Şrift:
Gəncənin 4 min illik yubileyi ilə bağlı ümumşəhər toplantısı keçirilib
10.07.2013 [12:21] - Gündəm, Mədəniyyət
Gəncə şəhərinin 4 min illik yubileyi ilə bağlı YAP-ın şəhər təşkilatının iclas salonunda ümumşəhər toplantısı keçirilib. Toplantıda yubileyə hazırlıqla bağlı görüləcək işlər ətraflı müzakirə edilib.



Bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib. Toplantını giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu münasibətlə şəhər sakinlərini təbrik edib, yubiley tədbirlərinə hazırlığın əhəmiyyətindən danışıb.



Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktoru, professor Fuad Əliyev qeyd edib ki, Gəncənin 4 min yaşı ilə əlaqədar UNESCO-nun baş direktoru İrina Bokovanın Gəncəyə ünvanladığı təbrik məktubu bütün şəhər sakinlərinin sevincinə səbəb olub.



Qeyd olunub ki, uzun illər müəmmalı olan Gəncənin həqiqi yaşının dəqiqləşdirilməsi bu gün real şəkildə elan edilib və onun həqiqətən 4 min il olduğu müəyyənləşdirilib. Buna görə yubiley tədbirlərinə çox ciddi şəkildə hazırlıq nəzərdə tutulub.



Müəyyən edilmiş tədbirlər planına əsasən, şəhərdə böyük tərtibat işləri görülməli, dəyirmi masalar keçirilməli, ümumşəhər iməcilikləri təşkil edilməli, şəhərin girişində inşa edilmiş qala kompleksində arxeoloji və etnoqrafik muzey yaradılmalı, bayram konsertləri, ali və orta ixtisas məktəblərində inşa yazı müsabiqələri təşkil edilməli, Gəncəyə aid yeni monoqrafiya çap edilməli, Gəncənin tarixinə aid kataloq hazırlanmalı, yeni turizm marşrutları tərtib edilməli, ən mühüm tarixi abidələrin bukletləri hazırlanmalı, dünya kitabxanalarında və arxivlərində Gəncə ilə bağlı saxlanan əlyazma və xəritələrin surətləri Gəncəyə gətirilməli, musiqi və şer müsabiqələri təşkil edilməlidir.



Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sədrliyi ilə yaradılmış yubiley komissiyasının tərkibi təsdiq edilib, tədbirlər planı müzakirə edilərək qəbul olunmuş, yubileyin keçirilməsi üçün işçi qrupu yaradılıb.



Yubiley tədbirlərində xarici ölkələrdən dəvət olunacaq qonaqların iştirakı ilə Beynəlxalq elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed