Şrift:
Baş Prokurorluq Azərbaycanda rüşvətxorların sayını açıqladı
23.07.2013 [11:29] - Gündəm, Sosial, Hüquq
Cinayət başında yaxalanmış şəxslər barəsində 16 cinayət işi başlanıb
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü ilin birinci yarısında respublikada qeydə alınan korrupsiya cinayətlərinin statistikasını açıqlayıb. İlin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən idarənin rəisi K.Əliyev qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

2013-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub.

Cinayət işləri üzrə vurulmuş 16 milyon 460.0 min manat ziyandan istintaq müddətində 7 milyon 961.0 min manat və ya 48,4 %-i ödənilib. Ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed