Şrift:
«İnama doğru»nun 3 yaşı kutlanıb
08.09.2013 [21:24] - Gündəm, Sosial
31 İstək günü, Söngü ayı, 35-ci ildə (31.8.2013) Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evində «İnama Doğru» dərgisinin 3 yaşı kutlanıb, dərgi ilə bağlı fikir bölüşmələri olub.
Ocağın Ruhani Başçısı Safruh dərgini belə dəyərləndirib:
“”İnama doğru”nun üç yaşı tamam olur. Yaranma, formalaşma, oturuşma illəri oldu bu üç il. Özümlük, ulusallıq, Mütləqə İnam baxışı üstə mənəviyyat harayı çəkən bir nəşr kimi özünü tanıtdı bu illərdə “İnama doğru”. Yaranmasını, necə qarşılanacağını, necə bacaracağımızı həyəcanla gözlədiyimiz dərgimiz baş tutdu. Sevgimizi qazandı, silahdaşımız, çiyindaşımız oldu. Öz miqyaslarımızda gur səsimiz oldu “İnama doğru”. Bizim inadlı, inamlı sevgilərimiz dərgimizi xalqımızın da sevməsinin başlanğıcı oldu.
Qardaşımız, ruhani qurucu Yolruh Atalının gecə-gündüz zəhmətini çəkdiyi “İnama doğru” dərgisi türkün mədəniyyət tarixinə ruhani imzamız kimi daxil oldu.
Ayda bir dəfə çıxan bu balaca dərgi vasitəsilə biz dünyanın Yerə-Göyə sığmayan mənəviyyatsızlığına sinə gərdik, dayana bildik. Dünyanın möhtəşəm parıltıları gözümüzü qamaşdırmadı. Kökümüzdən, ulusal ərdəmliyimizdən tük boyda güzəştə getmədik. İnamsızlığa doğru çağırışdan “İnama doğru” dönüşünü yaratdıq. İnam Atamıza müjdə olsun! Ulusumuza müjdə olsun! Əsillik və mənəviyyat həsrətlilərinə müjdə olsun! Atamız var olsun!”
Ocaq Yükümlüsü İşıqlı Atalı dərginin tarixi önəmini belə dilə gətirib: “”İnama Doğru” Türkün ilk Ruhaniyyat Ocağının aylıq dövri dərgisidir. Dərginin üç yaşında sayğılı oxucularımıza 36-cı sayımızı sunuruq. «İnama Doğru»nun başlıca konusu İnsandır, Türk Ruhaniyyatının – Mütləqə İnamın gəlişinin izharıdır, ömürləşmə gedişlərinin sunulmasıdır.”
«İnama Doğru»nun redaktoru Yolruh Atalı dərginin yaranma gərəkliyini belə əsaslandırıb: ““İnama doğru” yaranmalıydı. Hələ Ocağın 10-cu ilində İnam Atamız “Məbəd” adlı dərginin çıxarılması haqqında Evladlara ruhsal bəlgə yazıb. Dərgi 11-ci ilin Ata ayından nəşrə başlamalı idi. Biz isə bunu 21 ildən sonra gerçəkləşdirdik: Ocağın 32-ci ilinin Ata ayından “İnama doğru” dərgisini çıxarmağa başladıq.”
İnamçımız Məhərrəm Şəmkirli bildirib: “”İnama doğru» fədakarlıqdan yaranıb. Ocaqçıları kutlayıram. Hələ də təsəvvür edə bilmirəm ki, pulsuz bir qurum oxuculara bunu necə pulsuz paylaya bilir? Dərginin sayları diqqətlə oxunur. Çox qəzetlərin bacarmadığı fədakarlığı bacarır. Dərgidə Ocaq dostlarının da yazıları çap olunur».
Tanınmış ədəbiyyatşünas-publisist Maarif Teymurun fikrincə, «İnama Doğru»nun insanlıq soraqçısı olması çağımızın ən gərəkli mənəviyyat işidir.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed