Şrift:
Bakıda bir neçə adda məhsulun istehsalı və satışı qadağan olunan şirkətin adı açıqlanıb
08.07.2013 [13:07] - Gündəm, Sosial
“Osman Plastik Sənaye və Ticarət” MMC-yə bir neçə adda məhsulun istehsalı və satışı qadağan edilib.



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, MMC qanunvericiliyin tələblərini pozduğuna görə barəsində belə qərar verilib.



Qanunun tələbələrinin pozulması faktı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən “Osman Plastik Sənaye və Ticarət” MMC-də plastik və metal təmir-təsərrüfat məhsullarının istehsalı və idxalına dövlət nəzarəti həyata keçirilərkən aşkar olunub.



Araşdırma zamanı müəssisədə sinklənmiş metal materialdan künclük normativ sənədi olmadan, sinklənmiş metal materialdan tara uyğunluq sertifikatı və işçi çertyoju (cizgi) olmadan, plastik kütlədən tara çertyojlar olmadan, alüminium materialından LSA tipli pilləkən, təsərrüfat şotkaları işçi cizgisi olmadan istehsal olunduğu məlum olub. Həmçinin müəssisədə istehsal olunan təsərrüfat süpürgələrinin üzərində Türkiyənin ştrix kodu, süpürgənin dəstəyində isə İtaliyanın ştrix kodu göstərilsə də, hər iki etiketdə “Kozmo” əmtəə nişanı, istehsalçının isə “Rəmzi” firması olduğu qeyd edilib. Müəssisədə istismar olunan ölçmə vasitələrinin vəziyyətinin də qeyri-qənaətbəxş olduğu, 75 ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi müəyyən edilib.



Aşkar olunmuş nöqsanlarla əlaqədar inzibati protokol tərtib edilib, “Osman Plastik Sənaye və Ticarət” MMC-yə sinklənmiş metal materialdan künclük və taranın istehsalı və satışı qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed