Şrift:
Prezident İlham Əliyev: Güclü ordumuz, güclü potensialımız Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyini möhkəmləndirir
26.06.2013 [19:20] - Xəbərlər, Hərb
Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Hər bir ölkə üçün bu, belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində yaşayan ölkələr üçün bu, çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır: "Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır və hər an bizim ordumuz hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin".

İlham Əliyevin sözlərinə görə, uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır: "Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. Bütün beynəlxalq mötəbər təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını, qətnamələrini vermişlər və qəbul etmişlər. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda, əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac vardır. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu bizim xalqımız bu torpaqlarda yaşayib yaratmışdır".

Dövlət başçısı bildirib ki, bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir: "Nəinki Dağlıq Qarabağ, bugünki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi diyarımızdır. İkinci erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir.
Biz çalışacağıq ki, məsələ tezliklə öz həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir. Danışıqlar prosesi hələ ki, davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız bizim mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. Çünki bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi qalacaqdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normaları tərəfindən dəstəklənir".
İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir: "Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır və bu məqsədlə son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir. Ordumuz inkişaf edir. Bu inkişaf daimi prosesdir. Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram və görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır, nizami ordumuz var, ordumuzun peşəkarlığı artır".

Prezident qeyd edib ki, orduda bütün cəmiyyətdə olduğu kimi vətənpərvərlik ruhu yüksək səviyyədədir: "Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alırlar. Orduda xidmət edənlər öz Vətəninə, xalqına bağlı olan insanlardır, öz Vətənini sevən insanlardır. Bu amillər ordumuzu daha da gücləndirir. Eyni zamanda son illər ərzində Ordumuzun texniki təchizatı da çox böyük inkişafa imza atdı. Son illər ərzində ən müasir texnika, silah-sursat alınmışdır".

Dövlət başçısı bildirib ki, son illər ərzində alınan və Azərbaycanın daxilində istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcəkdir: "Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyard, bu il isə 3,7 milyard dollara çatmışdır. Bu özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur və bu da təbiidir. Biz son illər ərzində ən müasir texnikanı almışıq".

İlham Əliyevin sözlərinə görə, XXI əsrdə müharibələr daha çox texnologiyalar, biliklər üzərində qurulacaqdır: "Bu, zəmanənin tələbidir. Azərbaycanın son illər ərzində əldə etdiyi silahlar müasir silahlardır. Yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan silahlardır. Son illərdə 100-ə yaxın döyüş və nəqliyyat helikopteri alınmışdır. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınmışdır. Zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdirlər".
Prezident bildirib ki, bu proses davam etdirilir və növbəti illərdə də hərbi xərclər ümumi büdcəmizdə üstünlük təşkil edəcəkdir: "Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır. Yəni ki, ancaq hərbi məqsədlər üçün istifadə olunan vəsait Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən 2 dəfə çoxdur. Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər. Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq və məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk. Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcə artmışdır. İstənilən istiqamət üzrə düşməni bir necə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcək. Çünki bizim açıq-aydın gələcəyimiz var, perspektivlərimiz var, inkişaf yolumuz var. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir və dünyada iqtisadi inkişaf baxımından son 10 il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur".

Prezident bildirib ki, bu amillər tarixi amillərdir: "Beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi, hərbi gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır".
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed