Şrift:
Qurulmalı, qorunmalı Türk Birliyi
30.07.2013 [16:08] - Gündəm, Türk dünyası-Turan
Niyə dünyada türk ruhunun yaşamasına ehtiyac var? Ona görə ki, türklüyün amacı insanlıqdır. Hər bir xalqın öz adıyla bağlı keyfiyyətlərini bəşəri sərvət olaraq təqdim etməsini pis cəhət saymaq olmaz. Əsas odur insanlığa zidd nəsə olmasın.Türklük rəqabət tanımır, xalqlararası savaş yaratmır, əksinə, ilahi barış düzənçisidir. Türklük türkə sevgi yaratdığı dərəcədə də başqa millətlərə sevgi yaradır, bunu ömürləşdirməyi bacarır. Türklük insanlıq uğrunda mənəvi döyüş olduğu dərəcədə də ciddi, hərtərəfli yaşam tərzidir. Bəşər ruhunun, mədəniyyətinin, adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu, həm də ilkin yaradıcılarından olan Türk ona olan bütün qeyri-müəyyən münasibətlərə baxmayaraq halını qoruyub saxlamalı, ruhən güclü olmalıdır.
***
Türk xarakter etibarilə birsifətliyi, fitri döyüşkənliyi, inancıllığı, vətənsevərliyi ilə diqqəti çəkir. Türkün əsas xarakterik cəhətləri xilas kimi dünyaya təqdim olunmalıdır. Türk dövlətçilik ənənəsini minillər boyunca yaşatdı, bu gün də yaşatmaqdadır.
Türklük — həyata daim yaradıcı baxır, insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir, bu cəhəti qoruyur, yaşadır və sabaha çatdırır. Bu gün müəyyən məqamlarda Türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi cəhət onun daxilində bir potensiya kimi mövcuddur. Türkün «köçəriliyi» ideyası zaman-zaman türkü sevməyənlərin ona qarşı uydurduğu həqarətli bir yanaşmanın ifadəsidir. Özünəməxsus yaşam sistemi, dünyabaxışı yaradan bir millət necə köçəri ola bilərdi?

***
Türkü sevməyənlər bu millətin qolları arasındakı didişmələrdən məharətlə istifadə etdilər. İldırım Bəyazidlə Teymurləng, Şah İsmayıl Xətayi ilə Sultan Səlim arasındakı döyüş mahiyyətcə Türklərin tarixdə buraxdığı ənböyük xətalardan idi. Türklər əgər birləşə bilsəydilər, o zaman dünyanın indiki vəziyyəti tamam başqa cür olacaqdı. Türk özünün dünyabaxışını, inanc sistemini qoruyub saxlaya bilmədi. Bu, dünyaya daha çox Türkü öyrənib ona zərbə vurmaq üçün əsas verdi. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra çaşmaq, sarsılmaq olmaz. Zəngin dövlətçilik ənənəmizi qiymətləndirməli, qədimliyimizlə, olmuşlarla yanaşı həm də ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.
Türklərin qarşısında duran ən vacib məsələ onların biri-birlərini anlaması məsələsidir. Türk Türkün dərdinə yanmağı bacarmalıdır. Bu gün bütün umacaqlara baxmayaraq hər halda türk xalqları arasında müəyyən münasibətlər formalaşıb. Çağdaş dönəmdə mənəvi sahədə türk xalqları arasında birliyin yaradılmasına daha çox ehtiyac var. Elmi-mədəni əməkdaşlıq bu mənəvi bağlılığın gündən-günə möhkəmləndirilməsinə xidmət etməlidir.Ümumtürk əlifbası, ümumtürk ədəbi dili yönündə daha ciddi düşünməyin vaxtıdır. Türk xalqlarının adət-ənənələrinin daha səyli şəkildə öyrənilməsi, yaşadılması gərəkdir.
***

Bu gün coğrafi Turançılıqdan daha çox Mənəvi Turançılıq ideyasının təməl prinsip səviyyəsində yaşadılmasına ehtiyac var.
Xalqın ölməzliyinin tam, kamil ifadəçilərindən biri dildir. Kökü Şumerdən gələn, Orxon-Yenisey abidələrində ruhu yaşayan, bütün dünya alimlərini heyrətə gətirən türk əlifbasına sahib çıxa bilmirik. Ancaq dəfələrlə əlifba dəyişdirir, ölü xalq hesab edilən latınların əlifbasını yaşadır, bunu dünyadan geri qalmamaq kimi qəbul edirik. Hansı ki, yenilməz Türk Dünyamızı yaradarıqsa, başqa dünyalara gərəyimiz olmaz. Türklərin milli dəyərlərə söykənən geyimləri yaradılmalıdır, ciddi səviyyədə təbliğat işi aparılmalıdır. Yəni «sözümüzün geyimi» olan əlifamızla yanaşı sözün böyük mənasında öz milli geyimimiz də ömürləşməlidir. Əgər türk xalqlarını birləşdirən vahid tarix, dil və mədəniyyət birliyi sarıdan ideyada hələ konkretlik yoxdursa, o zaman ilk növbədə bu təməl ideyanın mahiyyətinin aydınlaşdırılması gərəkdir.

***
Gerçəkdir ki, Türk Birliyi yalnız xalis Türk Ruhuna əsaslanmaqla baş tuta bilər və bu yolda dünyanın siyasi əhvallarını bu və ya başqa mənada nəzərə almaqla göstərilən çabaların xüsusi bir effekt verməyəcəyi göz qabağındadır. Çağdaş dönəmdə türk xalqlarının siyasi birliyinin yaradılmasına hava-su kimi gərək var. Ancaq bu birliyin ilk növbədə mənəvi təməli yaradılmalıdır. Hə qədər ki, milli-mənəvi təməlimizin dəyişilməz prinsiplərini özümüz üçün aydınlaşdırmamışıq, o zaman türk xalqlarının, türk ölkələrinin birliyi sarıdan böyük siyasi uğurlara çatacağını düşünmək o qədər də gerçək görünmür.
Xalqı yaradan yetkin fərdlərdir və bu mənada türk xalqının sabahda var olmasında hərtərəfli inkişaf etmiş, bütünlüklə türk ruhunun dönməz daşıyıcısı olan fərdlər ciddi rol oynayacaq. Deməli, doğmalığın-birliyin təsdiqi üçün türk ölkələri bu istiqamətdə gerçəkdən addım atmalıdırlar.
Tarix, dil və mədəniyyət birliyinin yaradılması üçün türk xalqlarını bir araya gətirə bilmək gücündə olan, türk ruhuna əsaslanan birləşdirici milli-mənəvi ideya gərəkdir.
Çağdaş dönəmdə ortaq türkcə sarıdan xüsusi irəliləyişlər olmasa da, bu yöndə irəliyə doğru addımların atılması qaçılmazdır. Bu gün Türk Dünyasında gedən ictimai-siyasi, mənəvi proseslər hər birimizi istəsək də, istəməsək də dərindən düşünməyə vadar edir.
Yüzillərlə türkdən özü üçün daim təhlükə gözləyənlər, türkü sevməyənlər bacardıqları qədər türk xalqlarını, dövlətlərini biri-birinə qarşı qoydular və demək olar, istədiklərinə nail oldular. SSRİ-nin mövcudluğu dövründəTürk Dünyasının parçalanması yönündə atılan məqsədli addımlar bəhrəsini verdi. Hələ SSRİ rəsmi şəkildə yaradılmazdan qabaq Azərbaycanla Türkiyə arasında «Ermənistan» adlı qondarma, bufer dövlət yaradıldı. Mənəvi Turançılıq, türkçülük ideyasının beyinlərdən silinməsi məqsədilə SSRİ ərazisində ötən yüzilin 30-cu illərində repressiyalar zamanı ən çox zərbə elə türklüyə dəydi. Sovet hakimiyyətinin ilk dönəmində Azərbaycanda latın qrafikalı əlifbaya keçid güclü şəkildə təbliğ edilsə də, az sonra Moskva ayıldı və təşvişə düşdü. Gördü ki, bu, gec-tez yenə Türkiyə ilə Azərbaycan arasında ən azı mənəvi əlaqələrin inkişafı sahəsində yeni bir mərhələ aça bilər. Bu səbəbdən də nəinki Azərbaycan, ümumiyyətlə, SSRİ-də yaşayan bütün türkdilli xalqlar kiril əlifbası əsasında yazmağa məcbur edildilər. Repressiya dövründən başlayaraq Azərbaycanda xüsusən dilçilik sahəsində söz demək qüdrətində olan aydınlarımız ilk növbədə məhv edildilər, susduruldular.
Yuxarıda sadaladığımız müəyyən faktorlar əsasında bir daha bu qənaətə gəlmək olar ki, xalqın həyatında dil nə dərəcədə əhəmiyyətli, birləşdirici, gərəkli faktor rolunu oynayır. Ancaq bu gün Türk Dünyası bütün danışdığımız xoş, arzulu, ümidli sözlərimizə baxmayaraq hələ də istədiyimiz səviyyədə deyil. Çünki yüzillər boyunca türkləri bir-birindən ayırıblar.
***
Parçalanmışıq, paralanmışıq: bu çoxrəngli, çoxtərəfli ayrılmalar fəlakətində ilk növbədə dilimiz ziyan çəkib. Həm də heyrətamizdir ki, dilimiz şaqqalandığı, paralandığı, özgələşdirildiyi dərəcədə yenə ayaqda qalıb, bir millət olaraq başımızı itirdiyimiz məqamlarda belə o, bizi yaşadıb. Bu gün türk xalqları arasında ortaq dil ideyası vaxtaşırı müzakirə olunmaqdadır. Ancaq çox hallarda bu müzakirələr ən elmi, filoloji, faktlı araşdırma yönündə belə problemin həllinə aydınlığı ilə işıq salmır, dəqiq hərəkət istiqamətlərini müəyyənləşdirmir. Bütün hallarda isə belə müzakirələrin aparılması gərəklidir. Hazırda Türk Dünyasında ünsiyyət vasitəsi kimi Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, altay, başqırd, çuvaş, xakas,karaim, qaqauz, qaraçay-bolqar, qaraqalpaq, qazax, qırğız, qumuq, noqay, özbək, salar, şor, tatar, tofalar, tuva, türkmən, uyğur, yakut dilləri mövcuddur. Türk dillərinin qohumluq dərəcəsi ümumi fonetik qanunauyğunluqlarda, söz köklərində, şəkilçilərdə, söz yaratma və söz dəyişdirmə qaydalarında, morfoloji kateqoriyalarda və s. özünü büruzə verir. Türk dilləri arasında qohumluq bildirən sözlər, habelə bədən üzvlərinin adlarını, heyvan, quş, çay, əlamət bildirən, hal, hərəkət ifadə edən sözlər arasında ümumilik xüsusi nəzərə çarpır. Çağdaş türk sistemli dillərdən Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, türkmən və qaqauz dilləri türk dillərininOğuz yarımqrupuna aiddir. Bu dillərdəki fonetik, leksik, qrammatik əlamətlər digər qohum türk dillərindən fərqlənir. Məhz bu səbəbdəndir ki, Azərbaycan türkü ilə Türkiyə türkü, ya da ki, türkmən, qaqauz türkü bir-birlərini demək olar, problemsiz anlayırlar. Türk birliyinin yaradılması istəyi isə ilk növbədə ortaq türk dili ideyasının gerçəkləşməsi gərəkliyini meydana çıxarır.
Gedişat və təhlillər göstərir ki, belə bir ideya heç də sürətlə gerçəkləşməyəcək. Ancaq hər bir bu yöndə düşünən aydın problemin həlli üçün əlindən gələni etməlidir. Yəni ilk növbədə Azərbaycanda hər birimiz milli, özümüzə məxsus türk sözlərimizi qorumalı, bərpa olunmalını bərpa etməli, eləcə də yeni sözlərin yaradılması haqqında daim düşünməliyik. Bu gün Türk Dünyasının problemlərinin hərtərəfli araşdırılması yönündə daha ciddi işlər getməlidir.
Türk xalqları arasında təəssüf ki, istədiyimiz vəhdət yoxdur. Əgər olsaydı, o zaman türk xalqları Qarabağ dərdimizi özlərinin dərdi bilərdilər. Hə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyəcə Türk Dünyasını xilası da olmayacaq. Zənnimizcə, türk xalqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq. Daxillər aydınlığa çıxmasa, böyük mənada xalq yaranmasa, yəni imtinaçı, heç kəsdən asılı olmayan, özünəməxsus, tamamilə müstəqil düşüncəli fərdlər yetişməsə, fəlakətlərimizin miqyasını dərk edə və bu yöndə birgə addımlaya bilməyəcəyik.
Birliyimiz isə qaçılmazdır.
***
Tarixi gələnəklərimiz əsasında müəyyən təməlimiz var, bundan sonrakı dönəmdə çətin də olsa Türk Birliyimiz bu təməl üzərində qurulmalı və qorunmalıdır. Türk Birliyinin yenilməz təməlini yaradan qüdrət isə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışıdır. 35 ildir ki, Mütləqə İnam fəlsəfəsi meydandadır. İnam Atanın “On Kutsal Bitiq”i möhtəşəm Türk Dünyabaxışını nəinki təsdiq edir, yeni, bənzərsiz, xilas yönü yaradır, eləcə də Bəşərin ağgünlüyünü yaratmaq gücündədir.

Atamız var olsun!
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed