Şrift:
İran prezidentinin xüsusi nümayəndəsi: Tehran Xəzərin hüquqi statusuna dair ikitərəfli müqavilələri etibarlı saymır
14.09.2013 [14:40] - Gündəm, Siyasət
“Xəzər dənizində fövqəladə hallarda sahilyanı ölkələrin təcili yardım göstərməsini özündə ehtiva edən konvensiyanın hazırlanması ilə bağlı danışıqlar aparırıq”


İran prezidentinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Bakı şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun keçirdiyi 33-cü iclasdan danışıb.



İRİB-in verdiyi məlumata görə, M. Axundzadə bildirib ki, yığıncaqda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar: “Ortaq fikirlər ixtilaflarla müqayisədə daha çoxdur. Yığıncaqda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 34-cü iclasının Moskvada keçirilməsi qərarına gəldik. Bundan sonra Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin, həmçinin prezidentlərinin dördüncü toplantısı keçiriləcək”.



Onun sözlərinə görə, rəsmi Tehran Xəzər dənizinin hüquqi statusu müəyyənləşdirilməyənədək 1921 və 1940-cı illərdə İranla SSRİ arasında bağlanmış müqavilələri etibarlı sayır: “İran hansısa ikitərəfli müqavilələri etibarlı saymır”.



M. Axundzadə deyib ki, Xəzərin İran sahilində 6 milyon insan yaşayır: “Xəzər dənizində çirklənmə və ətraf mühitə təhlükə bu insanların yaşam tərzinə təsir göstərir. Biz sahilyanı ölkələri Tehran Konvensiyasının müddəalarına uyğun olaraq ətraf mühitin qorunub saxlanılmasında ciddi səy göstərməyə çağırırıq. Hazırda Türkmənistanda yeni konvensiyanın hazırlanması ilə bağlı danışıqlar aparırıq. Bu konvensiya Xəzər dənizində fövqəladə hallarda sahilyanı ölkələrin təcili yardım göstərməsini özündə ehtiva edir. Çünki hazırda dənizdəki neft quyularından birində baş vermiş fövqəladə hadisəyə şahidik. İran Xəzərdəki çirklənmənin qarşısının alınması üçün digər sahilyanı ölkələrə yardım göstərməyə hazırdır. Biz bu sahədə beynəlxalq təşkilatlarda xeyli təcrübəyə malikik”.



Xüsusi nümayəndə vurğulayıb ki, Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir: “Bu gün dünyada baş verən xoşagəlməz hadisələrə hamımız şahidik. Xəzərin indiki sabitliyi və təhlükəsizliyi sahilyanı ölkələrin qarşılıqlı ehtiramı, əməkdaşlığı və həmin dövlətlərin rəhbərlərinin müdrikliyinin nəticəsidir. Biz xarici qüvvələrin bölgənin təhlükəsizliyinə xələl vurmasına icazə verməməliyik”.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed