Şrift:
GÜNEY XƏBƏRLƏRİ
16.11.2011 [18:45] - Köşə yazarları
İRAN VƏTƏNDAŞLARININ “SADERAT” BANKINDAKI 3 MİLYON HESABI DONDURULUB

İran vətəndaşlarının “Saderat” bankındakı 3 milyon hesabı dondurulub. Bankın ümumi əlaqələr şöbəsinin rəhbəri Məcid Əbülfəthi jurnalistlərə açıqlamasında belə bəyanat verib.
jurnalistlərə açıqlamasında Məcid Əbülfəthi deyib ki, müştərilərin hesablarının dondurulmasının İranın bank sistemi tarixində son aylarda baş vermiş oğurluqla hər hansı əlaqəsi yoxdur: “Milli kodu olmayan bank hesabları dondurulub. Sahiblərindən milli kod alındıqdan sonra dondurulmuş hesablar yenidən açılacaq. Bank hesabları dondurulan vətəndaşlar yenidən qeydiyyatdan keçməli olacaqlar. Ümid edirik ki, bu məsələ tezliklə öz həllini tapacaq”.
Son günlər “Saderat” bankında (İran Saderat Bankı) hesabı olan müştərilər bankomatlardan pul çıxarmaq istəyəndə hesablarının dondurulması ilə qarşılaşıblar. Hesabların dondurulması vətəndaşların təşvişə düşməsinə və onların öz hesablarındakı pullarını çıxarmaq üçün İran Saderat Bankına axışmasına səbəb olub.
2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.


"ETTELAAT" azərbaycanlı fəalların gəlir mənbəyini kəsir

ETTELAATın (İran Kəşfiyyat Nazirliyİ) azərbaycanlı Fəallara qarşı təzyiqləri davam edir. Bu dəfə, azərbaycanlı fəalın ailəsi ETTELAAT-ın çörək sınağına tuş gəlib.
Məlumata görə, Urmu Gölü ilə əlaqədar tutuqlanıb Təbriz zindanında saxlanılan Yaqub Rəməzaninin “Bilgisayar” adlı internet klubu (kafinet) dünən saat 8:00-da qapadılıb.
Hazırda həbsdə olduğu səbəbindən qardaş tərəfindən idarə olunan internet klub, Rəməzaninin ailəsinin təkcə gəlir mənbəyidir. ETTELAAT məmurları təzyiqləri sadəcə azərbaycanlı fəallara deyil, onların ailəsinədə şamil etsinlər deyə, kluba hücum edib, kompüterləri toplayıb və iş yerini qapadıblar.
Qeyd edək ki, ETTELAATın azərbaycanlı fəalların ailəsinə qarşı həyata keçirdiyi təzyiqlər bunlarla məhdudlaşmır və müxtəlif formalarda özünü göstəribdir.


Həmid Kərzai: "Əfqan torpağından İrana qarşı istifadə edilməsinə yol verməyəcəyik"

Əfqanıstanda tayfa başçılarının toplaşdığı Cirqa adlanan məclis bu gün toplanıb. Bütün ölkədən 2000-ə yaxın siyasi, ictimai və din xadiminin, tayfa liderlərinin iştirak etdiyi toplantı ilə əlaqədar paytaxt Kabildə təhlükəsizlik tədbirləri gücləndirilib. Cirqada ABŞ-Əfqanıstan strateji əməkdaşlığının gələcəyi və Talibanla danışıqların bərpası istiqamətində təşəbbüslər müzakirə olunur. Toplantıda iştirak edən Əfqanıstan prezidenti Həmid Kərzai əfqan tayfa liderlərinə səslənərək, onları ölkədə sülhə yol açmaq üçün ABŞ-la və beynəlxalq ictimaiyyətlə əlaqələrə şərait yaratmağa çağırıb.

"Biz Amerika ilə strateji əməkdaşlığa hazırıq. Onlar hərbi bazalar istəyirlər və biz onlara bunu verəcəyik, lakin Əfqanıstanın açıq-aydın görməlidir ki, Birləşmiş Ştatlar bizim daxili işlərimizə qarışmayacaq. Biz öz adət-ənənələrimizi, dinimizi, bütün digər məsələləri yaxşı bilirik" - Həmid Kərzai belə deyib.

Əfqanıstan prezidenti İranla dostluğun əhəmiyyətli olduğunu, Əfqanıstan ərazisindən ona qarşı istifadə edilməyəcəyini bildirib: "Amerika və Qərblə əməkdaşlıq sazişləri imzalayırıq, Çinlə və Rusiya ilə əməkdaşlığımız var, bu əməkdaşlıq davam edəcək. Qonşularımız İran və Pakistanla dostluğumuzu və əməkdaşlığımızı nəyin bahasına olursa-olsun davam etdirəcəyik. Qonşularımızı əmin edirik ki, heç kimə əfqan torpağından onlara qarşı istifadə etməyə imkan verməyəcəyik".
4 gün davam edəcək Cirqa müzakirələrində ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğu və Talibanla sülh danışıqları nəzərdən keçiriləcək. Hazırda Əfqanıstanda 100 mindən çox Amerika hərbçisi heç bir ikitərəfli saziş olmadan xidmət göstərir, onların əksəriyyəti BMT mandatı altındadır.


Azərbaycanlı fəallar Yürüş Mehrəlibəyli və doktor Lətif Həsənli 18 ay azadlıqdan məhrum olundu

14 noyabr 2011-ci il tarixində Güney Azərbaycan milli fəalları Yürüş Mehrəlibəylinin və Dr. Lətif Həsənlinin məhkəmə qərarı açıqlandı.
Qeyd edək ki, milli fəalların məhkəmələri 31 sentyabrda Təbriz inqilab məhkəməsində keçirilmişdi.
Xatırladaq ki, milli fəallar İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaq, qanunsuz olaraq GAMOH təşkilatını yaradaraq idarə etmək, ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək, Azərbaycan Respublikasına casusluq etmək, İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyiyə təhqiramiz ifadələr söyləməkdə günahlandırılıblar. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.
Qeyd edək ki, azərbaycanlı fəallar 2010-cu ilin aprelində tutulub və 9 aya yaxın həbsdə qalıblar. Daha sonra onlar 100 min ABŞ dolları zəmanətlə müvəqqəti azadlığa buraxılıblar


Səid Nəiminin saxlanılma müddəti uzadılıb

Azərbaycanlı milli-mədəni fəal, insan haqları müdafiəçisi Səid Nəimi bu tezlikdə azadlığa buraxılmayacaq.
Hakim Yusifi elan edib ki, Nəiminin Saxlanılma müddəti uzadılıb. O, əlavə edib ki, şöbənin işinin çoxluğundan Nəiminin dosyesinə dekabrın 29-na (deyin 8-nə) qədər baxılmayacaq. Bu barədə azərbaycanlı fəalın vəkilləri məlumat verib.
Qeyd etmək lazımdır ki, adını çəkdiyimiz azərbaycanlı fəal aylardır ki, naməlum səbəbdən saxlanılır və hələdə onun dosyesinə baxılıb və yekun (nəhayi) qərar verilməyib.
Xatırladaq ki, insan haqları fəalı, Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsinin qurucularından olan Səid Nəimi 2011-ci il mayın 8-də “ETTELAAT” (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən Kərəc şəhərində yerləşən öz evində tutulub və "ETTELAAT"ın Təbriz şöbəsinə göndərilib.


Güney azərbaycanlı şair Abbas İslami vəfat edib

Güney azərbaycanlı ustad, “Bariz” təxəllüslü şair Abbas İslamı bu gün Əhər şəhərində dünyasını dəyişib.
Mərhum şair 1921-ci ilin payız fəsilində (1300-cü il) Əhər şəhərinin 5 kilometrliyində yerləşən “Aypirzən” kəndində dünyaya göz açıb.
Onun türk və fars dillərində olduqca dəyərli şeir əsərləri var. “Qolhaye rənqarənq”, “El dağına salam” və “Yaslı savalan” əsərləri o cümlədəndir.
Mərhum şairin “Ay Aşıqlar yasa gəlin”, “Çoban qardaş”, “Sarı daş”, “Şeypur poeması”, “Bayatılar”, “Sarı və Susən dastanı” və ... kimi əsərləridə işıq üzü görməyən əsrləri sırasındadır.

ALLAH rəhmət eləsin!


Hadi Həmidi Şəfiq ittihamlardan bəraət qazanıb

Apelyasiya Məhkəməsi (dadqah-i təcdide nəzər) azərbaycanlı fəal Hadi Həmidi Şəfiqə qarşı irəli sürülən ittihamlara baxıb.
“Traxtur-Səba” müsabiqəsindən sonra tutuqlan adını çəkdiyimiz azərbaycanlı fəal? bir neçə gün öncə bütün ittihamlardan bəraət qazanıb.
Həmidi Şəfiq, məhkəmə tərəfindən 6 ay həbs və 60 zərbə şallağa (qamçı) məhkum edilmişdir. O, ümumi asayişi pozmaq və sistemin əleyhinə təbliğdə ittiham olunurdu.


Şəbistər universitetində kitab sərgisi qapadılıb

Güney Azərbaycanın Şəbistər şəhərinin universitetində keçirilməkdə olan kitab sərgisi qapadılıb və bununlada öz fəaliyyətini davam etdirə bilməyib.
Kitab sərgisi Noyabrın 13-də (abanın 22-də) universitetin təhlükəsizlik bölməsinin (hərasət) məsullarının müdaxiləsi ilə işini dayandırıb.
Kitab sərgisi ilə əlaqədar 3 nəfər öyrənci universitetin təhlükəsizlik bölməsinə çağırılıb və qorğu-suala tutulublar. Ümid Mehdipur, Siyamək Mirzayi və İsmail Quluzadə sözü gedən sərginin digər təşkilatçılarından olublar.


İran rəsmisi: “Urmu Gölünü xilas etmək mümkün olmayacaq”

“Artıq Urmu gölünü xilas etmək mümkün olmayacaq. Çünki gölün 65 faizi quruyaraq duz səhrasına çevrilib”.
Bunu Urmu şəhərinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad “Fars” xəbər agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünyanın ikinci böyük duzlu gölünün qurumasının qarşısını almaq artıq mümkün deyil.
Qeyd edək ki, Urmiya gölünün ümumi sahəsi 5960 kvadrat kilometr (kilometr murəbbə), orta dərinliyi 5 m, ən dərin yeri isə 16 metrdir. Əsas su mənbələri isə Nazlıçay, Acıçay, Sofuçay, Cığatıçay və Tətovuçay çaylarıdır. YUNESKO-nun təbii sərvətlər siyahısına daxil etdiyi gölün 102 adasında müxtəlif heyvanlar, o cümlədən 27 növ məməli heyvan, 41 növ sürünən, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, suyun duzluluğuna dözə bilən 27 növ balıq yaşayır. Göldəki adaların birində məşhur sərkərdə Çingiz xanın nəvəsi Hülaku xanın qəbri yerləşir. Mütəxəssislərin hesablamalarına görə, Urmu gölünün qurumasının qarşısını almaq üçün 20 milyard kubmetr (metr-i mükəəb) suya ehtiyac var.


İrandakı partlayışı MOSSAD törədib

Noyabrın 12-də İranda hərbi bazada 17 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olan partlayışı İsrailin kəşfiyyat orqanı MOSSAD törədib ABŞ-ın “Times” jurnalı Qərb kəşfiyyat orqanlarına istinadən yaydığı məlumatda yazıb ki, İsrailin əsas hədəfi İran İslam İnqilabını Mühafizə Korpusunun generalı, ölkənin raket proqramına rəhbərlik edən Hasan Tehrani Mukaddem olub və general partlayış nəticəsində öldürülüb.

Həmin hərbi bazada general Hasan Tehrani Mukaddemin rəhbərliyi altında atom başlığı daşıya biləcək “Şahab-3” raketinin sınağına hazırlıq aparılırmış. Qərb kəşfiyyat orqanlarının təmsilçiləri vurğulayıblar ki, Tehranı hərbi bazadakı partlayışın bir qəza olduğuna inandırmaq mümkün deyil və İranın atom proqramına və atom obyektlərinə qarşı təxribatlar davam edəcək.

Böyük Britaniyanın “The Guardian” qəzeti də İrandakı partlayışın məhz MOSSAD tərəfindən törədildiyinin şübhə doğurmadığı barədə məqalə dərc edib. Qəzet İsrail kəşfiyyat orqanının bunu təkzib etməməsinə və müdafiə naziri Ehud Barakın bu xəbəri sevinclə qarşıladığını gizlətməməsinə də diqqət çəkib.

Bu arada İran hökuməti dünən dövlət qurumlarının “Stuxnet” virusunun yeni versiyası olan “Duqu” virusunun hücumuna məruz qaldığını açıqlayıb. İRNA agentliyinə açıqlama verən İran mülki müdafiə təşkilatının rəhbəri Golam Rıza Celali, İranın “Duqu” virusu hücumunun qarşısını aldığını söyləyib.

Xatırladaq ki, İranın Buşehr Atom Elektrik Stansiyası keçən il “Stuxnet” virusunun hücumuna məruz qalıb və virus bir çox kompüterləri sıradan çıxarıb.


Bir neçə azərbaycanlı fəalın barəsində çıxarılan Saxlanma qərarı, vəsiqə qərarı ilə dəyişdirildi

Avqustun 24-ü Təbrizin Qumtəpə məshəlləsində iftar mərasimi zamanı tutuqlanan təxminən 30 nəfər azərbaycanlı fəaldan bir neçəsi barədə çıxarılan saxlanma qərarı mülki vəsiqə qərarı ilə əvəzlənib.
Dünən yaydığımız xəbərdə 12 nəfər iftar mərasimi tutuqlularının noyabrın 13-də (abanın 22-i) Təbrizin İnqilab Məhkəməsində mühakimə olunduqları ilə bağlı geniş məlumat yayılmışdı. Son məlumata görə, Musa Bərzin, Əhməd Riyazi və Mehdi Nuri barəsində təxminən 100000 dollar (100 milyon tümən) dəyərində mülki vəsiqə qərarı çıxarılıb.
Qalanlar üçün isə təxminən 50000 dollar (50 milyon tümən) dəyərində mülki vəsiqə qərarı təyin edilib.
Hələlik Tağı Sələhşur və Mehdi Həmidi Şəfiq barəsində çıxarıılan saxlanma qərarının vəsiqə qərarı ilə əvəzlənməsi ilə razılaşılmayıb. Bununla belə onlarından yaxın günlərdə problemlərinin çözüləcəyi gözlənilir.


Yerevanda talışşünaslıq konfransı keçirilib

İki gün davam edən konfransın ilk günündə alimlər məruzələrini təqdim ediblər.
Britaniyalı professor Əli Qranmaye “Talış dili və mədəniyyəti. Necə xilas etmək?”, Kanadanın Britaniya Kolumbiyası Universitetinin professoru Kave Fərrux “Şərqi Qafqazın deiranizasiyası (1828-ci ildən bizim günlərə dək)”, Ermənistandan Vardan Voskanyan “Yeni talış əlifbası Avesta əlifbasına əsaslanır” mövzularında mühazirələr oxuyublar.
Bəzi məruzələr Orta Şərq və Qafqaz xalqları və ərazilərinin tarixi və etnik məsələlərinə həsr olunmuşdu. Məsələn, Rusiyalı Andrey Areşevin çıxışı “Talış regionu və Cənubi Qafqazda mövcud siyasi transformasiyalar” mövzusuna həsr olunmuşdu, Talış Elmlər Akademiyası təmsilçisi kimi təqdim olunan Elnur Ağayev “Talış mədəni dirçəlişinin dinamikası” (20-ci əsrin 80-ci illəri), Timirlan Aytberov “Avarların əsas problemi və onun həlli” mövzularında çıxış ediblər.
Bundan əvvəlki konfrans 6 il əvvəl Ermənistanda, Tsaxkadzor kurort şəhərində keçirilib.
Konfransın bir nəfər də talış yaşamayan ölkədə keçirilməsinin məqsədlərinə dair sualı cavablandıran professor Qarnik Asatryan dedi ki, bu, 2005-ci ildə keçirilən konfransın qanunauyğun davamıdır və mövzu birbaşa şərqşünaslıq elminin vəzifələri və məqsədləri çərçivəsinə daxildir. Onun sözlərinə görə, bu ilin iyul ayından bəri bu, şərqşünaslıq problemlərinə dair üçüncü beynəlxalq forumdur, iki həftə bundan əvvəl isə daha bir dövlətçiliyə malik olmayan zaza xalqı üzrə üçgünlük konfrans keçirilib.
“Bu, ilk növbədə, Ermənistanda iranşünaslığın yüksək nüfuzunun göstəricisidir. İkincisi, məktəbimizin səyləri sayəsində Ermənistan kürd, zaza, tat, yezid, bəluc kimi bölgənin qeyri-dövlət xalqları və xəzəryanı, ilk növbədə, talış xalqların təhqiqatları üzrə dünya mərkəzlərindən biri olub. Mən həmişə hesab etmişəm ki, Ermənistan xristianlıqla İslam aləmlərinin, Şərqlə Qərbin qovuşuğunda olması mövqeyi sayəsində, xalqlar arasında (xüsusilə dövlətçiliyə malik olmayan) səmərəli mükalimə meydanı ola bilər”, - deyir Yerevanda talış problemləri üzrə beynəlxalq konfrans həmtəşkilatçısı Qarnik Asatryan.
Konfransa münasibət bildirən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Gültəkin Hacıyevə BBC Azərbaycan xidmətinə "monoetnik" Ermənistanda etnik azlıqlar üzrə keçirilən konfransın siyasi məqsəd daşıdığını deyib. O, Azərbaycanda etnik ayrıseçkiliyin olmadığını deyərək konfrans keçirilməsində başqa ölkələrin maraqlarının üstün tutulduğunu deyib.
Konfransın təşkilatçıları Yerevan Dövlət Universiteti İranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın redaktorluğu altında “Iran and the Caucasus” (BRILL, Leiden-Boston) beynəlxalq jurnal, “Modus Vivendi” Mərkəzi (Yerevan), Qafqaz İranistika Mərkəzi (Yerevan), Türkiyə, İran və Qafqaz Araşdirmaları üzrə Beynəlxalq Assosiasiyasıdır. Tədbiri Vahe Qabrielyanın rəhbərlik etsdiyi “Hyksos” fondu maliyyələşdirir.


BBC-yə MÜSAHİBƏ VERƏN İRANLI JURNALİST TUTULUB

BBC-yə “Sepah”ın hərbi sursat anbarında baş verən partlayışla bağlı müsahibə verən iranlı jurnalist Həsən Fəthi tutulub.
Noyabrın 12-də Paytaxt Tehranın 20 kilometrliyindəki Melard şəhərinin Bidqone məntəqəsində “Sepah”a məxsus böyük silah və hərbi sursat anbarında bilinməz səbəblər üzündən partlayış olub. Nəticədə 17 nəfər yerindəcə həlak olub, 16 nəfər isə yaralanıb. Ölənlər arasında “Sepah”ın raket proqramının həyata keçirilməsində önəmli rolu olan general Həsən Tehrani Müqəddəm də var.
Həsən Fəthi BBC-nin farsdilli televiziyasına partlayışla bağlı müsahibə verdikdən dərhal sonra tutulub. Həmin açıqlamasında jurnalist paytaxt Tehran əhalisinin hadisə ilə bağlı təəssüratını dilə gətirib: “Tehran əhalisi son günlərdə ölkəyə mümkün hərbi hücumla bağlı yayılan şayiələri nəzərə alaraq vahiməyə düşüb. Əhali şəhərin hücuma məruz qaldığını zənn edərək qorxu hissi keçirib”.
Jurnalistin harada saxlandığı bilinmir.


İstanbulda “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək

Noyabrın 16-18-da İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən verilən məlumata görə, BMT-nin İrana qarşı sanksiyasının icra mexanizmləri və bunun regional hökumət və azad biznes qurumlarının fəaliyyətinə təsirləri tədbirin əsas müzakirə mövzusu olacaq. Həmçinin seminar əlaqədar təşkilatların bu sahədəki təcrübələrini bölüşməsinə, məlumat mübadiləsinə və eləcə də sanksiyaların qoyduğu şərtlərə doğru əməl olunması və qaydalar pozulduğu halda yaranan risklərin öyrənilməsinə imkan yaradacaq.
Tədbirdə SAM-ın eksperti Rəşad Kərimov sanksiyaların icrasında Azərbaycanın yürütdüyü siyasət mövzusunda məruzə ilə çıxış edəcək. Region ölkələrinin digər məruzəçiləri də İranla qurulan iqtisadi əlaqələrdə onların üzərinə düşən öhdəliklərdən bəhs edəcək və sanksiya ilə bağlı real təkliflərini irəli sürəcəklər.
Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed