Şrift:
Azərbaycanda IV ixtisas qrupu üzrə qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə
26.07.2013 [11:28] - Xəbərlər, Gənclik, Bildiriş
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 28-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Cümə günü keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, IV qrup üzrə imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 21 binada keçiriləcəkdir. İmtahanların idarə olunması üçün 98 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1018 nəzarətçi-müəllim cəlb olunacaq.

M.Abbaszadə deyib ki, imtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçmişdir: "2013-cü ildə IV qrup üzrə 11793 abituriyent ərizə təqdim edib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir. 6605 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır".

Onun sözlərinə görə, bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 53 abituriyent xarici ölkələrin vətəndaşıdır. 53 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 406 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənc isə 1998-ci ildəndir.

Bakı şəhərində 5140, Naxçıvanda 1055, Gəncədə 1619, Sumqayıtda 649, Mingəçevirdə 458, Şəkidə 616, Ağcabədidə 485, Göyçayda 431, Şirvanda 354, Lənkəranda 673, Qubada isə 313 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilir.

IV ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 22-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

IV ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 25-dən avqustun 1-dək qabiliyyət imtahanı verməlidirlər.
Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed