ondan bir il sonra ölkə Prezidentinin Fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradılıb.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

2007-ci ildə həmin Sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib.

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, onların qarşılaşdıqları problemlərin həlli sahəsində işlər bu gün də uğurla davam etdirilir. Bununla belə bütün azərbaycanlıların bir arzusu var: işğal edilmiş torpaqlarımız tezliklə düşmən işğalından azad edilsin, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıtsınlar.

Babək Cahandarov
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed