Şrift:
Milli dəyərlərimiz hədəfdə
12.07.2013 [14:38] - Mədəniyyət, DAVAMın yazıları
Novruzəlilərlə, Məmmədhəsən əmilərlə, Xudayar bəylərlə necə TURAN qurmaq olar?


Elmi araşdırmaçı Pərvanə Məmmədlinin “Məşrutə inqilabı illərində demokratik ənənələrin formalaşması (1905-1911)” əsərindən İrandakı durum və Mirzə Cəlilin mətbu məktəbinin münasibəti sualına cavab axtaraq:

“…Fevral ayının 8-də (1907-ci il –X.İ.) Təbrizdə «Gizli Mərkəz»in başçılığı ilə Məşrutə inqilabı dövründə ilk silahlı üsyan baş verdi. Son nəticədə isə Təbriz şəhərində real hakimiyyət əyalət şurasının əlinə keçdi. İnqilabın ağırlıq mərkəzi tədricən Təbrizə keçməyə, İran inqilabının taleyi bu şəhərdə həll olunmağa başlamışdı. 1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak hərbi dəstəsi Məşrutəyə zərbə endirmək məqsədi ilə Məclisin və paytaxtdakı Azərbaycan şurasının binalarını top atəşinə tutdu. Mərkəzi hökumət Azərbaycana ordu göndərsə də xalq tərəfindən müqavimətə rast gəlmişdi. Bundan sonra Təbriz 11 ay mühasirədə qalmışdı. Xalq aclıq və bir çox başqa çətinliklərlə üzləşsə də təslim olmamışdı. Təbriz döyüşlərində Səttarxan öz yaxın silahdaşları ilə misilsiz döyüş şücaəti göstərmişdilər. Təbriz İran məşrutə inqilabının mərkəzinə çevrilmişdi…

1906-cı ildə «Molla Nəsrəddin» jurnalı İran və Cənubi Azərbaycan mövzusuna geniş yer ayırırdı. «Molla Nəsrəddin»in elə bir sayı yox idi ki, orada bu mövzu M.Cəlilin, M.Ə.Sabirin və jurnalın Təbriz müxbirləri – M.S.Ordubadinin, Mirzə Ələkbər Məmmədquluzadənin (Cəlil Məmmədquluzadənin qardaşı – P.M.) İskəndər Qəffari Sərxpuşun qələmi ilə felyeton, şeir, xəbər və s. şəklində getməsin…”.

Bu elmi tədqiqatdakı tarixi faktlar bir daha təsdiq edir ki, çarlıq Rusiyasının İrandakı (kazak) hissələri məşrutə inqilabını boğmağa silahlı yardım etdiyi halda Mirzə Cəlil və onun qələm və məfkurə yoldaşları olan «Molla Nəsrəddin»çılər, əksinə, məşrutə inqilabına dəstək verirdilər. Bu dəstək Həmid Herisçiyə yetərsiz görünə bilər, çünki o, tarixi şərait və imkan nisbətini unutmağı proqramlaşdırıb özündə…

Herisçinin “Ölülər”ı plagiat adlandırmağının da tamamilə yersiz olması Mehriban Vəzirin Həmidə xanım Cavanşir “Xatirələr”inə dayanan açıqlamasından görünür. Həmidə xanım Cavanşir “Xatirələr”ində “Ölülər” əsərinin motivlərinə toxunaraq bildirib ki, “Ölülər”də haqqında bəhs edilən əhvalat Naxçıvanda baş vermiş gerçək bir hadisə idi. Mirzə Cəlil o hadisəni götürüb və bir ədib kimi o tərəf-bu tərəfini bəzəyib verib. Bu, Naxçıvanda baş vermiş real hadisədir. Mehriban Vəzir bu məsələ ilə bağlı öz qənaətini belə yekunlaşdırır:

“Mirzə Cəlil ola bilsin ki, Həmid Herisçinin dediyi kimi, hansısa xarici müəllifin əsərindən təsirlənsin, amma o, Mirzə Cəlilin yaşadığı mühitdə baş vermiş hadisədir. Həqiqətən də Şeyx Nəsrullah adlı şəxs olub. Meterlinkin əsəri yazıçıya yalnız hansısa impuls verə bilərdi. Yəni əlimdəki faktlar “Ölülər”in plagiat olmadığını deyir”.

Türk soylu Mirzə Cəlili Belçika müəllifi Meterlinkin quyruğuna bağlamaq istəyən Həmid Herisçinin diqqətinə çatdıraq ki, çağdaş Türkiyə filmlərindən məşhur Şaban obrazı ilə tanınmış Kamal Sunalın rol aldığı bir çox filmin ssenarisi istənilən fransız və ya başqa Avropa filminin ssenarisindən maraqlı, canlı, məzmunlu və orijinaldır. Ona görə də Həmid Herisçi türk oğlu, özünəməxsus yaradıcılığı və bənzərsiz dərgisi ilə Yaxın və Orta Şərq ölkələrində silinməz bir iz qoyan ustadımız Mirzə Cəlili haqsız yerə başqası önündə aşağılamamalıdır!

H.Herisçi özü də yazıçı olduğu üçün yaxşıca bilir ki, hər bir müəllif özündən öncə gələn və ya müasiri olan yazıçıdan (alimlər və başqa sənət sahibləri kimi) yaradıcı şəkildə yararlana bilər, necə ki, o, özü indi postmodernizmin dalınca düşüb. Hər bir ədəbi cərəyan müəyyən bir yanaşmanın quludur. Təbiət elmlərində, fəlsəfədə, ədəbiyyatda, cəmiyyətdə dəyişmələr getdikcə yanaşmalar yeniləşə, başqa müvəqqəti yanaşma ilə əvəz oluna bilər…

H.Herisçi Mirzə Cəlili və «Molla Nəsrəddin» satirik dərgisini lətifəçilikdə suçlayır. Əvvəla, Mirzə Cəlil və «Molla Nəsrəddin»ın fəaliyyətinin yuxarıda da təqdim etdiyimiz proqramından göründüyü kimi, bir qismi lətifəçilik sayıla bilər. Həm də təbii ki, bu, məqsəd deyildi, məqsəd jurnalda ciddi mətləblərə toxunmaq, maarifçilik ideyalarının təbliği, Azərbaycan cəmiyyətinin digər inkişaf etmiş və ya qonşu cəmiyyətlərdən geri qalma səbəblərinə toxunmaq, milli özəllikləri qorumağa xidmət imkanı əldə etmək (digər materiallarla) və s. idi…

Mirzə Cəlil və «Molla Nəsrəddin» yolu az, ancaq təsirli sözlə dərin qatlara nüfuz etmək, incə mətləblərə toxunmaq, qəflət yuxusunda batıb qalanları da sarkazmla, karikatürlə oyatmağa cəhd etmək… kimi məqsədlər güdür.

Yunus Əmrə deyir: “Az söz erin yüküdür, çok söz hayvan yüküdür.”

Dostoyevskiyə görə, “İnsanın dəyərini varlığı deyil, yoxluğu göstərir…”

İki dünya klassikinə məxsus bu deyimlər də Mirzə Cəlilin böyüklüyünə işarə vurur… Ancaq çox təəssüf ki, aşağıdakı qeyri-kamil, az qala meşşansayağı ifadələr də Həmid Herisçinin az qala pərəstiş etdiyi Fyodor Dostoyevskiyə məxsusdur:

–“Dünyamı yıxılsın, yoxsa bir bardaq çaymı içərsən?” desələr… “Mən çayımı içərəm, sonra dünyanın canı cəhənnəmə” deyərdim.

–İnsan oğlu çox dərin bir varlıqdır. Mən tanrı olsaydım, bu qədər dərin yaratmazdım.

(Müəmmaşünas Həmid Herisçinin kumiri bəlkə də bu ifadələri tipin dili ilə deyib, o bambaşqa məsələ. Doğrusu, bu ifadələrin hansı kontekstdə yazıldığını araşdırmağa imkan bula bilmədik –ancaq saytlarda beləcə, Dostoyevskinin öz düşüncələrinin məhsulu kimi yayınlanıb. – X.İ.)

Mirzə Cəlili aşağılamaq istəyən H.Herisçinin “Alatoran” jurnalının 2004-cü il 1 saylı buraxılışında yayınlanan “İlyas Ərnəfəs” romanından aşağıdakı parçaya diqqət edək: “Aprelin lap əvvəlində, Kəlbəcərin ermənilərə gəlin gedən günü, Kommunist küçəsində dayanıb bütün bu acı mənzərələrə maddım-maddım baxan gənc nasir İlyas Ərnəfəs, 39 saylı “Qazel”in çoxdandı gəlmədiyindən lap cana doymuşdu, bilmirdi ki, neynəsin”.

“Kəlbəcərin ermənilərə gəlin gedən günü” ifadəsini dilinə alaraq Azərbaycanı aşağılayan Həmid Herisçi üçün hər hansı klassiki, o sıradan Mirzə Fətəli Axunzadəni aşağılamaq su içmək kimi bir şeymiş.

Həmid Herisçi özünü aşırı dərəcədə müəmmalara kökləyərək İran təbabətilə Quzey Azərbaycanlıların şəfa tapmasını imamlara bağlayır, Azərbaycan ideologiyasını isə pirlərə. Sual olunur: Əgər Quzey Azərbaycanlıların İranda şəfa tapması İran həkimlərinə deyil, imamlara bağlıdırsa, bəs onda onların Almaniyada şəfası nəyə bağlıdır? Kilsəyə, yoxsa “Bavariya” pivəsi gillətmiş ruhanilərə? İkincisi, pirlərə sayğı ilə yanaşmamızla yanaşı soruşmaq istərdik: Dədə Qorqud, Babək, Nizami, Füzuli, Nəsimi, Nəsirədin Tusi və bənzər başqaları ki, pir sahibi deyillər, sən islamdan sonra yaranmış bu pirlərin funksiyalarını niyə “dəyişirsən”? Bəs Qobustan qayaüstü rəsmləri, Gəmiqaya, Azıx mağarası, qədim türk yazılı abidələri necə olsun, onlar ideoloji zəmin olmasınlar, bəlkə onları da pirlər əvəz eləsinlər?!..

Tanınmış yazıçı-publisist və ictimai xadim Mehriban Vəzir də Mirzə Cəlillə bağlı sensasiyalı açıqlamalar müəllifidir. Çox təəssüf ki, Mirzə Cəlili məişət səviyyəsində müzakirəyə çıxarmaqla qaydasız döyüşə atılan Mehriban Vəzir Həmidə xanımın qeydlərini diqqət mərkəzinə çəkərək «Molla Nəsrəddin» dərgisinin şanlı qurucusunun şəxsi həyatındakı və məişətindəki qüsurları media manşetlərinə daşımışdır. Cəlil Məmmədquluzadənin yoldaşı, qeyrətli soydaşımız Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabını ruscadan Azərbaycan dilinə çevirərək nəşr etdirən hörmətli Mehriban xanım Vəzirin həm də Qurbanəli bəyin qohumu kimi dövriyyəyə girməsi açığı, çox qəraib görünür. Qurbanəli bəyin qohumu olmaq ayıb deyil, ancaq o, platformadan Cəlil Məmmədquluzadəyə qarşı “səlib yürüşü” təşkil eləmək “yel qayadan nə aparar” anlamını yada salır. Axı, millətimiz Mirzə Cəlili şəxsi keyfiyyətlərinə və məişət platformasına görə deyil, vətən üçün çalışdığına, qələmi və mətbu məktəbi ilə onun ruhuna yaxın olduğuna… görə sevir, sevəcək, necə ki, hökumət aqibətdə onu hamam kassiri eləmişdi (prinsiplərini satmadığına görə). Xalq isə onu ancaq və ancaq ünlü satirik, «Molla Nəsrəddin» dərgisinin banisi və son sayınadək baş mühərriri kimi tanıyır, tanımaqdadır…

Bundan başqa, qeyd edək ki, Mirzə Cəlilə qarşı Mehriban xanımın önə çəkdiyi məişət ittihamları hansı gerçəkliklərdən qaynaqlanır –burada Həmidə xanım Cavanşirin subyektivizmə yuvarlanıb-yuvarlanmadığı da bəlli deyildir.

Nümunə üçün Mehriban xanımın aşağıdakı ifadəsinə diqqət yetirək: “Eyni zamanda, o (Mirzə Cəlili nəzərdə tutur –X.İ.) xəsis idi. Həmidə xanım yazır ki, az olan pulumuzu idarə edə bilmirdim, verirdim o idarə etsin…”. Haşa! Həmidə xanım öz dililə deyir ki, “az olan pulumuzu”… Az olan pulu da idarə etməyin bircə yolu var, o da qənaətlə idarə etmək. Başqa yolu varsa hörmətli həmkarımız Mehriban Vəzir buyursun söyləsin. Həmçinin nəzərə almaq lazımdır ki, Mirzə Cəlil jurnal nəşr edirdi və sonuncu həyat yoldaşı ilə birgə çox çətinliklərə məruz qalırdı. Sovet dönəmi onları daha çətin vəziyyətə saldı. Nərimanov xoş niyyətli dəvətlə Mirzə Cəlili İrandan Bakıya dəvət etdi ki, “Molla Nəsrəddin”in nəşrini Quzey Azərbaycanda davam etdirsin. Sonra Sovetlər Nərimanovu da aradan götürdülər, Həmidə xanımın müəssisəsini də bağlamışdılar və ya müsadirə etmişdilər, jurnala da qoyulan qadağaları Mirzə Cəlil qəbul etmədiyi üçün «Molla Nəsrəddin» də qara dəftərə düşdü və bağlandı. Sonadək mücadilə verən Cəlil Məmmədquluzadənin millət və vətən qarşısında daim alnı açıqdır…

Mehriban Vəzirin başqa bir açıqlaması daha əcaibdir: “Əli bəy Hüseynzadə çox böyük və Turan üçün əhəmiyyətli adamdır. Amma Mirzə Cəlilin hədəfləri Novruzəlidir, Məmmədhəsən əmidir”.

Yazıqlar olsun! Mirzə Cəlilin hədəfləri Novruzəlilər, Məmmədhəsən əmilər deyil, sadəcə olaraq Azərbaycan xalqında Novruzəlilik, Məmmədhəsən əmilik əmsalının falakət həddini keçdiyinə işarə vurmaqla milləti ayıltmaqdır, özünə kənardan baxmağı öyrətməkdir. Öz qüsurlarını görməyən onları necə islah edə bilər? Novruzəlilərlə, Məmmədhəsən əmilərlə, Xudayar bəylərlə necə Turan qurmaq olar(dı)? Bir çoxlarından fərqli olaraq Mirzə Cəlil Yaxın və Orta Şərqdə türk-islam coğrafiyalarında mədəni-etnik bağların güclənməsinə xidmət edir, bəzi siyasətçilər kimi, vaxtı çatmamış vəd və bəyanatlarla məşğul olmurdu.

Mehriban Vəzir Mirzə Cəlilin təhsilinə də “mız” qoyaraq onun Qori Seminariyasını bitirdiyini, Əli bəy Hüseynzadənin isə daha yüksək təhsil aldığını bildirir. Əvvəla, millətin sevdiyi iki böyük şəxsiyyəti üz-üzə qoymaq bizləri içimizdən parçalamağa xidmət edir ki, o da bizə yaraşmaz! İkincisi, o zamanın yüksək təhsil paradan asılı bir məsələ idi (təbii ki, istedad və zəhmət zəruri şərt olmaqla.) Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüş Əli bəy Hüseynzadənin maddi problemləri yox idi. Özü də hərtərəfli istedad sahibi və ciddi universallığa malik şəxsiyyət idi. Ancaq bu iki görkəmli şəxsiyyətin təhsil səviyyəsi müxtəlifliyi məsxərə amili ola bilməz. Mirzə Cəlil kimi Nərimanov Qori Seminariyasında, Stalin, Mikoyan isə Tiflis Ruhani Seminariyasında təhsil alıblar, sonra Nərimanov Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib, ancaq digər ikisi ali təhsil almasalar da Sovet İmperiyasının rəhbərləri olub, Türk Dünyasına qan uddurublar. Atatürk də “Turan” şüarının əleyhinə idi… nə məqsədlə? –Çünki türkləri imperialistlərin hədəfinə gətirir. O, bu işin siyasətlə görülməsinin tərəfdarı idi. 1933-cü ildə etdiyi çağırış buna sübutdur. Başqa sözlə, gözəl ideyalar vermək bir məsələdir, onu gerçəkləşdirmək qat-qat çətin olan başqa bir görəv, bəzənsə həllinə ulaşılması qeyri-mümkün məsələdir.

Ona görə də Mirzə Cəlil haqqında “o, Türk Dünyası uğrunda böyük ideyalar irəli sürməyib, mücadilə etməyib” kimi qənaətlər yaymaq yanlış bir fəaliyyətdir.

Xaqani İsmayıl
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed