Şrift:
176 min mal-qara bunya-virusa yoluxub
09.09.2013 [00:03] - Gündəm, Sağlıq
Son vaxtlar bir sıra aran rayonlarında heyvanlar arasında yeni xəstəlik yayılıb ki, bu da həm fermerləri, həm də mal-qara sahiblərini ciddi narahat edir. Məsələ ondadır ki, rayonlarda iribuynuzlu mal-qara arasında fermerlərə məlum olmayan təhlükəli xəstəlik yayılıb. Dövlət Baytarlıq Xidmətinin nümayəndələrinin heyvanlardan götürdükləri qan nümunələrinin analizi nəticəsində bu xəstəliyin bunyavirus ailəsinə məxsus olan virus azarı olduğu güman edilir. Belə ki, sözügedən xəstəlik heyvanlarda qanın qatılaşması, hərarətin qalxması, balasalma, ölü bala doğulması, sinir sisteminin pozulması ilə özünü göstərir. Xəstəliyin daşıyıcısı ağcaqanad, digər qansoran həşəratlar hesab olunur. Adıçəkilən xəstəlik heyvanlara ağcaqanadlar, qansoran həşəratlar, gənələr vasitəsilə keçə bilir. Virusun geniş yayılmasının yay ayına təsadüf etməsi heyvanların daha çox ağcaqanadlar vasitəsilə virusa yoluxmasını deməyə əsas verir. Maraqlıdır, heyvanlar arasında yayılan bu xəstəliyin kökü haradan qaynaqlanır? Bunun daha da genişlənməsinin qarşısını almaq üçün nə kimi profilaktik xarakterli tədbirlərin görülməsinə ehtiyac var?
Qeyd edək ki, Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) iribuynuzlu heyvanlar arasında yayılan bunyavirus xəstəliyi ilə ötən gün mətbuat konfransı keçirib.
DBX-nin sektor müdiri Ramiz Salmanov bildirib ki, bu xəstəliyə yoluxan heyvanlara ilkin baytarlıq yardımı etmək məqsədi ilə preparatlar sifariş olunub: "Biz lazım olan preparatların siyahısını Səhiyyə Nazirliyinə təqdim etmişik. Problem yaranan yerlərə həmin dərmanlar çatdırılacaq”.
R. Salmanov vətəndaşlara müraciət edərək bildirib ki, bu dərmanlar çox da bahalı deyil: “Həmin dərmanları apteklərdən alıb heyvanlarını müalicə etsinlər. Həmin preparatların ən bahalısı 2 manatdır. Ölən heyvanların da ətindən istifadəni məsləhət görmürük. Eyni zamanda insanlar 3 günə sağalan heyvanları kəsməsinlər, çünki bu virus xəstəliyinin müalicəsi xeyli davam edir”.
DBX təmsilçisi 176 000 heyvanın bu virusa yoluxduğunu, 52 baş heyvanın öldüyünü, 59 baş heyvanda isə balasalma olduğunu açıqlayıb: “Amma bu ölüm halları həmin virusla bağlı olmayıb. Mən tam əminliklə deyə bilərəm ki, ölən heyvanlar qızdırma xəstəliyindən ölüb".
O da qeyd olunub ki, mal-qara əti bazarlara təhvil verilməmişdən əvvəl ciddi şəkildə yoxlanılacaq. Hazırda bu istiqamətdə DBX gücləndirilmiş iş rejiminə keçib.

Günel Cəlilova davam.az
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed