Şrift:
GÜNEY XƏBƏRLƏRİ
21.11.2011 [17:27] - Köşə yazarları
İran prezidentinin müdaxiləsindən sonra Əli Əkbər Cavanfikir həbsdən buraxılıb

İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbsdən azad olunub.

Hadisədən xəbər tutan Əhmədinejad şəhid ailələri ilə görüşü yarımçıq tərk edərək məsələyə müdaxilə edib. İran prezidentinin Ali Məhkəmənin sədri və baş prokurorla telefon danışığından sonra Tehran Məhkəməsinin Əli Əkbər Cavanfikir barəsində çıxardığı qərarın icrası müvəqqəti dayandırılıb və müşavir həbsdən buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehran vilayətinin prokurorunun qərarına əsasən İRNA dövlət xəbər agentliyinin və “İran” qəzetinin ofisində axtarış aparıblar. ETTELAAT əməkdaşları Əli Əkbər Cavanfikirin əl-qolunu qandallayaraq özləri ilə aparmaq istəyərkən insident baş verib. Nəticədə nazirlik işçiləri gözyaşardıcı qazdan istifadə ediblər. Bundan əlavə, müqavimət göstərənlərdən 7 nəfəri həbs olunub. Onların arasında “İran” qəzetinin məsul şəxsi Müseyib Nəimi də var.

Tehran Məhkəməsi Əli Əkbər Cavanfikirin bir il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm verib. Məhkəmə onun jurnalist fəaliyyətinə üç il qadağa qoyub. İran prezidentinin müşavirinə qarşı islam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları "Xatun" adlı xüsusi buraxılışda çap etmək ittihamı irəli sürülüb.

Əli Əkbər Cavanfikir barəsində belə bir qərarın çıxarılması onun İranda islahatçı qüvvələrə yaxın sayılan “Etimad” qəzetinə müsahibəsindən bir gün sonraya təsadüf edib. Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.

“Etimad” qəzetinin fəaliyyətinə isə 2 ay müddətinə qadağa qoyulub.

3 gün öncə Təbrizdə tutuqlanan milli-mədəni fəalların adları açıqlanıb

Noyabrin 18-i (abanın 27-i) bir qrup milli-mədəni fəal Təbrizdə yeni azadlığa buraxılmış azərbaycanlı fəalın görüşünə gediblər.
Onlar Mustafa Əvəzpurun evindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıblar.
Tutulanların kimliyi yenicə müəyyənləşib:
- Münirə Mehryar
- Behnam Anaxatun
- Behruz Kazemi İsfəncani
- Aydın Baqirzadə


Xatırladaq ki, Avqustun 24-ü iftar mərasimi zamanı tutulan azərbaycanlı fəalların bir neçəsi noyabrın 17-də azadlığa buraxılıblar. Mustafa Əvəzpur azadlığa buraxılan azərbaycanlı fəallardan biridir.


“SEPAH” RƏSMİSİ: “BİZİM ƏN BÖYÜK ARZULARIMIZDAN BİRİ İSRAİLİN İRANA HÜCUM ETMƏSİDİR”

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, “Sepah”ın Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə noyabrın 20-də jurnalistlərə açıqlamasında İsrail və Qərbin İrana qarşı mümkün hücumundan danışıb.
Əmirəli Hacızadə İsrailin İranla bağlı səhvə yol verməsini gözlədiklərini bildirib: “Bizim ən böyük arzularımızdan biri İsrailin İranla bağlı səhvə yol verməsi və İran İslam Respublikasına hücum etməsidir. İran çoxdandır ki, topladığı enerjini nəyəsə sərf etməyi və islam düşmənlərini həmişəlik tarixin arxivinə göndərməyi gözləyir”.
Əmirəli Hacızadə “Sepah”ın silah anbarında bir neçə gün əvvəl baş vermiş partlayışa da toxunub: “İsraillilər özləri də yaxşı bilirlər ki, bu hadisə silahları yerbəyer edərkən baş verib. Onlar çox da sevinməsinlər. Çünki “Sepah”da şəhid Tehrani Müqəddəm kimiləri çoxdur”.
Noyabrın 12-də paytaxt Tehranın 20 kilometrliyindəki Melard şəhərinin Bidqone məntəqəsində İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) məxsus böyük silah və hərbi sursat anbarında bilinməz səbəblər üzündən partlayış olub. Nəticədə 17 nəfər yerindəcə həlak olub, 16 nəfər yaralanıb. Hadisədə ölənlər arasında “Sepah” generalı Həsən Tehrani Müqəddəm də var.
Noyabrın 13-də jurnalistlərə açıqlama verən İsrailin müdafiə naziri Ehud Barak Tehranın yaxınlığında “Sepah”ın hərbi sursat anbarında baş vermiş partlayışdan sevindiyini bildirmişdi: “Bizdə “Sepah”ın hərbi silah anbarında


ƏHMƏDİNEJADIN MÜŞAVİRİ 1 İL HƏBSƏ MƏHKUM EDİLİB. ONUN MEDİA FƏALİYYƏTİNƏ İSƏ 3 İLLİK QADAĞA QOYULUB

İran prezidenti Mahmud Əhmədinejadın müşaviri, “İrna” xəbər agentliyinin icraçı direktoru və “İran” qəzetinin rəhbəri Əli Əkbər Cavanfikr 1 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda onun media sahəsindəki fəaliyyətinə 3 il qadağa qoyulub.
Tehran məhkəməsinin bu qərarı Cavanfikrin islahatçı “Etimad” qəzetinə verdiyi müsahibəsindən bir gün sonraya təsadüf edib. Əli Əkbər Cavanfikr həmin qəzetə müsahibəsində Əhmədinejadın hakimiyyət daxilindəki müxaliflərini və onların siyasətini kəskin tənqid etmişdi: “Bu cərəyan (mühafizəkarlar) hər kəsdən və hər şeydən qorxur. Onlar hökumət başçısının onları ifşa edəcəyindən vahimələniblər. Onlar (mühafizəkarlar) əgər düz deyirlərsə müstəqil və tərəfsiz bir qrupun onların daşınan və daşınmaz əmlakı və digər var-dövləti haqda bir hesabat hazırlamasına razılıq versinlər. Onlar prezident seçkisindən sonra hökumətdən pay tələb edirdilər. İndi də növbəti prezident seçkisinə plan cızırlar. Lakin onlar siyasəti uduzduqlarını hələ başa düşməyiblər”.
Əli Əkbər Cavanfikr bu müsahibədən əvvəl “Xatun” qəzetinə açıqlamasında ölkədə rəsmi hicab variantı kimi tanınan qara çadranı (çarşab) və onun rəngini tənqid edərək belə bir hicab növünün milli ənənəyə uyğun olmadığını, çarşabın haçansa xaricdən ölkəyə gətirildiyini bəyan etmişdi.
Tehran məhkəməsi Cvanfikr haqqında qərar çıxararkən onu yalan yaymaqda təqsirli bilib. Məhkəmə həmçinin “Etimad” qəzetinin fəaliyyətinə 2 ay müddətinə qadağa qoyub.


İRAN GENERALI İSRAİLİ PARTLAYIŞLARA HAZIRLAŞMAĞA ÇAĞIRIB

İran Silahlı Qüvvələri baş qərargah rəisinin müavini Məsud Cəzayeri jurnalistlərə açıqlamasında İsraili hədələyib.
İsrail rəsmilərinin “Sepah”ın hərbi sursat anbarında baş vermiş partlayışdan sevindiyinə toxunan Məsud Cəzayeri İsrail hökumətini paytaxt Tel-Əvivdə partlayışlar törədəcəkləri ilə təhdid edib: “Günahsız insanların öldürülməsindən sevinmək sionist İsrail kimi zülmkar rejimlərin mahiyyətini göstərir. Lakin burada bildirirəm ki, sionist rejim və israillilər Tel-Əvivdə və işğal olunmuş ərazilərin digər yerlərində dəhşətli partlayışların baş verəcəyi günü gözləsinlər və bu nigaranlıqdan qəmlənib ağlasınlar”.
Noyabrın 13-də jurnalistlərə açıqlama verən İsrailin müdafiə naziri Ehud Barak Tehranın yaxınlığında “Sepah”ın hərbi sursat anbarında baş vermiş partlayışdan sevindiyini bildirmişdi: “Bizdə “Sepah”ın hərbi silah anbarında baş vermiş partlayışın səbəbi və miqyası haqqında məlumat yoxdur. Lakin ümid edirik bu kimi partlayışların sayı çox olacaq”.
Noyabrın 12-də paytaxt Tehranın 20 kilometrliyindəki Melard şəhərinin Bidqone məntəqəsində İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) məxsus böyük silah və hərbi sursat anbarında bilinməz səbəblər üzündən partlayış olub. Nəticədə 17 nəfər yerindəcə həlak olub, 16 nəfər yaralanıb. Hadisədə ölənlər arasında “Sepah” generalı Həsən Tehrani Müqəddəm də var.


Milli-mədəni fəal Səid İbrahimzadə azadlığa buraxılıb

Azərbaycanlı milli-mədəni fəal Səid İbrahimzadə mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb.

Noyabrın 20-də azadlığa buraxılan milli-mədəni fəal təxminən 10000 dollarlıq mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

Xatırladaq ki, İbrahimzadə şəhrivərin 12-də Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşü zamanı, Təbrizin Rasta küçəsində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və bir müddət ETTELAATda işgəncə olduqdan sonra Təbriz zindanının Mali bölümünə köçürülmüşdür.


İSVEÇRƏ İRANA QARŞI SANKSİYALARI GÜCLƏNDİRDİ

İsveçrə hakimiyyəti İrana qarşı sanksiyaları gücləndirib. iqtisadi sanksiyaların tətbiq edildiyi təşkilat və şəxslərin siyahısında 111 şirkətin və 5 nəfərin, o cümlədən İranın Atom Enerjisi Təşkilatının bir neçə nümayəndəsinin adı var.
Sanksiyalar əsasən ikitəyinatlı malların, həmçinin nüvə silahının yayılması baxımından riskli hesab edilən avadanlıqların, texnologiyaların və proqram təminatının göndərilməsinə, əldə olunmasına qadağanı nəzərdə tutur.
Sanksiyalar fiziki və hüquqi şəxslərin vəsaitlərinin dondurulmasını da nəzərdə tutur.


İRAN XARİCİ İŞLƏR NAZİRİNİN İSVEÇRƏYƏ SƏFƏRİNƏ YASAQ QOYULDU

İsveçrə hökumətinin sanksiya tətbiq etdiyi iranlılar arasında İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi də varmış. Sanksiyaya əsasən, bundan sonra Salehinin İsveçrəyə səfəri yasaq edilir.
Noyabrın 18-də İsveçrə hökuməti İrana qarşı sanksiyaları gücləndirən qərar qəbul edib. 111 şirkətə və 5 nəfərə sanksiya qoyulub. Sanksiyaya məruz qalanlar arasında İranın Atom Enerjisi Təşkilatının nümayəndələri var. Əli Əkbər Salehi xarici işlər nazir olmamışdan qabaq İran Atom Enerjisi Təşkilatına rəhbərlik edib.
Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin vəsaitlərinin dondurulması da nəzərdə tutulur.


İRANDA MƏŞHUR İSRAİL YAZIÇISININ ROMANI BURAXILIB

İranda məşhur İsrail yazıçısı Amos Ozun Birdən-birə meşə ortasında adlı romanı fars dilində çıxıb.
Amos Oz jurnalistlərə açıqlamasında deyib ki, İranla İsrail arasında çaxnaşmanın gündən-günə dərinləşdiyi bir vaxtda əsərinin İranda buraxılmasına sevinir: “Əsərin tərcüməsi və çapı üçün məndən icazə alınmayıb, mənim və əvvəlki naşirin hüquqları nəzərdə tutulmayıb. İranda buraxılan kitabıma görə mənim hər hansı maddi umacağım yoxdur. Bu əməlin əslində bir oğurluq sayılmasına baxmayaraq mən kitabımın İranda buraxılmasına sevinirəm. Hesab edirəm ki, bu oğurluq mədəni bir fəaliyyətin ortaya çıxması, düşüncənin yayılması və insanlar arasında dialoqun başlanması ilə nəticələnib. Qoy bir-birimizlə bomba və təhdid dili ilə yox, kitab dili danışaq”


İRANLI DEPUTATIN BANK OĞURLUĞUNDA ƏLİ OLDUĞU BİLDİRİLİR

İran parlamentinin mühafizəkar deputatı Mahmud Əhmədi Biğəş noyabrın 17-də jurnalistlərə açıqlamasında İranın bank sistemi tarixində baş vermiş ən böyük oğurluqda 10 iranlı deputatın əli olduğunu bildirib.
Mahmud Əhmədi Biğəş İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvüdür.
Mahmud Əhmədi Biğəş deyib ki, bəzi iranlı deputatların 3 milyard dolların oğurlanmasında əli olduğuna zərrə qədər şübhə yeri qalmayıb: “İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei də həmin deputatların oğurluqda əli olduğunu təsdiqləyib. Biz İran Məhkəmə Sistemindən tələb edirik ki, oğurluqda rolu olan bu 10 deputatın adlarını mediaya açıqlasın. Çünki hazırda həmin məsələyə görə 290 deputat tənəyə məruz qalıb. Bu 10 deputatın adları nə qədər tez açıqlansa, oğurluğa görə ittihama məruz qalan digər deputatlar bəraət qazana bilərlər”.
2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.
İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə bağlı 33 nəfərin tutulduğunu bəyan edib.
İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri bu qalmaqala görə ötən ay istefaya gedib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.


Tanınmış azərbaycanlı fəal Əziz Purvəli azadlığa buraxılıb

Avqustun 24-ü Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan milli-mədəni fəalların arasında bulunan tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb.

Keçmiş xəbərrimizdə çatdırdığımız kimi, Əziz Purvəli bir neçə fikirdaşı ilə birlikdə noyabrın 17-i (abanın 26-ı) Təbriz zindanından azadlığa buraxılıb.

O, təxminən 50000 dollarlıq (50 milyon tümənlik) mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.


Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlayıb

Noyabrın 20-dən etibarən Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlayıb. Yeni televiziya kanalı “Heydərbaba” adlanır. HBTV brendi ilə efirə çıxan telekanal həftədə üç dəfə - cümə axşamı, cümə və şənbə günləri yerli “Rogers” televiziyasından Azərbaycan dilində yayımlanacaq. Kanadada siyasi mühacir kimi yaşayan, əslən İrandan olan azərbaycanlı fəallar tərəfindən təsis edilən telekanalın əsas məqsədi Azərbaycanın tarixi, musiqisi və mədəniyyətini yerli ictimaiyyətə tanıtmaqdır. Eyni zamanda HBTV İranda hüquqları pozulan azərbaycanlıların səsini Kanada cəmiyyətinə və dünyaya çatdırmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, “Rogers” televiziyasından digər bir Azərbaycan telekanalı AzCanTV də yayımlanır.


Güney AZƏRBAYCANLI JURNALİSTİN AZADLIĞI ÜÇÜN İMZATOPLAMA KAMPANİYASI BAŞLAYIB

Öyrənci: İranda həbsə alınmış tanınmış azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Davud Xudakərəminin azadlığı üçün imzatoplama kampaniyası başlayıb.

toplanılan imzalar beynəlxalq təşkilatlara ünvanlanacaq və həmin qurumlardan Davud Xudakərəmini azadlığa buraxması üçün İran hökumətinə təzyiq göstərməsi xahiş olunacaq.

Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 18-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Zəncan şəhərində küçədə tutularaq naməlum istiqamətdə aparılıb. Hazırda onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. Davud Xudakərəmi Zəncanda Azərbaycan və fars dillərində çıxan “Bayram” aylıq jurnalının əməkdaşıdır. Eyni zamanda azərbaycanlı jurnalist başqa qəzetlərlə də əməkdaşlıq edir.


“Amnesty İnternational” İranla bağlı BMT-yə müraciət edib

“Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) İranla bağlı BMT Baş Assambleyasına (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) müraciət ünvanlayıb.
Müraciətdə İranda insan hüquqlarının pozulması məsələsinin yenidən BMT Baş Assambleyasının gündəliyinə salınması xahiş olunur.
Məktubda 2005-ci ildən İran hökumətinin beynəlxalq təşkilatlarla əməkdaşlıqdan boyun qaçırdığı vurğulanaraq ölkədə insan haqları sahəsində vəziyyətin nəzarətdə saxlanılması və durumu yerində araşdırmaq üçün təftiş missiyası (görəv) göndərilməsi xahiş edilib.

Qeyd edək ki, BMT baş katibi Pan Ki Mun öz hesabatında İranda təqib və təzyiqlərin, həbslərin, işgəncələrin davam etdiyini bildirib. BMT-nin İran üzrə xüsusi məruzəçisi Əhməd Şəhid isə son hesabatında ilin əvvəlindən sentyabr (September) ayınadək bu ölkədə 500 nəfərin edam olunduğunu qeyd edib.


“Qırmız” dərgisinin 1-ci sayı nəşr olundu

Güney Azərbaycanı informasiya blokadasından qurtarmaq məqsədi ilə soydaşlarımız bütün vasitələrdə istifadə etməyə çalışırlar.
Artıq Güney Azərbaycanın kütləvi informasiya vasitələrinə daha bir nəşriyyədə əlavə olunub. “Qırmız” nəşriyyəsinin 1-cı sayı işıq üzü görüb.
Adını çəkdiyimiz nəşriyyəni aşağıdakı LİNKdən izləyə bilərsiniz:

http://www.qirmiz.com/Qirmiz/قیرمیزجا-24-آبان-1390/
Bu xəbər oxucular tərəfindən 1057 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed