Şrift:
Qarabağ muğam kvarteti Tacikistanda konsert verib
10.07.2013 [11:23] - Mədəniyyət
İyulun 8-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Şuqnan rayonunun inzibati mərkəzi olan Porşinev şəhərində “Qarabağ” muğam kvartetinin Heydər Əliyevin 90 illik yubileyinə və Azərbaycan-Tacikistan dostluğuna həsr olunmuş konserti keçirilib. Azərbaycanın Tacikistandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında Pamirə yollanan “Qarabağ” muğam kvartetinin üzvlərinin və 2011-ci ildə Azərbaycanda keçirilən II Muğam Festivalının qalibi Aytən Məhərrəmovanın çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Tarda əməkdar incəsənət xadimi Elçin Həşimov, kamançada əməkdar incəsənət xadimi Elnur Əhmədov, nağarada Sultan Əliyevin mahir ifaları da böyük maraq və sevgi ilə dinlənilib.



Konsertin əvvəlində DBMV-nin Şuqnan rayonunun sədri Şodixon Camşedov çıxış edərək Azərbaycan və tacik xalqlarının çoxəsrlik, güclü, ənənəvi dostluğu haqqında danışıb. Səfir A. Həsənov isə çıxışında bildirib ki, bu il ərzində səfirliyin təşəbbüsü ilə Tacikistanın Xatlon, Soqd vilayətlərində, Kurqan-Tube, Düşənbə, Xucənd şəhərlərində konsertlər təşkil olunub. 19 may 2013-cü ildə S. Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası səhnə tarixində ilk dəfə olaraq Tacikistan xoru, orkestri və aktyorlarının iştirakı ilə Azərbaycan dilində tamaşaya qoyulub. Səfir bəyan edib ki, iki ölkənin qədim, yaxın və bir-birinə bağlı musiqisi var: “Muğam və şaşmakom eyni kökdən qidalanan musiqilərdir. Xalqlarımız arasında tarixən heç bir zaman müharibə, düşmənçilik, nifaq olmayıb. Əksinə, hər zaman sülh, anlaşma, yaxşı münasibətlər mövcud olub”.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed