Şrift:
“Çıraq” neft yatağında şamda yandırılan səmt qazının həcmi əsaslı şəkildə azaldılıb
26.08.2013 [14:47] - Gündəm, İqtisadiyyat
Bu barədə bazar ertəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən bildirilib.
"Əsrin müqaviləsi" üzrə "BP-Azərbaycan" şirkətinin operatorluğu ilə işlənilən "Azəri-Çıraq-Günəşli" yataqlar blokuna daxil olan "Çıraq" neft yatağında həyata keçirilən və Azərbaycan Prezidenti İlham Əliyevin "Ekologiya ili" çərçivəsində verdiyi tapşırığa uyğun olaraq icrasına başlanılmış layihə uğurla nəticələnib, şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldılmasına nail olunub.
Məlumatda deyilir ki, bu, ARDNŞ ilə "BP-Azərbaycan" şirkəti arasında hasilat zamanı ətraf mühitin qorunması sahəsində aparılan çoxillik əməkdaşlığın yeni bir nailiyyətidir: "Şamda yandırılan qazın həcminin azaldılması məqsədi ilə iki şirkətin 2010-cu ildə yaratdığı birgə işçi qrupu tərəfindən davamlı tədbirlər həyata keçirilmiş, "Çıraq" yatağındakı platformada qaz-yığım kompressorları rekonstruksiya olunmuş, orada yumşaq qoruyucu təhlükəsizlik divarı quraşdırılmış, eləcə də ARDNŞ-nin "Azneft" İB-nin istismarında olan "Neft Daşları"nda qaz qəbul sistemi təkmilləşdirilib".
Layihənin reallaşması həm iqtisadi səmərə, həm də atmosferin çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Hasil olunan qazın ümumi həcmində yandırılmaya yönələn hissə 2%-ədək endirilərək, sistemə yönəldilən qazın miqdarı artırılır ki, bu da ötən 20 il ərzində bu sahədə ən yaxşı göstəricidir. Digər tərəfdən, il ərzində iqlim dəyişməsinə təsir edən təqribən 265 min ton karbon qazı ekvivalentinin atmosferə atılmasının qarşısı alınmış olur.

ARDNŞ və "BP-Azərbaycan" şirkətləri əldə olunmuş bu nailiyyətlə kifayətlənmir, qazanılan uğurları gələcəkdə inkişaf etdirmək məqsədi ilə birgə səylərini daha da artırırlar. Mövcud əməkdaşlıq çərçivəsində səmt qazının şamda yandırılmasını aradan qaldırmaq üçün ən son texnologiya tətbiq olunur. ARDNŞ və "BP-Azərbaycan" şirkətləri şamda yandırmanın sıfır səviyyəsinə endirilməsi istiqamətində işlərini bundan sonra da davam etdirəcəkdir.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed