Şrift:
Əbülfəz Elçibəyin bir illik Prezidentliyi dövründə gördüyü işlərin az bir hissəsi haqda qısa məlumat
24.06.2013 [11:48] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, Türkün şanlı tarixi, DAVAMın yazıları
Keçmiş Sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının çox mühüm qələbəsi, son illərdə Azərbaycanda gedən milli azadlıq hərəkatının, milli demokratik prosesin məntiqi nəticəsi idi.
Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Sərhəd zolaqlarındakı hərc-mərcliyin qarşısı nisbətən alındı və ən başlıcası, sərhəd qoşunlarımız təşəkkül tapdı.
1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı. Bir ildə fondda 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.
Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Bu, Azərbaycanın gələcəyinə böyük ümidlər doğururdu. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Bu, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir göstərdi. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (qeyd edək ki, həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Manat artıq ümumqafqaz valyutasına çevrilmişdi.
Ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində də uğurlu addımlar atıldı. Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunların qəbul edilməsi totalitarizm buzunu sındırdı. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.
Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı.
Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühim uğurlarındandır. Yüzlərcə gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı. Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Beynəlxalq təşkilatların ekspertlərinin rəyinə görə, keçmiş Sovet İttifaqı respublikaları içərisində hələ heç bir dövlətdə milli münasibətlər belə mədəni formada tənzim edilməmişdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi.
Elçibəy prezidentliyinin bir ilində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bildi. O, bir sıra xarici səfərlərdə oldu. Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir. Qərbdə Azərbaycanın demokratik imici formalaşmışdı və ona görə də ölkəmizin apardığı ağır müharibədə Qərbin onu müdafiə etdiyi dövr başlayırdı. Azərbaycanı demokratik dövlət kimi dünyada tanıtdıran məhz Elçibəy iqtidarı oldu. Artıq heç kəs azərbaycanlılara fundamentalist, fanatik, mədəniyyəti demokratik prinsiplərə uyğun gəlməyən millət kimi baxmırdı.
Xatırladaq ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunması ilə əlaqədar BMT-nin 4 məlum qətnaməsi məhz mərhum öndərimiz Əbülfəz Elçibəyin prezidentliyi dövründə qəbul olunub.
ULU TANRIDAN ÖNDƏRİMİZ ELÇİBƏYƏ RƏHMƏT DİLƏYİRİK!

davam.az
Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed