Şrift:
Azər Həsrət: - Çünki o, Novella Cəfəroğludur!
24.06.2013 [14:25] - Gündəm, DAVAMın yazıları
Novella Cəfəroğlunu çoxdan tanıyıram. Lap çoxdan. Ancaq tanışlığımızın tarixi yadımda deyil. Yalnız onunla bağlı ən yadda qalan xatirəm 1994-cü ilə təsadüf edir. Mən o vaxt universitet tələbəsi idim. İndikindən fərqli olaraq tez-tez mitinqlərə qatılırdım. Tez-tez də tutulurdum. Bir dəfə belə mitinqlərdən birində yenə də tutuldum. Bizi Qara şəhərdəki bir təcridxanaya gətirdilər. Tutulanların sayı həddən artıq çox idi. Lori dildə desək, təcridxanada basabas yaranmışdı. Ona görə də kişi-qadın demədən hamını eyni otağa salmışdılar. Bax, Novella xanım o gündən yaddaşıma həkk olunub. Biz onunla bir təcridxanaya salınmışdıq. Təbii ki, bizimlə bərabər xeyli sayda kişi və qadın da orada idi. Nəfəs almaq belə çətin idi orda...

Novella Cəfəroğlunun təcridaxanadakı dəyanəti, dözümü, mətanəti fiziki cəhətdən çox sağlam bir gənc olaraq hətta məni də xeyli təəccübləndirmişdi. Çox dözümlü və hazırlıqlı birisi olmaqla düşündürdüm ki, o cür mürəkkəb vəziyyətə yalnız mənim kimilər dözə bilər. Ancaq Novella xanım mənim bu ehtimalımı öz qadın Kişiliyi ilə alt-üst etmişdi və o gündən sonra hər çətin anımda bu Xanımı yadıma salıb istənilən çətinliyə ikiqat əminliklə sinə gərirdim.

Bu, Novella Cəfəroğlu idi. O Cəfəroğlu ki, Azərbaycanın bağımsızlıq hərəkatında heç bir kişidən geri qalmadı. Bütün mücadilə dönəmində hər zaman öndə oldu. Döyülən, söyülən, həbs edilən olanda köməyə gələn ilk hüquq müdafiəçisi oldu. Novella xanım heç bir zaman qorxub geri addım atmadı. Heç bir zaman şəxsi mənafeyini millətin mənafeyindən üstün tutmadı. Biriləri saxta əsaslarla xaricdə sığınacaq almaq üçün min cür yola əl atdığı zaman Novella Cəfəroğlu əlində min imkan varkən bir dəfə olsun belə mühacirət haqqında düşünmədi. Ailəsi bu gün İsraildə yaşamaqdaykən bu cəsur Qadın “ailə, yoxsa Vətən?” seçimində heç tərəddüd etmədən Ana Yurdu Azərbaycanı seçdi. O, bütün məhrumiyyətlərə sinə gərərək bəzi cığal kişilərə belə dərs verməyi, örnək olmağı bacardı! Bu, Novella Cəfəroğludur!

Bütün bunları nə üçün yazıram? Ötən həftə ölkə mediası Novella xanımla bağlı rəylərlə dolub daşdığı üçün.

Novella xanım Azadlıq Evi (Freedom House) təşkilatının keçid dövrü ölkələrində insan hüquqları ilə bağlı hesabatını yüngülcə tənqid etdiyi üçün hətta mənsub olduğu partiyada belə tənqidlərə məruz qaldı. Tənqidlərlə işimiz yox, mümkündür və qəbulediləndir. Bu tənqidlər sadəcə tənqid səviyyəsində qalmadı, ona bir linç məhkəməsi səviyyəsinə yüksəldi belə! Bəli, mənsub olduğu düşərgənin öndə gələnləri az qala onu xain elan etdilər. Bütün bu illər ərzində gördüyü işlərin, qatlaşdığı cəfaların üstündən bir anda xətt çəkib onun özünü belə silmək istədilər!

Hətta özü qorxaq it kimi erməni adı altında Azərbaycandan qaçıb şəxsi mənafeyini təmin edən birisi okeanın o tayından bu tayına hay saldı ki, Novella Cəfəroğlunu “Müsavatdan iti qovan kimi qovmaq lazımdır”. İndi bu soyu-sopu şübhəli kişi qırığının Novella Xanım kimi illərin sınağından Kişi kimi çıxmış Böyüyümüzə bu cür tərbiyəsizlik etməsinə dözümlü yanaşmalıyıqmı? Əsla, adam, biz sənə qarşı dözümsüzük, bunu belə bil! Sənin kimiləri Novella Xanımın atılan dırnağı dəyərində belə deyil! (Yazımın bu paraqrafına görə dəyərli oxucularımdan artıq dərəcədə üzr istəyirəm. Sadəcə, belələri ilə bu dildə danışmağa məcburuq. Çünki anladıqları dil, nə yazıq ki, yalnız budur. – A.H.)

Novella xanım ədalətlidir, haqqı nahaqdan ayıra bilir və insan haqları məsələsində siyasi bəyanatlarla çıxış etmir, obyektiv mövqeyini nümayiş etdirir. Elə ötən həftə Azadlıq Evinin hesabatına da bu cür reaksiya vermişdi. Üstəlik, açıqlamasında müxalifətçi dostlarımızın ürəyincə olacaq sərt ifadələrlə Azərbaycan iqtidarını da tənqid etmişdi. Sadəcə bir şeylə razı deyildi ki, Azərbaycanda insan haqlarının durumu lap elə Ermənistandakından aşağı səviyyədə deyil. Onun mənsub olduğu cinahı da bu əsəbləşdirmişdi. Və o ABŞ-da sığınan erməni uzantısını da, ola bilsin ki, məhz bu məqam çox rahatsız edibmiş ki, ədəb sınırlarını aşaraq bu dəyərli Xanımla bağlı uyğunsuz ifadələr işlətmişdi.

Onu anladıq. Adam damarlarında erməni qanı daşıyır. Qarışmırıq. Damar onundur, özü bilər. Amma Novella xanımın mənsub olduğu düşərgənin başbilənləri nədən onu nəinki müdafiə etmədi, hətta yerdən yerə vurdular?! Bax, bunu anlamaq mənim üçün çətin olardı. Ancaq artıq o da çətin deyil. Çünki bu gün rusbaşlı, iranbaşlı ünsürlərlə bir cəbhə qurub “nə olur olsun, təki bu hakimiyyəti devirək” təfəkkürü ilə hərəkət edənlərdən, hər cür bölücünü, fanatik İran uzantısını siyasi məhbus elan edənlərdən başqa nə gözləmək olardı ki?

Novella Xanım beləcə bir qələmlə silinəcək Şəxsiyyət deyil! Bunu belə bilməniz lazım! Heç olmazsa həbslərdə yatanda, döyüləndə, didərgin düşəndə yardımınıza ilk yetişən birisi olaraq Novella xanıma qarşı belə davrana bilməzsiniz! Novella Xanım sizin mənasız siyasi iddialarınız naminə xərclənəcək birisi də deyil! Siz ona sahiblənməzsəniz sizdən qat-qat çox sayda Vətən övladı Novella xanıma sahiblənməyə hər zaman hazırdır! Çünki bu xanım çağdaş Azərbaycan tarixinin, insan hüquqları hərəkatının canlı və əyilməz əfsanəsidir! Onun fikirlərinə nəinki ədəbsizcəsinə etiraz etməyə, müzakirə açmağa belə haqqınız yoxdur! Novella xanım o kəslərdəndir ki, yanlış söyləsə belə onun fikirləri ətrafında belə hay-küy salmaq olmaz! Çünki o, Novella Cəfəroğludur!
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed