Şrift:
Ermənistan tarixinin milli şərəfsizlik günü
13.09.2013 [12:22] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
İşğalçı ölkənin KİV-ləri bunu açıq şəkildə etiraf edir

Ağır sosial-iqtisadi, repressiv durum üzündən Ermənistanı tərk edənlərin sayının sürətlə artması beynəlxalq miqyasda da açıq etiraf olunur. Bu xüsusda o da heç kimə sirr deyil ki, erməni hökumətinin ölkədə yaşayan vətəndaşların sayı ilə bağlı təqdim etdiyi statistik rəqəmlər reallıqdan çox uzaqdır. Xatırladaq ki, bunu Rusiya Prezidenti Vladimir Putinin bir neçə ay bundan əvvəl keçirdiyi görüşlərin birində ermənilərlə bağlı səsləndirdiyi fikirlər də təsdiq edir.

Belə ki, Rusiya Erməniləri İttifaqının təmsilçisi ilə polemikasında adıçəkilən erməni qurumunun rəhbəri Rusiyada 2,5 milyon erməninin yaşadığını deyən zaman Vladimir Putin onun sözünü kəsərək ironiya ilə belə bir sual verib: "Bəs Ermənistanda nə qədər erməni yaşayır?" Erməni qurumunun rəhbəri 3,2 milyon desə də, Putin onun dedikləri ilə razılaşmayaraq faktiki Ermənistanda nə qədər erməninin yaşadığını soruşub. Aldığı cavabla qane olmayan Putin bildirib ki, Ermənistanın statistikası 3,2 milyon erməninin yaşadığını desə də, bu, yanlış rəqəmdir. "Biz bilirik ki, bu rəqəmlər şişirdilmiş rəqəmlərdir".

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan barəsində bu həqiqəti bəyan edən Rusiya Prezidentinin sentyabrın ortalarında bu ölkəyə planlaşdırdığı səfəri də təxirə salınıb. "Azq" qəzetinə məlumat verən Kremlə yaxın mənbənin sözlərinə görə, Putin Ermənistandan istədiyi hər şeyi alıb: "Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya son səfərində Putin istədiyini ala bildi. Ona görə Putinin Ermənistana getməsinə ehtiyac yoxdur".

Qeyd edək ki, Serj Sarkisyanın Moskvaya son səfərində Ermənistan Gömrük İttifaqına daxil olması barədə razılığını verdi. Bununla da Avropa Birliyi ilə münasibətlərə ciddi zərbə vurdu. Buna qarşı edilən narazılıqları səngitmək üçün erməni iqtidarının uydurduğu yalanlara isə xalq inanmır.

Ermənistanın enerji və təbii sərvətlər naziri Armen Movsisyan isə bildirir ki, Gömrük İttifaqına daxil olmaq ölkənin lehinədir. Bunu sübut etmək üçün o göstərib ki, Ermənistanla Rusiya təbii qazın satış qiyməti ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, bununla bağlı Ermənistanın Gömrük İttifaqına daxil olması ərəfəsində, konkret Serj Sarkisyanın Moskvaya son səfərində razılığa gəlinib.

Movsisyan tezliklə qaz təchizatı ilə bağlı müqavilə imzalanacağını bildirib. Nazir müqavilədə təbii qazın qiyməti barədə heç nə deməyib. Lakin o məlumdur ki, cari ilin 7 iyulundan sonra Rusiya Ermənistana satdığı təbii qazın qiymətini 189 dollardan 270 dollaradək artırıb. Bu isə il ərzində Ermənistan büdcəsini 150 milyon dollar ziyana salacaq. Razılığın da bununla bağlı imzalanması gözlənilir. Deməli, Ermənistanın Gömrük İttifaqına daxil olması heç nəyi dəyişməyib. Əksinə, ölkə forpost imicini möhkəmləndirib.

"Lragir" qəzeti bununla bağlı yazır: "Hər hansı başqa dövlətdə bu cür biabırçılıqdan sonra milli ləyaqət hissi güclənərdi. Ermənistanda isə bu biabırçılıqla hamı çox asanlıqla barışdı, hətta bundan ləzzət almağa başladı. Hakimiyyətdə olanların heç biri istefa vermədi, heç kəs demədi ki, məcburi şəkildə qəbul edilmiş qərarları tanımır. Görünür, nəyisə məcburiyyət üzündən etmək Ermənistan elitası üçün təzə məsələ deyil və onun "tərəfdaşları" da bunu yaxşı başa düşürlər. Məsələ təkcə onda deyildir ki, bizim Avropa İttifaqı üzrə artıq hazır olan sazişi imzalamağımıza imkan vermədilər. Məsələ hətta onda da deyildir ki, bizi əslində mövcud olmayan Avrasiya İttifaqına zorla qovub saldılar. Məsələ ondadır ki, bizimlə alçaldıcı, təhqiramiz şəkildə rəftar etdilər, bu ittifaqda bizim üzvlüyümüzün necə olacağını göstərdilər. Gəlin heç olmasa bu alçaldılmanı ləyaqətlə qarşılayaq, səsimizi çıxarmayaq, özümüzü elə göstərməyək ki, guya heç nə olmayıb. Onsuz da 3 sentyabr günü tarixdə bizim milli şərəfsizlik günü kimi qalacaqdır. Həmin gün qərar qəbul edənlər hələ uzun illər boyu bu qərara görə özlərinə haqq qazandırmağa çalışacaqlar".

Ermənistanın Gömrük İttifaqına üzv olmasından sonra işğalçı ölkənin prezidenti Serj Sarkisyan siyasətçilər tərəfindən də ələ salınır. Belə ki, hər gün onun Moskvanın nökəri olması barədə eyhamlar atılır, barəsində ironik yazılar yazılır. Məsələn, keçmiş siyasi məhbus, Erməni Milli Konqresinin keçmiş üzvü Sarqis Atspanyan deyib ki, o, S.Sarkisyanı prezident saymır: "O, Rusiyanın bura təyin etdiyi qubernatordur. Biz ərazimizi Rusiyaya təslim etmişik. Mən Sarkisyanı prezident saymıram. Əgər Putin bu gecə Sarkisyana zəng edib desə ki yatma, Serj əsla yatmaz və bu da məni təəccübləndirməz. Bu, sadəcə, biabırçılıqdır".

Etiraz aksiyalarını hakimiyyət ən zorakı üsullarla yatırır

Ermənistanın Rusiyanın təklifi ilə Gömrük İttifaqına daxil olması Avropa İttifaqında birmənalı qarşılanmayıb. Qurum Ermənistanla nəzərdə tutulan assosiativ razılaşmaları nəzərdən keçirməyəcəyini bəyan edib. Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Füle bildirib ki, Ermənistan Gömrük İttifaqına qoşulduğu üçün noyabr ayında bu ölkə ilə Vilnüsdə keçirilməsi nəzərdə tutulan assosiativ razılaşma barədə danışıqlar baş tutmayacaq.

Bütün bunlara görə isə hakimiyyətə qarşı etiraz aksiyaları artır. Lakin əvvəlki kimi, etiraz aksiyalarını hakimiyyət ən zorakı üsullarla yatırır. Məhz bu səbəbdəndir ki, ATƏT-in Yerevan ofisinin rəhbəri səfir Andrey Sorokin Ermənistanda vətəndaş cəmiyyətinin fəallarına qarşı zorakılıq halları ilə bağlı öz narahatlığını bildirib.

Bununla bağlı Sorokinin bəyanatında bildirilir: "Mən Yerevanda etiraz aksiyaları zamanı dinc toplanma hüququnun pozulmasından, zorakılıqdan və nümayişçilərə əsaslandırılmamış təzyiqlər edilməsindən narahatam".

Eləcə də ATƏT-in Yerevan ofisinin rəhbəri sentyabrın 5-də dinc vətəndaş fəallarına qarşı edilən təzyiq və fiziki zorakılıq hallarını xatırladıb. Xatırladaq ki, fəallar paytaxtın mərkəzi küçələrindən birində naməlum şəxslər tərəfindən döyülüblər. Sorokin qeyd edib ki, bu adamların vurduqları bədən xəsarətlərindən başqa belə insidentlər vətəndaş maraqlarına və ictimai atmosferə mənfi təsir göstərə bilər. ATƏT-in Yerevan ofisinin rəhbəri lazımi səviyyədə təhqiqatlar aparılmasının vacib olduğunu vurğulayıb və hüquq-mühafizə orqanlarını bu istiqamətdə təcili addımlar atmağa çağırıb: "Ədalət mühakiməsinin vaxtında həyata keçirilməsi və cinayətkarların aşkara çıxarılması cəmiyyətdə dövlət strukturlarına etimadın qorunub saxlanmasına kömək edəcək".

Bütün bunlar bir daha Ermənistanda sosial-iqtisadi və siyasi vəziyyətin ağır olduğunu göstərir.
Bu xəbər oxucular tərəfindən 1315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed