Şrift:
Babəki ürəklərdən çıxarmaq mümkün olmadı
02.07.2013 [11:57] - Xəbərlər, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
İyulun 1-i yenilməz qəhrəmanımız Babək Xürrəmdinin anadan olduğu gündür. Qaynaqlarda Babəkin doğum ili 794, 798, 799-cu illər kimi qeyri-müəyyən tarixlər göstərilib. Bunun bir səbəbi var: Özümüzə, tariximizə saymaz olmuşuq. O dərəcədə ki, hətta Babək kimi böyük qəhrəmanımızın doğum tarixini dəqiqliklə yazıb sabaha çatdıra bilməmişik.
Əgər Cavidan öldürülərkən (816-cı il) Babəkin 18 yaşı vardısa, onda bu gün onun 1215 yaşı tamam olur (798-838). Bu tarixlə Babəkin 40 il yaşadığı görünür. Ancaq onun ərəb imperiyasını dəhşətə gətirməsi tarixi, danılmaz faktdır. 20 yaşı olmamışdan işğalçı ərəblər üzərində böyük uğurlar qazanan, özünün inamı olan, satqınlıq nəticəsində ələ keçirilən Babəkimizin yenilməz ruhu bu gün onu sevməyənləri daha da sarsıtmaqdadır.
Babəkin varlığının, işlərinin ilahi dəyərini İnam Atamız verib. Yalnız onun görümündə Babək əsl, heç vaxt dəyişilməyəcək dəyərini aldı. Bu gün Babəkin Azərbaycan tarixində rolunu kiçiltməyə, onun haradasa üsyançı, həm də bir “islamçı” olduğunu «əsaslandırmağa» çalışanlar unudurlar ki, belə işlər keçməz. O necə Babək Xürrəmdin imiş ki, həm də dinçi-islamçı imiş? Məntiqsizlik ortadadır. Düzdür, ərəblər o dərəcədə kinli oldular ki, Babəklə, hərəkatı ilə bağlı nə vardısa, hamısını yox etdilər, tarixçilər onun haqqında istədiklərini yazdılar, istədikləri kimi təqdim etdilər. Bütün hallarda isə onun böyüklüyünü yenə bilmədilər.
837-ci il avqustun 26-da qəhrəman Bəzz qalası ərəblər tərəfindən işğal olundu. Orta yüzillərin ən çox insan qırğınına səbəb olan döyüşlərindən Bəzz olayı Babəkin möhtəşəm yenilməzliyinin təsdiqi idi.
O, dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü. Bu, Türk yenilməzliyi, birsifətliyi idi. Təəssüf ki, bu tarixi demək olar, çox az soydaşımız xatırlayır. Aydınlarımız bu mövzuda danışmaq istəmirlər. Yenə də təəssüf! Ancaq özgələrdən, özgələrin qəhrəmanlarından çox danışırıq, onları başımıza qaldırırıq.
Tarix millət üçün şərəflə yaşananda tarix olur. Tariximizin şanlı səhifələrindən biri də Babək Xürrəmdinlə bağlıdır. Onun qəhrəmanlığı nəinki bir əsrə sığmır, üstəlik bütün dövrləri və zamanları aşır. Babək Xürrəmdinin xalqımızın azadlığı uğrunda apardığı uzunmüddətli döyüşlər hələ də soydaşlarımız tərəfindən unudulmayıb. Ancaq tariximizdən yaxşı nəticə çıxarmamışıq. Əgər nəticə çıxarsaydıq, o zaman Babək mövzusuna münasibətimiz indi tamam başqa olardı. Azərbaycan tarixində özünəməxsus yeri olan, dünya hərb tarixində möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babək Xürrəmdinin bu gün kifayət qədər tariximizdə özünə yer tutmaması düşündürücü bir məsələdir. Makedoniyalı İskəndər Zərdüştün "Avesta"sının əksəriyyətini yandırdı, məhv etdi. Sonradan ərəblər də "Avesta"nın başına oyunlar açdılar. Ancaq bütün bunlar "Avesta"nın türk ruhunun məhsulu olmasını pərdələyə bilmədi. Faktdır ki, müasir dövrdə mövcud olan dinlər, dünyabaxışları mahiyyətcə təməlini, ilkin qaynağını "Avesta"dan götürür. Babəkin dünyagörüşü Zərdüşt ruhu ilə sıx şəkildə bağlıdır. 23 il azman ərəb xilafəti ilə döyüşən, qətiyyən sarsılmayan, əksinə, xilafəti sarsıdan bir güc kimi Babək türkün əzəmətini, yenilməzliyini sübut edə bildi.
Hər halda çox düşündürücüdür: türkün başına bu qədər fəlakətlər gəlib, onu sözün əsl mənasında zaman-zaman məhv etmək istəyiblər. Ancaq türk məhv olmayıb, qalxıb və Zərdüştü, Babəki, Həsimini, Səttarxanı verib. Həqiqətdir ki, hələ də tarixi dəyərlərimizə yiyə dura bilmirik, bu dəyərlərimizdən istənilən səviyyədə bəhrələnmirik. Görəsən, Babək Xürrəmdin ənənəsinin, döyüşkənliyinin, yenilməzliyinin günümüzün indiki gərgin və çox hallarda çıxılmaz görünən dönəmində sözün böyük mənasında örnəyə çevrilməsi üçün nə etməliyik?
Bu gün Bakıya qədəm basan hər bir əcnəbi görəsən, Babək Xürrəmdin kimi yenilməz bir qəhrəmanın Vətəninə gəldiyini hiss edirmi, daha doğrusu, biz gələnlərə bunu hiss etdirə bilirikmi? Azərbaycanın sovet ideologiyasının buxovlarından azad olduğu, müstəqillik qazandığı yeni dönəmdə Babək mövzusuna istər-istəməz yeni səviyyədə, daha yaradıcı yöndə yanaşmağımız olduqca zəruridir. Babək sadəcə, bir üsyançı olmayıb. O, sözün böyük mənasında yenilməz türk sərkərdəsi, fiolosof, habelə Xürrəmdinlik inancının yaradıcısıdır. Ehtimal etmək olur ki, Babəkin həm də kitabları varmış. Ancaq ərəblər Bəzz qalasını işğal edərkən ondan demək olar, heç bir soraq qoymayıblar, Babəkə aid olan nə varsa, hamısını məhv ediblər. Babəkin islam dünyabaxışına yox, o dövr ərəb hakimiyyətinə qarşı olması təsəvvürünün yaradılması məntiqsizlikdir, çünki ərəblər Azərbaycana konkret islam adlı dini dünyabaxışla gəlirdilər. Babək isə Vətənimizi azad görmək istəyirdi və bu müqəddəs amal uğrunda vuruşurdu. Hər halda Azərbaycan türkü Vətəninin azadlığı uğrunda 23 il gecə-gündüz döyüşən, yenilməyən Babəkə qarşı olan ərəb tarixçilərinin kinini heç zaman unutmamalıdır. Əgər Babəkin təhqiramiz şəkildə edamı ilə hər şey qurtarsaydı, o zaman yenə dərd yarı idi. Əslində Babək hərəkatı faktiki olaraq məğlubiyyətə düçar olduqdan sonra əsrlər boyunca ərəb tarixçiləri Xürrəmdinlik hərəkatının təsirini heç eləmək, Babəki bir tarixi sima olaraq tamamilə aşağılamaq yönündə iş görüblər.
Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlüklə ulusumuzun özgəçiliyə qarşı ilk böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı və bugün yararlana biləcəyimiz çox az şey var. Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb, bu böyük dirənişlə bağlı nə varsa, hamısını yandırıb, qarşılığında Babək babamız, onun uca, qudsal yolu, igidliyi ilə ilgili ən alçaq, ləyaqətsiz sözləri yazıb saxlayıblar.
Babək gedib ərəbin yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəb tarixçilərinin bu qudsal kişi ilə ilgili yazdıqları da doğru olardı. Bəs Babəkimizin başçılığı altında ulusumuz yad, yağı, qaniçən, soyumuzu kəsən ərəbə qarşı necə davranmalıydı? Özünü hər şeylə ortaya qoymuş, böyük gələnəklər yiyəsi, uca dəyərlər yaratmış bir ulus üçün başqasının qoltuğunda yaşamaq ölüm sayılmazdımı? Ərəb türkün belini əyməsəydi, indi bir ovuc erməni onun başını kəsməyə, xaincəsinə arxadan zərbə endirməyə girişməzdi.
Yenilməz qəhrəmanımız Babək Xürrəmdindən danışırıq. O qəhrəmanımızdan ki, bu gün də Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız hər il onun doğum günündə gedilməsi çox zaman mümkün olmayan, hər cür maneələr yaradılan Babək qalasından mənəvi güc alır. Bu gün biz Babək Xürrəmdin adlı qəhrəmanımızı ruhumuzun işığında daha yaxşı tanımalıyıq. Onu hər cür böhtanlardan, çirkablardan qorumalıyıq.
Babəkin məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir, çünki o, Türk xalqının hər mənada azadlığı uğrunda döyüşürdü. Qədim dövrün ən böyük qul üsyanının başçısı Spartak haqqında tarix kitablarında kifayət qədər təqdiredici fikirlərə rast gəlmək mümkündür. Babək isə o boyda xilafəti dəhşətə gətirmişdi.
Babəkin məğlubiyyətinin bir əsas səbəbi vardı: o da Babəkin böyük ruhuna bərabər siyasətinin olmamasında idi. Bu, İnam Atanın qənaətidir. Düşmən güclü idi, Türk soyumuzun biri-birini sevməməsindən məharətlə istifadə edə bildi. Təəssüf ki, türk türkü o dövrdə də sevmirdi, türk türkə qarşı döyüşürdü. Afşinin (Ağşının) Sasanilər imperiyasının tərkibində Azərbaycan vədinə Babək aldanmadı: çünki Babək Azərbaycanın heç kəsdən asılı olmayan, müstəqil varlığını istəyirdi.
Ərəblər Bəzzi əslində yenə bilmədilər: çünki əgər bu gün də Babəkin xatirəsi yaşayırsa, o deməkdir ki, mahiyyətgcə düşmənin özü yenilib.
Babəki ürəklərdən çıxarmaq mümkün olmadı. Bundan sonra heç olmayacaq!
Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed