Şrift:
Azərbaycan fermerləri üzümçülüyün inkişafı ilə əlaqədar şərab emalı zavodunun tikilməsini təklif edirlər
26.07.2013 [17:03] - Gündəm, İqtisadiyyat
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarının sakinləri ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl İ.Abasov bir neçə fermer təsərrüfatına baş çəkib, yeni salınmış üzüm bağlarında becermə texnologiyaları ilə tanış olub. Nazir son dövrlərdə üzümçülük sahəsinə marağın artdığını bildirərək bu sahənin inkişafı ilə bağlı "2012-2020-ci illərdə Azırbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" çərçivəsində qarşıda duran vəzifələri açıqlayıb, 2012-ci ilə 543,3 ha yeni üzüm bağlarının salındığını, bu sahənin fermerlər üçün ən gəlirli və vacib bir sahə olduğunu vurğulayıb, bölgədə üzümçülüyün inkişafı ilə bağlı fermer və sahibkarlara məsləhət və tövsiyələrini verib.
Görüşdə iştirak edən vətəndaşlar bildiriblər ki, onlar bu gün becərilən hər 1 ha üçün yanacaq və motor yağlarına görə 40 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, toxum və tinglərə görə subsidiyaların verilməsi ilə təmin olunur, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə texnikalar və mineral gübrələr alırlar.
Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:
- üzümçülüyün inkişafı ilə əlaqədar olaraq şərab emalı zavodunun tikilməsi;
- cins mal-qaranın lizinq yolu ilə alınması üçün sahibkarlara güzəştli qaydada kreditlərin verilməsi;
- əhalinin sağlamlığını qorumaq üçün mərkəzləşdirilmiş kəsim məntəqələrinin açılması;
- baytarlıq xidmətini yaxşılaşdırmaq üçün həkim məntəqələrinin sayının artırılması;
- damazlıq düyələrin saxlanılma şəraitinin yaxşılaşdırılması;
- Kür qırağı ərazilərdə camışçılığın və keçiciliyin inkişafına dəstək;
- heyvandarlığın intensiv inkişafını təmin etmək üçün ilk növbədə dövlət dəstəyi ilə iri heyvandarlıq komplekslərinin yaradılması;
- Ceyrançöl qış otlaqlarının su ilə təminatı idarəsinin balansında olan su boruları uzun müddət istifadə olunduğu üçün korroziya uğraması;
- Ceyrançöl ərazisində yun qəbulu məntəqəsinin yaradılması;
- Tovuz rayonunda fəaliyyətini dayandırmış gön-dəri sexinin bərpa olunması;
- heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə subsidiyanın verilməsi, güzəştli kreditin müddətinin uzadılması;
- subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi;
- süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi. Süni mayalama texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;
- meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması;
- soyuducu kameralarda məhsulun saxlanılmasına, təchizatına və satışına kömək;
- kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi. Kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;
Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 55 vətəndaşın müraciətlərinə baxılıb. İ.Abasov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin çox hissəsi isə yerindəcə həll olunub.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed