Şrift:
İranlı ayətullahın oruc tutanların su içə bilər təklifi dindarların qəzəbinə səbəb oldu
22.07.2013 [11:22] - Xəbərlər, Sosial
Seyid Camal Əzimbəyli: “İstənilən halda bu, orucu batil edər”

İslamın bir neçə təməl prinsipi var ki, onlardan biri də oruc tutmaqdır. Necə deyərlər, oruc tutmaq islamın fəlsəfəsini təşkil edən faktorlardan biridir. Məsələ ondadır ki, digər ibadətlərdən fərqli olaraq, oruc birbaşa Allah üçün tutulur. İslam dini yaranıb intişar tapandan bəri bir çox insanlar oruc tutur. Eyni zamanda, oruc tutmağın konkret qayda-qanunları var ki, onlardan başlıcası səhər açılandan axşamadək heç bir qidanın qəbul olunmamasıdır.
Amma İranın nüfuzlu din alimlərindən ayətullah Əsədullah Bəyat Zəncani orucluqla bağlı sensasion açıqlama yayıb. Onun yaydığı aşıqlamada qeyd olunur ki, susuzluğu aradan qaldırmaq üçün az da olsa su içmək orucu pozmayacaq. İranlı imamın internet səhifəsində dini qaynaqlara dayanaraq verdiyi açıqlamada oruc tutmaqla bağlı önəmli və bir o qədər də səs-küyə səbəb olacaq bir fətvası yayımlanıb. Ayətullah Bəyat Zəncaninin açıqlamasında deyilir: "Oruc tutub fəqət susuzluğa dayanamayanlar susuzluqlarını aradan qaldıracaq qədər su içə bilərlər. Belə bir vəziyyətdə oruc pozulmaz və qəza olaraq əlavə oruc tutmağa da ehtiyac yoxdur". Onu da qeyd edək ki, açıqlamanı verən din adamı şiəlikdə ən yüksək rütbə sayılan "Təqlid Mərcisi" səlahiyyətinə sahibdir. Yəni fətva verə bilər, dini düşüncələri qanun kimi keçərlidir.
İranlı ayətullahın orucluq ayında su içmək fikri Azərbaycan dindarları tərəfindən müsbət qarşılanmadı.
Dinşünas Seyid Camal Əzimbəyli “Davam az” saytına açıqlamasında bildirdi ki, müqəddəs ayda su və ya hər hansi qidanın qəbulu tamamilə ziddir: "Zəncaninin belə bir fətva verməsi məni çox təəccübləndirdi. Fikrimcə, heç bir halda müctəhid belə bir fətva verə bilməz. İstənilən halda bu, orucu batil edər. Məsələn, oruc tutan insan təhlükə altına, ölüm halına düşürsə və bu zaman su içirsə, istənilən halda onun orucu batildir. Bütün hallarda su içən şəxsin orucu batil olacaq. Ancaq məcburiyyət üzündən bu addımı atanların üzərinə kəffarə gəlməyəcək. Çünki həmin şəxs müəyyən zərurətdən bu addımı atıb. Məlum açıqlamadan sonra ilk baxışdan belə başa düşdüm ki, fikirlərində anlaşılmazlıq var. Ancaq sonra onun həqiqətən də belə fikirlə çıxış etdiyi məlum oldu. Bütün hallarda, insan oruc vaxtı bilərəkdən yeyib-içirsə, onun orucu batildir. Bir sözlə, sadalananlar orucu batil edir. Düzdür, xəstə adam məcburən oruc vaxtı su içirsə, orucu batil olur. Ancaq onun boynuna kəffarə gəlmir. Bundan fərqli olaraq, bilərəkdən orucu pozanların boynuna kəffarə gəlir. Bu zaman həmin şəxslər 60 gün əlavə oruc tutmalıdır. Bir gün də qəza orucu tutmalıdır. Bir daha qeyd edim ki, oruc tutan şəxsin hər hansı miqdarda su içməsi tutduğu orucun batil olması deməkdir. Buna başqa ad vermək mümkün deyil".
Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed