Şrift:
Açıq havada ət kəsimi hələ də davam edir
24.07.2013 [14:41] - Xəbərlər, Sosial, DAVAMın yazıları
Paytaxtın bu gün istənilən məkanında açıq havada ət kəsimi hallarına rast gəlmək olar. Nəinki şəhərətrafı qəsəbələrdə, hətta şəhərin mərkəzində də ət kəsilməsi halları qalmaqdadır. Həmçinin son vaxtlar mənşəyi bilinməyən ət və ət məhsullarının satışa çıxarılması ilə bağlı məlumatları tez-tez eşidirik. Əksər hallarda ətin keyfiyyəti laboratoriyalarda yoxlanılmadan satışa icazə verilir. Bunun nəticəsində isə insanlar arasında heyvan mənşəli xəstəliklər ildən-ilə artır. Halbuki mövcud qaydalara görə, heyvanlar ancaq müəyyənləşdirilmiş yerlərdə yoxlanılmalı və bundan sonra kəsimi aparılmalıdır. Maraqlıdır, bu işlərə ciddi nəzarət edilməsi nə üçün mümkün olmur?
Apardığımız araşdırma zamanı məlum oldu ki, paytaxt əhalisi ət məhsulunu evlərinin yaxınığından ət alır. Bu zaman ətin açıq havada, yaxud bağlı ərazidə satılmasına ciddi önəm vermir. Sakinlər bunu onunla əsaslandırırlar ki, heç olmasa həmin ərazilərdə kəsiləcək heyvan bir gün öncədən ət dükanının yaxınlığına bağlanılır. Əhali ən azı hansı heyvanın ətini alacaqlarını bilir. Paytaxtdakı bazarlarda və yarmarkalarda satılan ətin mənşəyi isə onlara məlum deyil. Digər tərəfdən isə, sakinlər bazarlarda satılan ətin həqiqətən yoxlanlması və təhlükəsiz olmasına əmin deyillər.
Əslində isə rayonlardan paytaxta ətin gətirilməsi qaydalar əsasında aparılmalıdır. Hətta əgər rayon daxilində bir kənddən başqa yerə ət aparılırsa, bu, arayış əsasında həyata keçirilməlidir. Rayon sərhəddindən kənara ət çıxarıldıqda isə onun baytarlıq orqanından şəhadətnaməsi olmalıdır. Bu şəhadətnamələr olmadan həmin məhsulların daşınması qadağandır.
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin mətbuata verdiyi məlumata görə, heyvan kəsimi müəyyənləşdirilmiş yerlərdə aparılmalıdır: "Əgər hər hansı ərazidə heyvan kəsimi aparılırsa, həkim nəzarətindən keçib-keçməməsi dəqiq bilinmir. Amma bu iş mərkəzləşmiş qaydada aparılsa, hər bir rayon mərkəzində ət kəsimi məntəqəsi yaradılarsa, həmin ərazidə birmənalı olaraq laboratoriya fəaliyyət göstərəcək və kəsilən ətlərə həkim nəzarəti olacaq. Həm kəsilən heyvan ətinin keyfiyyətinə zəmanət veriləcək, həm də ondan nümunələr götürülərək yenidən müayinə ediləcək. Yalnız bundan sonra həmin ətin satışına icazə veriləcək. Bu məntəqələrdə heyvan kəsilməsi zamanı dövlət rüsumu ödənilməli və həmin kəsim məntəqəsinə də pul keçirilməlidir. İstənilən ərazidə heyvanların kəsimi hər baytarlıq, həm də sanitariya baxımından düzgün deyil. Digər tərəfdən isə, insanların olduğu yerlərdə heyvanların kəsilməsi qadağandır. Heyvanların kəsilməsi ancaq müəyyənləşdirilən qapalı yerlərdə aparılmalıdır. Hazırda paytaxtda təxminən 5 belə məntəqə olsa da, gələcəkdə onların sayı artırılacaq. Hazırda iş adamlarına da müraciət olunub ki, belə məntəqələrin tikilməsinə maraq göstərilsin".
Əhalinin yol kənarında, evlərinin yaxınlığında, həkim nəzarətindən keçməmiş olsa belə, satılan ət almağa bazardan daha çox üstünlük verməsinin müvafiq orqanlara etibarsızlığın nəticəsi kimi xarakterizə edilməsinə münasibət bildirən Y.Xanvəli bununla razılaşmadı: "Artıq neçə illərdir istehlakçıların maarifləndirilməsi istiqamətində iş aparılır. Hər bir istehlakçı bilməlidir ki, aldığı ətin sağlamlığı birbaşa onun özünə təsir edir. Ətin kəsilməsi sanitar qaydalara nə dərəcədə cavab verir, onlara satılan ət tam sağlamdırmı, baytar nəzarətindən keçibmi? İstehlakçılar bütün bunlara önəm verməlidir".
Günel
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed