Şrift:
Vaşinqtonda Qarabağ müharibəsi qorxusu
21.06.2013 [12:35] - Xəbərlər, Gündəm
Ekspert Tomas de Vaal: “Təəssüf ki, Qarabağda status-kvo müharibə hesabına dəyişə bilər”

Vaşinqtonda “Azərbaycan və Ermənistan sülh və müharibə içərisində” adlı tədbir keçirilib. Qarabağ münaqişəsindən bəhs edən, “Qara Bağ” kitabının yenidən işıq üzü görməsi münasibətilə keçirilən tədbirdə onun müəllifi Tomas de Vaal və ABŞ-ın Azərbaycandakı keşmiş səfiri Riçard Kozlariç Azərbaycan-Ermənistan münaqişəsi ətrafında olan “Nə müharibə, nə sülh” vəziyyətinin gələcək perspektivlərini müzakirə ediblər.

Müəllif Tomas de Vaalın fikrincə, “Qara Bağ” kitabının 2003-cü ildə ilk dəfə işıq üzü görməsindən sonra regionda baş verən ən böyük dəyişiklik Azərbaycanın güclü dövlətə çevrilməsidir. Müəllifin fikrincə, bu, münaqişənin gələcəkdə sülhlə deyil, müharibə yolu ilə inkişafı ehtimalını artırır.

“Azərbaycan öz ərazilərini itirib, hətta Qarabağı bir kənara qoysaq belə, onun ətrafdakı ərazilərdən heç vaxt vaz keçməyəcək. Digər tərəfdən son 10 il ərzində Azərbaycan inkişaf edib, 90-cı illərdə bu əraziləri itirən zəif, çaşqın ölkə ilə müqayisədə qat-qat güclüdür. Odur ki, dinamika dəyişib və təəssüf ki, gələcəkdə status-kvo sülhlə deyil, müharibə hesabına dəyişə bilər”, – deyə Tomas de Vaal bildirib.

Bölgə üzrə digər ekspert, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç isə hesab edir ki, münaqişələrin həll olunması üçün güclü beynəlxalq iradə tələb olunur. Bununla belə, o, hazırda Qarabağ danışıqlarında əsas yükün tərəflərin öz üzərinə salındığı qənaətindədir.

“Mənə elə gəlir ki, bu, sülh prosesindən daha çox, münaqişəni yola vermək prosesidir. Bosniyada bizim 60 min qüvvəmiz var idi və biz tərəflərə nə etməli olduqlarını deyirdik. Diplomat kimi, biz hər iki tərəfdən kompromisə əsaslanan sövdələşməyə can atırıq. Biz başa düşürük ki, əgər sülh müqaviləsi bu gün imzalansa, həm Azərbaycan, həm də Ermənistanın rəhbərliyi çox böyük siyasi qiymət ödəməli ola bilər”, – deyə ABŞ-ın Azərbaycandakı sabiq səfiri qeyd edib.

10 il sonra yenidən işıq üzü görən “Qara Bağ” kitabı bir əlavə ilə çap olunub. Müəllif Gürcüstanda yerləşən Xocani kəndində azərbaycanlı və erməni əhalinin bir-biri ilə dinc yaşaması və bunun icmalarda hec bir problemə səbəb olmadığının şahidi olub. “Qara Bağ” müəllifi bu cür dinc yaşayışın bir gün Azərbaycanla Ermənistanda yenidən bərqərar olacağına ümid edir.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed