Şrift:
Milli Şurada vahid namizəd böhranı
21.06.2013 [11:29] - Gündəm, Siyasət
İsa Qəmbər:»Prezidentliyə vahid namizəd olmağımla bağlı təklif verməmişəm»

Səxavət Əlisoy:»Milli Şura vahid namizədi müəyyən edə bilməsə təşkilatın bir mənası olmayacaq»

Əvəz Temirxan:»Lalə Şövkət vahid namizədlik iddiasından əl çəkib»

Əli Əliyev: «Rüstəm İbrahimbəyov ümumiyyətlə, Azərbaycana gəlməyəcək»

Sabir Rüstəmxanlı: «Milli Şuranın bu qısa zamanda hansısa qərara gələcəyinə inanmıram»

Bu gün Azərbaycan mətbuatında ən çox müzakirə olunan məsələ Milli Şuranın vahid namizədinin kimin olması ilə bağlıdır. Ən maraqlı məqam isə, Milli Şurada cəm olanların vahid namizəd olması ilə bağlı tərəddüd etmələridir. Bu da vahid namizədin 2 il prezident olduqdan sonrakı dövr ərzində növbəti dəfə prezidentliyə namizədliyini verə bilməməsi ilə əlaqələndirilir.
Müsavat başqanı İsa Qəmbər də vahid namizəd olmaq istəmədiyini deyib. İsa Qəmbər bildirib ki, Demokratik Qüvvələrin Milli Şurasının 2 illik keçid dövrü üçün vahid namizədi olmaq fikri yoxdur: «Mən prezidentliyə vahid namizəd olmağımla bağlı təklif verməmişəm. Demokratik Qüvvələrin Milli Şurası partiya üzvü olmayan ziyalılarımızdan birinin 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası əsasında yaranıb. Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyovdur. Hazırda bu məsələ müzakirə mərhələsindədir. Təsis bəyannaməsində 2 illik keçid dövrü hökuməti ilə bağlı kifayət qədər ciddi müddəalar var. Eyni zamanda, bu, bir bəyannamədir. İndiki mərhələdə ciddi sənədə ehtiyac var, bu sənədin layihəsi hazırlanmalıdır. İyunun 18-də Eldar Namazov və Əli Kərimli ilə işçi görüşümüzdə digər məsələlərlə yanaşı bu istiqamətdə də fikir mübadiləsi olub».
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Müsavat başqanının Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsi ilə bağlı verdiyi açıqlamanı şərh edərkən bildirib ki, İsa Qəmbərin mövqeyində gözlənilməz və təəccüblü məqam yoxdur. Onun sözlərinə görə, Milli Şuranın hələ formalaşması prosesi dövründə də İsa Qəmbərin mövqeyi bəlli olub: «İsa Qəmbər əvvəl də bildirib ki, Milli Şuradan kənar bitərəf şəxsin vahid namizəd olmasını dəstəkləyəcəklər». Bununla yanaşı Pənah Hüseyn İsa Qəmbərin namizədliyini məqsədəuyğun sayır. Pənah Hüseyn bildirib ki, hazırda aparılan müzakirələrdə Milli Şuradan prezidentliyə namizəd kimi daha çox Rüstəm İbrahimbəyovun adı çəkilsə də, o, İsa Qəmbərin namizədliyini müdafiə edəcək.
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy isə diqqətə çatdırıb ki, İsa Qəmbər Milli Şuranın vahid namizədi olacağı ilə bağlı fikir səsləndirməyib: «Mən İsa Qəmbərin verdiyi bəyanatı əsas götürürəm. İsa Qəmbər özü dedi ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olmalıdır. Bundan başqa mətbuatda yayılan fərziyyələr, ehtimallar, kiminsə təxminləri əsassızdır. Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına İsa Qəmbər özü razılıq verib».
Lakin Səxavət Əlisoy Rüstəm İbrahimbəyovun vahid namizəd olması üçün onun Azərbaycanda olmasının vacibliyini vurğulayıb: «Təbii ki, qiyabi olaraq vahid namizəd seçilməyəcək. Vahid namizəd Azərbaycanda olmalıdır. Mən də hesab edirəm ki, Rüstəm İbrahimbəyov belə çox məsuliyyətli bir yükün altına giribsə, iddiası varsa, Azərbaycana gəlməlidir. Bu ciddi söhbətdir, zarafat, oyun deyil».
Bununla yanaşı Əlisoy Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi halda İsa Qəmbərin də namizədliyini istisna etmir: «Milli Şura vahid namizədi müəyyən edə bilməsə təşkilatın bir mənası olmayacaq».
Milli Şurada təmsil olunan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da təmsil etdiyi partiyanın Rüstəm İbrahimbəyovu dəstəklədiyini diqqətə çatdırıb: «Bu gün Milli Şuranın prezidentliyə ən optimal namizədi Rüstəm İbrahimbəyovdur. ALP lideri Lalə Şövkətin vahid namizədlik iddiasından əl çəkməsi təsadüfi deyil. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi olacaq».
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə hesab edir ki, Rüstəm İbrahimbəyov ümumiyyətlə, Azərbaycana gəlməyəcək: «Əvvəla, ona görə ki, Rüstəm İbrahimbəyov həbs olunmaqdan ehtiyatlanır, çünki faktiki olaraq o, atdığı addımları ilə özünü Azərbaycan üçün «arzuolunmaz şəxs» elan edib. İkincisi isə, layihənin müəllifləri Rüstəm İbrahimbəyovun namizədliyindən daha çox siyasi fiqurun namizəd olmasında maraqlıdırlar».
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı rəhbəri olduğu partiyanın prezident seçkilərində Milli Şuranın vahid namizədinə, ola bilsin ki, Rüstəm İbrahimbəyova dəstək verəcəyi haqda söz-söhbətlərə aydınlıq gətirdi. VHP sədri bu məsələnin partiyada müzakirə olunacağını bildirdi: «Bu məsələ bizim partiyada hələ müzakirə olunmayıb. Sadəcə olaraq onu deyə bilərəm ki, biz bunu müzakirə edəcəyik. Bizim nümayəndələrimiz ayrı-ayrılıqda nəsə deyə bilərlər, amma lazım olsa partiya olaraq ümumi qərarımızı açıqlayacağıq». Sabir Rüstəmxanlı daha sonra VHP-nin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib-dəstəkləməyəcəyi haqda sualımıza belə cavab verdi: «Biz əvvəl bildirmişdik ki, bizim öz namizədimiz olacaq. Hər halda mənim ümumi təsəvvürüm belədir ki, biz bu məsələdə çox geri qalmışıq. Milli Şuranın bu qısa zamanda hansısa qərara gələcəyinə inanmıram. Çoxlu variantlar var. Bunlar hamısı bir-birindən asılı məsələlərdir. Bunların hamısı hələ söz olaraq qalır. Bu «qız evində toydur, bəy evinin xəbəri yoxdur» məsəlinə bənzəyir. Qeyd edim ki, ümumi qərara gəlsələr, razılaşsalar, biz də öz mövqeyimizi bildirəcəyik».
Əli
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed