Şrift:
Azərbaycanla Ermənistan arasında insident
22.06.2013 [11:54] - Gündəm, Diaspor
İnsident İspaniyada keçirilmiş "Opus - 2013" mahnı müsabiqəsində baş verib


İyunun 14-21-də İspaniyanın Kataloniya vilayətində, Lloret de Mar şəhərində "Opus - 2013" IX Beynəlxalq Mahnı Müsabiqəsi keçirilib.

Dünya Azərbaycanlıları Konqresindən (DAK) Trend-ə verilən məlumata görə, dünyanın 20 ölkəsinin 14-21 yaşlı yeniyetmə və gəncləri arasında keçirilmiş müsabiqə Lloret de Mar şəhərinin Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil edilib. Belə bir mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G.Şarayeva adına 35 saylı Musiqi Məktəbinin şagirdi Emin Eminzadə də iştirak edib. DAK-ın gənc üzvü "Opus - 2012" VIII Beynəlxalq Mahnı Müsabiqəsinin laureatı kimi həm Azərbaycanı təmsil edib, həm də tədbirin Təşkilat Komitəsi tərəfindən builki müsabiqəyə fəxri qonaq kimi dəvət edilib, həmçinin belə bir mötəbər tədbirin aparıcılıq misssiyası gənc vokalçıya həvalə olunub.

Müsabiqəyə gəlincə isə 4 konsert proqramı olub. Emin Eminzadə şəhər meriyasının qarşısında, "Plaza Torent" meydanında, dənizkənarı parkda və qala konsertdə minlərlə tamaşaçının qarşısında çıxış edib. Tədbiri ingilis dilində aparan gənc vokalçı müsabiqə ərzində "Be my Guest", "Cry me a River" və mərhum görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa edib.

Bundan əlavə, Emin Eminzadənin müsabiqə zamanı Ermənistandan gələn nümayəndə heyətini sadə şəkildə təqdim etməsi insidentə səbəb olub. Belə ki, gənc vokalçı Ermənistan təmsilçisini səhnədə təqdim etməkdən və Ermənistan haqqında (müsabiqənin qaydalarına uyğun olaraq) xoş, tərifli sözlər deməkdən imtina edib.

Təşkilat Komitəsinin məsələyə müdaxilə etməsinə baxmayaraq, Emin Eminzadə birmənalı şəkildə buna qarşı çıxıb. Gənc vokalçı ya tədbiri aparmaqdan imtina edəcəyini, ya da Ermənistan təmsilçisini müsabiqənin qaydalarına uyğun olaraq təqdim etməyəcəyini bildirib. Sonda Ermənistan təmsilçisini Litvadan gələn qız aparıcı Ruta Lukoşevuçute təqdim edib.

Tədbirdə Polşa, Qazaxıstan, Rusiya, Litva, Latviya, Gürcüstan və Çexiyadan olan münsiflər heyətinin üzvləri, şəhər meriyasının nümayəndəsi Martina Svinen, Gürcüstanın əməkdar incəsənət xadimi Vasil Çiqoqidze, tədbirin təşkilatçısı Mariana Sleniene və Çexiyadan olan Praqa Operasının solisti Damir Basırov Emin Eminzadənin ifasını, aparıcılığını yüksək qiymətləndiriblər, onun dünya səhnələrini bəzəyəcəyinə əmin olduqlarını ifadə ediblər.

Sonda Emin Eminzadə tədbirin təşkilatçıları - Lloret De Mar şəhər meriyası və Mədəniyyət və Turizm İdarəsi tərəfindən kubokla mükafatlandırılıb. Eyni zamanda, Təşkilat Komitəsi Azərbaycan və dünya musiqilərini yüksək səviyyədə ifa edən və tədbiri layiqincə aparan gənc vokalçıya görə Azərbaycanın İspaniyadakı fövqaladə və səlahiyyətli səfiri Altay Əfəndiyevə "Təşəkkürnamə" göndərib.

Bundan əlavə, Emənistan nümayəndə heyəti Emin Eminzadəni bu ilin oktyabrında İrəvanda keçiriləcək müsabiqəyə dəvət etsə də, gənc vokalçı bunu rədd edib. Eyni zamanda, Emin Eminzadə Astananın Qazaxıstanın paytaxtı olması və Nursultan Nazarbayevin prezident seçilməsi münasibətilə iyulun 4-də keçiriləcək yubiley mərasiminə dəvət edilib.

Qeyd edək ki, "Opus - 2013" IX Beynəlxalq Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi adından Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyevə və Emin Eminzadəyə tədbirdə iştirak etməsi üçün rəsmi dəvətnamə göndərilib. Səfir isə öz növbəsində, lazımi kömək göstərilməsi üçün Mədəniyyət və Turizm, həmçinin Gənclər və İdman nazirliklərinə məktub ünvanlayıb. Emin Eminzadə ilə birlikdə İspaniyaya onun məsləhətçi müəlliməsi, professor, SSRİ xalq artisti Fidan Qasımova və atası, DAK İdarə Heyətinin üzvü, təşkilat həmsədrlərinin mədəniyyət və humanitar məsələlər üzrə müavini Xəzər Emin də gedib.

Xatırladaq ki, Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.
Azərbaycanla Ermənistan arasında insident
Azərbaycanla Ermənistan arasında insident
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed