Şrift:
Sumqayıt Tibb Kollecində çirkin əməllər yenidən start götürüb
19.07.2013 [13:16] - Gündəm, Sosial
Bu gün ölkədəki səhiyyə sisteminin bərbad durumda olması tibb sahəsindəki çatışmazlıqlarla bağlıdır. Hamıya bəllidir ki, hazırda təhsil sahəsində saya gəlməyəcək qədər problemlər yaşanır. Təhsildəki rüşvət və korrupsiya digər sahələrə də təsirsiz ötüşmür. Rüşvətin ayaq açıb yeridiyi ölkədə hansısa yaxşı işlərdən danışmaq yersiz olardı. Əgər gələcəyin həkimi universiteti pulla bitirirsə, sabah o həkimdən hansı savadı, hansı təhsili gözləmək olar?

Bu gün ölkədə peşəkar kadrlar barmaqla sayılacaq qədərdir. Bir sıra ölkələrlə müqayisədə Azərbaycan bu sahələrdə geridə qalıb. Respublikanın təhsil ocaqlarında nə normal təhsil verilir, nə də savadlı kadrlar yetişir. Bu təhsil ocaqlarından biri Sumqayıt Tibb Kollecidir. Adıçəkilən kollecdə vəziyyət ürəkaçan deyil. Oradakı problemlər isə getdikcə daha da artır. Qeyd edək ki, kollec Səhiyyə Nazirliyinin təsisçiliyi ilə yaradılıb. Direktoru isə Rafael Eyvazovdur. Direktorun rəhbərliyi altında burada bir sıra qanunsuz əməllərə, rüşvətxorluğa yol verilir. Dəfələrlə "Gündəlik Bakı” qəzeti orada baş verən neqativ hallarla bağlı ictimaiyyəti məlumatlandırıb. Və aidiyyəti qurumları oradakı vəziyyətlə agah edib. Lakin müvafiq orqanlar sözügedən kollecdə yaşananlarla bağlı heç bir tədbir görməyib. Bu da onu göstərir ki, Rəfael Eyvazovun respublikanın yuxarı orqanlarda adamları var. Kollec direktorunu arxasında güclü adamlar dayanır. Əks halda o, təhsil ocağında törətdiyi əməllərə görə cəzasını alardı. Görünür, Eyvazov yuxarı qurumlara da "hörmət” edir.

Ona görə də ona dəyib-dolaşan yoxdur. Tibb kolleci ilə bağlı redaksiyamıza daxil olan şikayəti sizin diqqətinizə çatdırmaq istərdik. Onu da qeyd edək ki, şikayət kollecin bir neçə müəllimi tərəfindən yazılıb. Lakin müəllimlər adlarının anonim saxlanılmasını istəyirlər. Məktubda bildirilir ki, yeni dərs ilinə artıq 2 aydan az müddət qalmasına baxmayaraq, Eyvazov öz çirkin əməllərinə start verib: "Artıq dərslərin müəllimlər arasında paylanmasına başlanılıb. Baxmayaraq ki, dərs ilinə 2 aya yaxın vaxt qalıb. Kollec direktoru rüşvət mexanizmini işə salıb. Kim Eyvazova hörmət edirsə, onun dərs saatı da çox yazılır. Kim direktora nəysə vermirsə, ya onun işdən çıxarılma hədəsi ilə, ya da dərs saatlarının azalması ilə qarşılaşır. Ona görə də bu şəxsin əməlləri nəzərə alınmalıdır”.

Onu da qeyd edim ki, bir neçə müəllim kollec direktorunun qanunsuz əməllərindən mediaya informasiya verdiyindən işdən çıxarılmışdı. Lakin müəllimlər bu şəxsin əlindən cana yığıldıqlarına görə işdən çıxma riskini gözə alaraq, müvafiq qurumlara şikayət edəcəklərini bildiriblər. Sumqayıtdakı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, kollecdə vəziyyət dözülməz həddə çatıb. Tələbələr vaxtlı-vaxtında təqaüdlərini ala bilmirlər.

Bundan başqa, dövlət büdcəsindən kollecə ayrılan vəsaitlərin hara xərclənməsi sual altındadır. Çünki kollec tamamilə təmirsizdir. Sinif otaqları, labarotoriyalar yaxşı vəziyyətdə deyil. Bütün bunlar dövlətin vəsaitinin mənimsənilməsini göstərir. Ümid edirik ki, bu şəxs barəsində ciddi ölçü götürüləcək.



Nuray KAZIMOVA
Bu xəbər oxucular tərəfindən 3868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed