Şrift:
VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumunun açılış mərasimi keçirilib
28.06.2013 [13:31] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Qafqaz Universitetində VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumunun açılış mərasimi keçirilib. Türk dünyasının Öndəri, Azərbaycan xalqının Ümummillli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Simpoziumun əsas təşkilatçıları Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir.


Simpoziumla yanaşı, türk incəsənəti nümunələrindən ibarət sərgi də açılıb. Simpoziuma Azərbaycan, Türkiyə, İtaliya, Rusiya, İran, İspaniya, Koreya, Misir, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan alimlər 150-dən çox məruzə təqdim ediblər. Simpoziumun tezislər kitabı nəşr olunub, məqalələr toplusunun nəşri planlaşdırılıb.


Xarici ölkələrdən gələn qonaqlar və Simpoziumun Təşkilat Komitəsi ilk öncə Qafqaz Universitetinin rektoru, Prof.Dr. Ahmet Saniçlə görüşüb, Qafqaz Universiteti haqqında bilgi alıb, Universitetin xarici ölkələrlə əlaqələri ilə maraqlanıblar.


Daha sonra rəsm, xətt, heykəl, kaşı, geyim və keçə sənətlərinin nümayiş etdirildiyi 100-dən çox sənətkarın işindən ibarət sərginin açılışı olub.


Simpoziumun açılış mərasimində çıxış edən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Simpozium haqqında qısa məlumat verib.

Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin əməkdaşı, Simpoziumun Təşkilat Komitəsinin baş katibi Ahmet Aytaç Simpoziumun baş tutmasında əməyi olan qurumlara və şəxslərə minnətdarlıq etdi, Səlcuq Universiteti rektoru Prof.Dr. Hakkı Gökbelin təbrik məktubunu çatdırıb. AMEA-nın müxbir üzvü Vəli Əliyev türk mədəniyyətinin dünya sivilizasiyasına verdiyi töhfələrdən qısa danışdı, bu mədəniyyətin öyrənilməsi, mühafizəsi və təbliği üçün daha geniş istiqamətli işlərin aparılmasına ehtiyac duyulduğunu qeyd edib.


Türk dünyasında mədəniyyət və incəsənətə dəstəyi ilə tanınan Yunis Əmrə Türk Kültür Mərkəzinin Azərbaycan bölməsinin rəhbəri Səriyyə xanım Gündoğdu simpoziumun Azərbaycan və Türkiyə arasında tarixi mədəni əlaqələrin araşdırılması və təbliği istiqamətində yeni yollar açacağına inandığını bildirib, belə bir simpoziumu Azərbaycana gətirdiyi üçün MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilliyə xatirə hədiyyəsi təqdim edib.


Tədbirdə İtaliya Catania Universitetinin professoru Enrico Ciliberto, Novosibirsk Universitetinin professoru Yuriy Xudyakov, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin müdiri, Dos.Dr. Osman Kunduracı, Türkiyə səfirliyinin nümayəndəsi, mədəniyyət müşaviri Seyit Ahmet Arslan və İtaliya səfirliyinin nümayəndəsi, səfirin müavini Giulia Gullotti də iştirak ediblər.


Qafqaz Universitetinin rektoru, Prof.Dr. Ahmet Saniç Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumunun yeddincisinin Bakıda, Qafqaz Universitetində keçirilməsindən məmnunluq duyduqlarını bildirib. O, qeyd edib ki, simpoziumun məqsədinin bütün dünyada türk mədəniyyəti sahəsində araşdırma aparan elm adamlarını bir yerə toplayaraq elmi tədqiqatların nəticələrini müzakirə etmək olduğu qədər, həm də keçirildiyi ölkələrdə türk mədəniyyətinin zənginliklərini təqdim etməkdir. Son simpoziumların Madrid və Milanda keçirilməsi bu baxımdan maraqlıdır.


Daha sonra Səlcuq Universiteti və MİRAS İctimai Birliyinin plaketləri təqdim edilib. MİRAS İctimai Birliyi Azərbaycan və Türkiyə arasında elmi fəaliyyətlərin inkişafına göstərdiyi dəstəyə görə Prof.Dr. Hakkı Gökbelə “MİRAS” mükafatı təqdim edib.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed