Şrift:
Azərbaycanda sərnişin qatarlarına biletlərin internet vasitəsilə satışına başlanılıb
21.11.2011 [13:23] - Köşə yazarları
Bu gündən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə onlayn rejimdə satışına start verilib.

“Azərbaycan Dəmir Yolları” bu sistemlə sərnişin kassaya yaxınlaşmadan QSC-nin saytının (www.railway.gov.az) onlayn bilet bölməsinə daxil olmaqla onlayn rejimi ilə istənilən qatara bilet sifariş edib plastik kartla ödəniş edə biləcək.Onlayn bilet satışı qatarın hərəkətinə 2 saat qalana qədər mümkündür.

Onlayn formada bilet almaq istəyən müştərilər əvvəlcə QSC-nin saytında (www.railway.gov.az) yaradılan satış sistemində istifadəçi kimi qeydiyyatdan keçməlidir. Bunun üçün vətəndaş qeydiyyat vərəqəsini doldurmalı, burda tələb olunan məlumatları düzgün yazmalıdır. Bura istifadəçi adı, parol, elektron ünvan, öz adı, soyadı, bileti aldığı sənədin adı (məsələn, şəxsiyyət vəsiqəsi və ya xarici pasport), bu sənədin məlumatları (seriyası və nömrəsi), vətəndaşın ünvanı, ev və ya mobil telefonu daxildir. Bundan sonra vətəndaş bu sistemdə istifadəçi kimi qeydiyyatdan keçmiş olur.

Biletin alınması üçün istifadəçi adı və parolundan istifadə edib sistemə daxil olmaq lazımdır. Vətəndaş burada əvvəlcə gediş tarixi, dəmiryolu ilə yola düşəcəyi başlanğıc və təyinat stansiyasının adını seçir. Düyməni vuranda bu istiqamətə gedən qatarların siyahısı görünür. İstifadəçi əvvəlcə getmək istədiyi qatarı, sonra isə vaqonun növünü seçir (kupe, plaskart və ya SV). Bundan sonra isə getmək istədiyi vaqonun nömrəsini, eləcə də burdakı yeri, kupenin nömrəsini, yuxarı və ya aşağı yeri seçə bilir. Əgər həmin yer boşdursa, müştəri qatarda mövcud olan yerlərdən istədiyini sifariş edib bilet ala bilər.

Müştəri seçimini edib təsdiqləyəndən sonra onun sifarişi ilə bağlı bütün məlumatlar (son vəziyyət) görünür və müştəri bu məlumatları bir daha yoxlamaq imkanı əldə edir. Müştəri məlumatları yoxlayıb düzgünlüyünə əmin olandan sonra plastik kart vasitəsilə ödənişi edir və biletin elektron variantı görünür. Eyni zamanda biletin elektron nüsxəsi müştərinin elektron ünvanına da göndərilir. Bu üsulla əks istiqamətdə də bilet almaq mümkündür.Bileti bu üsulla almış müştəri elektron biletin çap variantını götürərək qatara bir saat qalmış stansiyaya gəlməli, sənədlərini təqdim edərək biletini təsdiqləməlidir. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, gələcəkdə stansiyaya elektron nüsxəni və ya onun çap variantını gətirməyə ehtiyac qalmayacaq - vətəndaş sadəcə pasport və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə qatara əyləşə biləcək. Bu sistemlə biletləri hər gün saat 7:00-dan 23:00-dək əldə etmək mümkündür. Günün digər vaxtlarında sistem profilaktikaya dayanacaq.

Qaydalara görə, bir nəfər istifadəçi öz kodundan istifadə etməklə 4 nəfər üçün bilet ala bilər. Bir şərtlə ki, hamısına aid məlumatları yerləşdirsin. Elektron bilet uşaq üçün alınırsa, sərnişin burda uşağın yaşını göstərməlidir. 5 yaşına qədər uşaqlar üçün bilet pulsuzdur, 5-10 yaş üçün yarım bilet, 10-dan yuxarı tam bilet alınmalıdır.

Elektron biletləri də adi biletlər kimi, 10 gün öncədən almaq mümkündür. Yeri gəlmişkən, elektron bilet satışının tətbiqi ilə yanaşı, biletlərin adi qayda ilə satışı da davam edəcək. Bununla əlaqədar olaraq satış şəbəkəsi sistemi kassalarda da qurulub. Adi qaydada satılan biletlər barədə məlumatlar da dərhal sistemə daxil ediləcək ki, hansı yerlərin tutulduğu məlum olsun.

Könül Kamilqızı
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed