Şrift:
Bakıda qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək saxlanılan iş adamı sərbəst buraxılıb
22.11.2011 [11:06] - Köşə yazarları
Bakıda qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək saxlanılan iş adamı sərbəst buraxılıb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli məlumat verib. Onun sözlərinə görə, 51 yaşlı Rüstəm Nuru oğlu Səfərov prokuror təqdimat vermədiyi üçün məhkəməyə çıxarılmayıb və sərbəst buraxılıb. Bununla belə, A. Nəzərli qeyd edib ki, R. Səfərovun qanunsuz silah gəzdirməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Hövsan qəsəbə sakini Rüstəm Nuru oğlu Səfərov qanunsuz silah saxlamaqda təqsirli bilinərək noyabrın 21-də saxlanılıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində ondan 15 il qanunsuz gəzdirdiyi “Naqan” tipli tapança güllələri ilə birgə aşkar edilərək götürülüb.

Polisdən həmçinin bildirilib ki, saxlanılan R. Səfərov Bakıda böyük ticarət obyektlərinin sahibidir.

Hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi də məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Hövsan qəsəbəsi Çöllük küçəsində yaşayan Rüstəm Səfərovun həyətində yerləşən qarajdan 6 ədəd patronu ilə birlikdə 7,62 mm çaplı baraban tipli tapança aşkar edilərək götürülüb.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed