Şrift:
Xırda qəpiklər pullar dövriyyədən çıxarıla bilər
11.07.2013 [12:00] - Gündəm, Sosial
1-3-5 qəpiklər yığışdırılır


"Xırdaçılıq etmə" ifadəsi o qədər həyatımıza nüfuz edib ki, artıq dükan-bazarda, ictimai nəqliyyatda belə xırda pullardan - daha dəqiq, kiçik nominallı pullardan istifadə edənlərə də xırdaçılıq edən kimi baxırlar. Amma bu məsələnin bir tərəfi, digər tərəfi isə daha ağırdır.
Belə ki, bu pullardan alış-veriş zamanı, nəqliyyatdan istifadə zamanı istifadə edənləri də ya yüksəkdən səs tonu ilə: "bu pul qəbul edilmir", ya da "başqa pul verin" kəlmələrini işlətməklə peşman edirlər. Amma heç kəsin hissiyyatı ilə oynamaq da olmaz. Azərbaycanın kiçik nominal nişanları dövriyyədə var. Deməli, bütün sahələrdə də istifadə olunmalıdır.Qeyd edək ki, Azərbaycanda kiçik nominallı pul nişanları ilk dəfə 1992-ci ildə dövriyyəyə buraxılsa da, özünü doğrultmadığından çox keçmədi ki, yığışdırıldı. İkinci dəfə dövriyyəyə buraxılması isə 2006-ci ildə manatın denominasiyasından sonra mümkün oldu. Amma görünür, bu pul nişanları hələ də özünü doğrulda bilməyib. Ona görə də bu gün 1, 2, 3 qəpiklərdən, demək olar ki, istifadə edilmir. Hətta bir çox hallarda xırda qəpiklər alıcı və satıcılar, sürücü və sərnişinlər arasında narazılıqlara səbəb olur. Baş çəkdiyimiz dükanlarda satıcılardan öyrəndik ki, onlar alış-veriş zamanı 1, 2, 3 qəpiklərdən istifadə edirlər. Hətta bu pullar alıcılara qalıq borc kimi qaytarılır da. Qalıq pulu götürüb-götürməmək isə qalır alıcının öz istəyinə. Dükanlarda apardığımız müşahidələrdən gördük ki, hazırda xırda qəpiklər arasında nisbətən 5 qəpikdən çox istifadə olunur. 1 və 3 qəpiyin istifadəsinə isə heç rast gəlinmir.
İqtisadçı ekspertlər düşünür ki, bu pullar alıcılıq qabiliyyəti olmadığından istifadə edilmir. Onların dövriyyədən çıxarılmasının isə istehlak bazarına və inflyasiyaya heç bir təsir imkanı yoxdur. İqtisadçıların verdiyi məlumata görə, xırda qəpiklərin buraxılışının dayandırılmasının arzuolunan deyil: “Bu gün supermarketlərdə xırda qəpiklərin istifadə olunduğunu nəzərə alsaq, o baxımdan həmin pulların buraxılışının dayandırılması, təbii ki, mümkün deyil. Birmənalı olaraq həmin qəpiklərin buraxılışı davam etdirilməlidir. Çünki əks halda supermarketlərdə vətəndaşların ödəmə imkanları xeyli məhdudlaşacaq. Bu eyni zamanda qiymətlərin yuvarlaqlaşmasına və müəyyən məhsullar üzrə qiymət artımına gətirib çıxaracaq. Amma kiçik qəpiklərin aradan çıxarılmasının doğru yolu nağdsız hesablaşmalardan istifadə edilməsidir. Nağdsız hesablaşmalardan istifadə edilməsi birmənalı şəkildə xırda pullara olan tələbatın azalmasına gətirib çıxaracaq. Nəticədə proses tədricən onların sıradan çıxması ilə sonuclanacaq. Əslində inzibati metodlarla xırda pullara tələbatı azaltmaq mümkün deyil". Eyni zamanda iri nominallı dəmir pulların buraxılmasını həmsöhbətimiz mümkün saydı: "Azərbaycanda bir, iki manatlıq dəmir pulların buraxılması texniki baxımdan mümkündür. Əskinaslar tez sıradan çıxır, nəinki dəmir pullar. Amma bunun bir problemi var. Bir, iki manatlıq əskinaslar dəmir pullarla əvəzlənəcəksə, bu proses qiyməti nisbətən aşağı olan mallarda süni inflyasiyanın yaranmasına gətirib çıxara bilər. Belə vəziyyət pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Deməli, texniki və hüquqi baxımdan dəmir bir, iki manatlıqların dövriyyəyə buraxılması mümkün olsa da, burada da müəyyən problemlər var".
Bəzi iqtisadçılar hesab edir ki, xırda qəpiklərin buraxılışının dayandırılmasını düzgün deyil: "Əslində bu qəpiklərin işlək olması üçün onları stimullaşdırmaq lazımdır. Bir çox ödənişlər xırda pulların olmasını vacib edir. Kiçik sikkələrin dövriyyədən çıxarılması inflyasiyanı stimullaşdıra bilər. Fikrimcə, bu kimi problemin aradan qaldırılması üçün bank sektorunda daha çox nağdsız ödəniş prosesinə geniş önəm vermək gərəkdir. Bu, baş verərsə, xırda qəpiklərlə bağlı hər hansı bir problem də yaşanmaz. İstənilən halda başqa valyutalarla müqayisədə Azərbaycan manatı kifayət qədər möhkəmdir. Belədə mövcud olan nominalları dövriyyədə saxlamaqla daha çox nağdsız ödənişlərə əhəmiyyət verməyin vaxtı çatıb. İri nominallı dəmir manatların buraxılmasına da müsbət baxıram. Hər halda dəmir manatların dövriyyəsi daha uzunömürlü və daha çox olur”.

Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed