Şrift:
GAMMK İrandakı seçkilərlə bağlı bəyanat verib
21.06.2013 [12:12] - Gündəm, Güney Azərbaycan xəbərləri
«Həsən Ruhaninin və komandanın demokratiya və islahatdan danışması ancaq gülüş doğura bilər»

Güney Azərbaycan Milli Müdafiə Komitəsi İrandakı seçkilərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: «İranda keçirilən prezident seçkisi Tehran rejiminin çox incəlik və bacarıqla hazırladığı «azad səsvermə» şousu görüntüsündən başqa bir şey deyildir. Bu seçki rejimin hazırkı ağır durumunda, beynəlxalq təzyiqlərin artdığı və iqtisadi embarqoların sistemin ayaqda qalma şansını azaltdığı bir zamanda, özünü islahatçı göstərən cərəyanın diktatura sisteminin ömrünü uzatmaq üçün əlbirliyi ilə həyata keçirdikləri oyundur».
Bəyanatda daha sonra qeyd olunur ki, bu günə kimi bütün seçki öncəsi proseslərdə namizədlər ölkədə yaşayan millətlərə verdikləri heç bir vədə əməl etməyiblər: «Sadəcə xalqı sandıq başına çəkmək, seçki bazarını qızışdırmaq üçün millətlərin istəklərinin təmin olunması arzularından sui-istifadə ediblər. Həsən Ruhani və onun komandasının keçmişinə nəzər saldıqda belə bir şəxsin və komandanın demokratiya və islahatdan danışması ancaq gülüş doğura bilər».
Bəyanatda o da vurğulanır ki, daxildə və xaricdə, özəlliklə Azərbaycan Milli Hərəkatının içində olan bəzi şəxslərin, cərəyanların Həsən Ruhanini təbliğ etməsi onun qələbəsini sevinclə qarşılamaları, hərəkatın istəklərinə belələrinin səmimiliyinə şübhə etməyə əsas verir. GAMMK hesab edir ki, hakim ideologiya və regim devrilməyənə qədər ölkədəki insanların, çoxsaylı millətlərin öz istək və haqlarına çatacaqları mümkün deyil.
Bəyanat müəllifləri Azərbaycan Respublikasında özünü demokrat adlandıran və demokratik Azərbaycan uğrunda mübarizə apardıqlarını iddia edən bir sıra müxalifət partiyalarının, ziyalıların bu seçkiləri dəstəkləmələri və bunu demokratiyanın təzahürü kimi qələmə vermələrini güney və quzey Azərbaycan türklərinə qarşı hörmətsizlik kimi dəyərləndiriblər.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed