Şrift:
Azərbaycan "distant təhsil" sistemə hazırdırmı
09.09.2013 [00:04] - Gündəm, Gənclik
Məlum olduğu kimi, Azərbaycanda qiyabi ali təhsil sistemi ləğv olunacaq. Bu məsələ 2015-ci ildə öz həllini tapmalıdır. Qiyabi təhsilin distant təhsil sistemi ilə əvəz olunacağı deyilir. Məlumat üçün bildirək ki, qiyabi təhsil sistemi sovet dövrünün məhsuludur. Vaxtilə istehsalat sahəsində çalışan fəhlələrin iş fəaliyyətini davam etdirməklə bərabər ali təhsil almalarına yardımçı olmaq üçün qiyabi təhsil sistemi yarandı. Artıq Avropa və ABŞ-da qiyabi təhsil sistemi distant təhsillə əvəz olunub. Məlumat üçün bildirək ki, distant təhsil sistemi ilk dəfə keçən əsrin 70-ci illərində ABŞ-da tətbiq olunub.
Məlumata görə, həmin ölkələrdə distant təhsil sistemi tətbiq olunandan sonra təhsilin səviyyəsi yüksəlib. Bəs görəsən, Azərbaycan distant təhsilə keçməyə hazırdırmı?
Təhsil eksperti Etibar Əliyev "Davam"az saytına açıqlamasında qeyd etdi ki, ölkəmiz distant təhsilin tətbiqinə hələ hazır deyil: "Qiyabi təhsilin ləğv olunması müsbət haldır. Hələ Azərbaycan bu məsələdə gecikib. Qiyabi təhsil ölkəmizdə rüşvət mənbəyi kimi yaddaşlarda qalıb. Bu sahə üzrə təhsil alan mütəxəssislər sonradan kadr hazırlığında cəmiyyətə ciddi nəsə verə bilməyib. Qiyabi təhsil alanlar dinamik şəkildə, operativ təhsil ala bilmir. Bu nöqteyi-nəzərdən qiyabi təhsilin distant təhsillə əvəz olunması zəruridir. Əslində distant təhsilə Boloniya təhsil sisteminə qoşulan kimi keçməli idik. Azərbaycan 2002-ci ildən Boloniya təhsil sisteminə qoşulub, bu mənada distant təhsillə bağlı 10 il geri qalmışıq. Distant təhsil innovativ vasitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı olaraq dünya təhsil sistemində gündəmə gələn məsələdir. Qiyabi təhsil forması Avropada da olub. Köhnə qitədə keçən əsrin sonlarına qədər bu təhsil sistemi mövcud idi. Amma Qərb dünyasında innovativ vasitə və yeniliklər ölkəmizlə müqayisədə daha tez tətbiq olunduğundan, köhnə dünya dövlətləri daha tez bir zamanda distant təhsilə qədəm qoydu. Distant təhsil həm də əlil, şikəst insanların təhsil alması üçün də hesablanıb. Artıq texnoloji avadanlıqlar həyatımıza müdaxilə etdiyindən, əyani təhsil alanların əksəriyyəti də kompyuter texnologiyasından faydalanaraq ona lazım olan elmi ədəbiyyat, praktiki, seminar materialları və elmi işləri əldə etməyə qadirdir. Amma 2015-ci ildə distant təhsilə qoşulmağımız dünya təhsil sistemilə müqayisədə ləngiməyimiz deməkdir. Azərbaycan kompyuter avadanlığı, internet xidməti nöqteyi-nəzərindən obyekt olaraq distant təhsilə hələ hazır deyil. Bunun üçün subyektlər var, amma obyektiv səbəblər baxımından prosesə hazır deyilik. Kompyuter avadanlığının alınması, sürətli internet xidmətinə keçid, provayderlərin işi nöqteyi-nəzərindən prosesə tam hazır olmağımız lazımdır".
Həmsöhbətimiz qeyd etdi ki, ölkəmiz distant təhsilə keçmək üçün hələ tam hazır deyil. Bunun üçün müəllim və tələbə kontingenti arasında təlimlər keçirilməli, İKT geniş surətdə bölgələrdə də tətbiq olunmalıdır: "Distant təhsilə keçid informasiya-kommunikasiya texnologiyalarından daha səmərəli istifadə edən ölkələr üçün daha asandır. Azərbaycanın hər hansı bir rayonundan tələbə internet vasitəsilə dərsə qoşulmalı, sessiyada iştirak etməli, skayp vasitəsilə hər hansı bir komissiyaya imtahan verməlidir. Heç şübhəsiz ki, burada neqativ halların artma ehtimalı çoxalır. Müəllim tələbəyə materialları göndərərək onun həlli üçün müəyyən vaxt verir. Tələbə həmin materialları yerinə yetirib yenidən müəllimə yazır. Bu zaman da hər hansı bir formal hərəkətlərə yol verilə bilər. Ona görə də bu məsələyə nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Azərbaycan rayonlarında sürətli internet təminatı olmalıdır. Tələbə və müəllim prosesə qoşularkən yalnız mütəxəssis hazırlamaq amilini önə çəkməlidir. Burada qeyri-şəffaflıq və hansısa formalizmə yol vermək olmaz. Belə olduqda distant təhsil tez bir zamanda nüfuzdan salınar. Distant təhsilə ilk dəfə ABŞ-ın Finiks Universiteti keçib. Hazırda bu universitetin 2 milyona yaxın distant təhsil üzrə təhsil alan tələbəsi var. ABŞ-da distant təhsilə çinlilər də qoşulur, hətta azərbaycanlılar da qoşula bilər. Şübhəsiz, distant təhsilə keçid həddən artıq mürəkkəb prosesdir. Proqram təminatı, sistemə adaptasiya olunmaq baxımından elə də sadə proses deyil. Bu yöndə universitetlərdə ciddi islahatlara ehtiyac yaranır. Distant təhsillə bağlı tələbə və müəllimlərə təlimlər də keçirilməlidir. Distant təhsil yeni cəmiyyətin tələbidir, ondan geri qalmaq olmaz".
Ayten İsaqızı
Bu xəbər oxucular tərəfindən 1556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed