Şrift:
Türk diasporu rəhbərlərinin forumu yekunlaşdı, Bakı Bəyannaməsi qəbul olundu
24.06.2013 [11:52] - Gündəm, Diaspor
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor rəhbərlərinin I Bakı Forumu başa çatıb. Forumun sonunda Bakı Bəyannaməsi və Azərbaycan prezidenti İlham Əliyevə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan prezidenti Almazbek Atambayevə və Türkiyə prezidenti Abdulla Gülə müraciət qəbul olunub. Bəyannamədə türk xalqlarının birliyinin möhkəmləndirilməsinin regionda (bölgədə) sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Sənəddə türkdilli ölkələrin diasporlarının təşkilatlanma prosesinə dəstək verilməsi, onların fəaliyyətinin koordinasiyası (həmahəngi) məqsədilə regional (bölgəsəl) mərkəzlərin yaradılması, xarici ölkələrdə fəaliyyət göstərən türk iş adamlarının birgə forumlarının keçirilməsi, xaricdə təhsil alan türkdilli gənclərin diaspor və lobbi quruculuğu işinə cəlb edilməsi, gənclərin təhsil sahəsində meydana çıxan problemlərinə dəstək verilməsi, türkdilli xalqların diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatına təsir imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi, türkdilli icmaların cəmiyyətdə müəyyən nüfuza malik nümayəndələrinin seçkili orqanlara namizədliyinin birgə irəli sürülməsi və dəstəklənməsi, türkdilli xalqların əleyhinə aparılan təbliğat kampaniyaların qarşısının alınması, həmçinin islam dini və onun təbliğ etdiyi mənəvi dəyərlər haqqında son zamanlar dünya ictimaiyyətində yayılmış yanlış təsəvvürlərin aradan qaldırılması məqsədilə birgə tədbirlərin keçirilməsi, türkdilli xalqların üzləşdiyi problemlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması, güclü lobbinin yaradılması və s. məsələlər əksini tapıb.


Dövlət başçılarına müraciətdə qeyd olunub ki, qloballaşmanın (kürəsəlləşmə) geniş vüsət aldığı bir dövrdə türk dövlətlərinin üzləşdiyi problemlər, bir sıra taleyüklü məsələlərin həlli, onlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hüquq və normalara uyğun olaraq ədalətin, sülhün və təhlükəsizliyin bərqərar olması qarşıda duran mühüm vəzifələrdəndir: “Bizim birgə fəaliyyət göstərməyimiz yalnız siyasi maraqlarımızın təmin olunması məqsədilə deyil, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması, həmçinin bütünlüklə bəşəriyyəti narahat edən mənfi meyllərə qarşı mübarizənin gücləndirilməsidir. Biz tarix boyu davam etdirilən ənənəvi dostluq və qardaşlıq münasibətlərinin müştərək dəyərlər, hərtərəfli əməkdaşlıq, türkdilli ölkələrin maraqlarına qarşılıqlı hörmət əsasında daha da gücləndirilməsi üçün bütün səy və bacarığımızı əsirgəməyəcəyik”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri dövlət başçılarını əmin edir ki, türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün var güclərini əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər: “Türkdilli ölkələrin dövlət başçılarının davamlı dəstəyi, xüsusi diqqət və qayğısı bu şərəfli missiyanı yerinə yetirməkdə bizlərə stimul verir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri sizə - türkdilli ölkələrin dövlət başçılarına müraciət edərək, türk dünyasının ümumi mənafeləri naminə fəaliyyətinizi dəstəklədiyini bəyan edir. İnanırıq ki, dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsi türkdilli xalqların rifahı və ortaq maraqlarımızın təmin olunmasına öz töhfəsini verəcək”.
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed