Şrift:
Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı
20.06.2013 [13:41] - Gündəm, Sosial
Direktorlar uşaqların qayğılarına biganə, işə məsuliyyətsiz yanaşıblar

Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən 3 təhsil müəssisəsində araşdırma aparılıb. Bakı şəhərində yerləşən təhsil müəssisəsilərində ciddi faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb.

Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin çoxsaylı şikayətləri daxil olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. Nəticədə məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib. Hazırda qeyd olunan təhsil müəssisəsində aparılan araşdırmalar davam etdirilir.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin direktoru K.Hacıyev və 11 nömrəli xüsusi internat məktəbin direktoru M.Cəfərova uşaqların sosial-məişət qayğılarına biganə münasibətlərinə, işə məsuliyyətsiz yanaşdıqlarına, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə təhsil nazirinin müvafiq əmri ilə tutduqları vəzifədən azad ediliblər.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə işdə ciddi nöqsanlara yol vermiş şəxslərin yalnız intizam deyil, qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçiriləcək. Təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcəkdir.

Müvafiq nöqsanlarla bağlı görülmüş tədbirlərdən təhsil sistemində çalışan hər bir şəxs düzgün nəticə çıxarmalı, qanunvericiliyin tələblərinə riayət etməlidir.
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed