Şrift:
Bu gün türk dünyası ciddi bir reallıq kimi qəbul edilir
22.06.2013 [13:49] - Gündəm, Diaspor
Nazim İbrahimovun sözlərinə görə, bundan sonra türk ölkələrinin diaspor təşkilatları problemlərin həllində birlik göstərəcək

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin 1-ci forumunu keçirilib. Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilib. Toplantıda Türkdilli Ölkələrin Diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, Türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

"Türk Diaspor Təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaq". Bunu tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Nazim İbrahimovun sözlərinə görə, bundan sonra türk ölkələrinin diaspor təşkilatları problemlərin həllində birlik göstərəcək və bu ölkələrin dedikləri daha yüksəkdən səslənəcək. O qeyd edib ki, bu gün türk dünyası ciddi bir reallıq kimi qəbul edilir:

"Türk dünyasının birliyi ideyası yüz illərdir mövcud olmasına baxmayaraq, 20-ci əsrin sonlarında reallaşmağa başlayıb. Bu gün türk dünyası ciddi bir reallıq kimi qəbul edilir. Bu gün dünyanın müxtəlif ölkələrində türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və bizə qüvvələrimizi birləşdirib, xalqlarımızın maraqları naminə birgə fəaliyyət göstərmək imkanı verir".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı isə qeyd edib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan diasporlarının birgə fəaliyyəti, bir sıra problemlərin həllində ortaq mövqedən çıxış etməsi gələcəkdə çox səmərəli olacaq.

Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanlanmış məktubunu oxuyub. Məktubda qeyd olunub ki, fərqli coğrafiyalarda yaşayan türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün dünyada sülhün qorunmasına öz töhfələrini verir. Qloballaşan dünyanın tələbləri türkdilli ölkələri birgə fəaliyyətə sövq edir. Bakıda keçirilən forum türkdilli ölkələrin maraqlarına xidmət edən diasporun formalaşmasına xidmət edəcək.
Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed